Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 19:27

Bakı Vaşinqtona nümayəndə göndərməkdən imtina etdi


ABŞ Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır
ABŞ Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır
Azərbaycan hökuməti aprelin 23-24-də ikitərəfli təhlükəsizlik məsləhətləşmələri üçün Azərbaycan nümayəndə heyətinin Vaşinqtona səfərini təxirə salıb.

Azərbaycanın XİN-dən yayılan bəyanata görə, buna səbəb ABŞ Dövlət Departamentinin 2006-cı il üçün İnsan Hüquqları üzrə hesabatında bəzi düzəlişlər etməsi olub. Belə ki, ABŞ Dövlət Departamenti həmin sənədinin ilkin variantında Qarabağ münaqişəsindən bəhs edərkən «Ermənistan Dağlıq Qarabağ və Azərbaycanın yeddi rayonunu işğal edib» yazıb. Düzəlişdən sonra isə həmin cümlə bu şəkildə verilib: «Erməni hərbi qüvvələri Dağlıq Qarabağa bitişik Azərbaycan ərazisinin böyük hissəsini işğalda saxlayır».


Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, artıq dərc edilmiş məruzənin mətnində münaqişənin mahiyyətini təhrif edən düzəlişlərin edilməsi «ağlabatmazdır» və ABŞ-ın münaqişənin həllində «bitərəf vasitəçi» mövqeyini şübhə altına salır.


XİN hesab edir ki, bu addım iki ölkə arasında təhlükəsizlik sahəsində gələcək əməkdaşlıq üçün ciddi maneələr yarada bilər.


ABŞ-ın Azərbaycandakı səfirliyi də aprelin 22-də bəyanat yayıb. Sənəddə qısaca olaraq bildirilir ki, ABŞ Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır və öz dəstəyini bir daha təsdiq edir. Səfirlik ABŞ-ın Dağlıq Qarabağı yalnız Azərbaycanın ərazisi kimi tanıdığını bir daha qeyd edir.


XS
SM
MD
LG