Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:14

Əsirliyin faydası


Evə qayıdandan sonra dənizçilər dərhal əsirlikdə verdikləri etiraflardan imtina ediblər
Evə qayıdandan sonra dənizçilər dərhal əsirlikdə verdikləri etiraflardan imtina ediblər

İranda iki həftə əsirlikdə qalmış Britaniya dənizçilərinə öz hekayələrini kütləvi informasiya vasitələrinə satmağa icazə veriləcək.


Bu haqda aprelin 7-də Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat verib.


Adətən hərbçilərin pul alaraq media ilə ünsiyyət saxlamaları qadağan olunur. Nazirliyin nümayəndəsinin dediyinə görə, belə bir qərar müstəsna hal kimi, yəni kütləvi informasiya vasitələrinin Britaniya dənizçilərinin başına gələnlərə marağının böyük olmasına görə verilib.


Bəzi Qərb qəzetlərinin məlumatına görə, keçmiş əsirlər 250 min funt sterlinqə (490 min dollara) qədər pul qazana bilərlər.


15 əsir dənizçi arasında yeganə qadın - Fey Terninin hekayəsi ən «bahalı» sayılır. Onun hekayəsindən istifadə hüququ 150 min funt sterlinq məbləğində qiymətləndirilir.


Əsirlikdən dönmüş dənizçilərdən biri, çavuş Din Harris «Sunday Times» qəzetinə bildirib: «Mən 70 min istəyirəm. Bu qədər də başqalarına təklif edirdilər, mənə belə deyiblər. Mən bilirəm ki, Feyə daha çox təklif ediblər. Amma mən bu pullara layiqəm, çünki mən sınmayan iki nəfərdən biriyəm».


Harris « sınmaq » deyəndə İranda olarkən dənizçilərdən bir neçəsinin etiraf ifadələrinə eyham vurur. İran televiziyası onların həmin ifadələrini nümayiş etdirmişdi. Onlar xəritədə tutulduqları rayonu göstərərək, İranın ərazi sularında həbs olunduqlarını deyir, buna görə Tehrandan üzr istəyirdilər.


«Sunday Times» yazır ki, azad olunandan sonra dənizçilərin hamısının psixoloji vəziyyəti eyni deyildi. Onların bəzilərinin vəziyyəti normala yaxın olsa da, bəziləri açıq-aydın taqətdən düşmüş kimi görünürdülər. Müşahidəçilər bu vəziyyəti onların hərəsi ilə bir cür rəftar olunması kimi izah edirlər.


Evə qayıdandan sonra dənizçilər dərhal əsirlikdə verdikləri etiraflardan imtina edib, bu ifadələri təzyiq altında verdiklərini deyiblər. İranın xarici İşlər Nazirliyinin nümayəndəsi isə bu təkzibləri «təbliğat və uydurulmuş şou» adlandırıb.


Britaniya siyasətçiləri və hərbçilərinin bəziləri Müdafiə Nazirliyinin həmin dənizçilərin öz hekayətlərini satmalarına icazə verən qərarından heyrətləndiklərini bildiriblər. Onlar deyirlər ki, İran sərhədçilərinin Britaniya hərbçilərini saxlaması ölkənin fəxr edə biləcəyi hadisə deyil.



Britaniya qoşunlarının Bosniyadakı komandanı Bob Stüart: «Məni dəhşət bürüyür ki, Müdafiə Nazirliyi onların hərbi fəlakətdən fayda götürmələrinə xeyir-dua verib. Onların bəzisi özlərini lap tele-ulduz kimi aparır»




İraqda hərbi xidmətdə olan 15 Britaniya dənizçisini İran əsgərləri martın 23-də saxlamışdılar. Tehran onların İran sularında, London isə İraq sularında saxlandığını deyirdi. İki ölkə arasında mübahisənin kəskinləşdiyi bir vaxtda – aprelin 4-də İran prezidenti Mahmud Əhmədinejad onları «bağışladığını» deyərək evlərinə buraxdı.



AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG