Ukraynanın Baş naziri Viktor Yanukoviç prezident Yuşşenkonu Konstitusiya Məhkəməsinin sədrinə təzyiq etməkdə təqsirləndirib.
Hökumətin iclasında Yanukoviç deyib ki, vaxtından qabaq parlament seçkilərinə hazırlıq Konstitusiya Məhkəməsinin qərarına qədər başlamayacaq. Məhkəmə Ali Radanın buraxılmasına dair prezident sərəncamının qanuniliyini qiymətləndirməlidir.
Ukraynanın Baş Prokurorluğu parlamentin buraxılması haqqında sərəncamdan sonra Ali Radanın qərarlarının qanuniliyini yoxlamaq haqqında Yuşşenkonun tapşırığını yerinə yetirməkdən imtina edib.
Regionlardan Kiyevə hakim koalisiyanın tərəfdarları gəlməkdə davam edir. Şəhərin mərkəzində çadırlar quraşdırılır. «Müstəqillik» meydanında ikinci gündür mitinq keçirilir.
Bu arada Polşa və Estoniyanın prezidentləri Varşavada görüş zamanı Ukraynanın Qərbyönümlü kursunu dəstəklədiyini bildiriblər.