O, 18-ə qədər romanın və bir çox hekayələrin müəllifidir. Öz dövrünün yazıçılarından daha çox, indiki yazıçıların əsərlərinə üstünlük verir və onlar üçün şərait yaradılmasının məqsədəuyğun sayır. Gənclik illərində müharibə onun qardaşını, yaşlı vaxtında isə oğlunu və doğma yurdunu əlindən alıb. Xalq yazıçısı Sabir Əhmədli deyir ki, ədəbiyyatın özü kimi müharibəyə də, tərif vermək çətindir.
-Birinci hekayəniz olan «Arabaçı»da əsərin qəhrəmanı gənclər Ağdamda mexanizatorluq məktəbinə oxumağa gedirlər. Hekayənin sonu həmin dövrə uyğun olaraq, nikbin ovqatda qurtarır. İndi həmin hekayəni yazsaydınız sonluğu necə bitirərdiniz?
-Ona qədər mənim bir çox hekayələrim çap olunmuşdu, amma, gənc yazıçıların toplantısında xalq yazıçısı Mirzə İbrahimov həmin əsər haqqında xüsusi olaraq danışmışdı. Baxmayaraq ki, «Arabaçı» 1954-cü ildə çap olunub, üstündən yarım əsrdən çox vaxt keçib, məni indi də həmin hekayənin axırı düşündürür. Çünki, həmin əsərdə sosializm realizmi boyası olan yeganə şey sonluqdu.
-Sabir müəllim, bəs indiki dövr olsaydı, həmin gəncləri hansı peşənin dalınca göndərərdiniz?
-Mən yenə də onları mexanizatorluq öyrənməyə göndərərdim. İndidə kənddə həmin ixtisasa yiyələnən, təmiz, saf insanlara böyük ehtiyac var.
-Ümumiyyətlə, sizin üçün kənd nədir?
-Kənd mənim üçün təbiilikdir, inandırıcılıqdır. Süleyman Rəhimov deyirdi ki, kənd «millətəkəndir». Bizim mayamız kəndən tutulub. İnsan mənəviyyatının ekologiyası çox ciddi şəkildə kəndlə bağlıdır.
-Sabir müəllim 40 il «Ədəbiyyat» qəzetində işləmisiniz, adi ədəbi işçidən, baş redaktora kimi bütün vəzifələrdə… Bəs sonra niyə oradan getdiniz?
-Yazıçılar Birliyi ilə çox ciddi bizim münaqişələrimiz oldu və o münaqişələr indi də davam etməkdədir. 21-ci əsrin başlanğıcında ədəbiyyata yeni cavanlar gəlib: Həmid Herisçi, Rasim Qaraca, Şərif Ağayar, Seymur Baycan və s. kimi. Ədəbi düşüncə baxımından yeni mövqedə olan bu adamları çap etmirdilər, iş vermirdilər. Onlar yeni ədəbiyyat yaratmaqdan ötrü vuruşurlar. Mən bu cavanları dəvət etdim redaksiyada dəyirmi masa keçirdik və Yazıçılar Birliyinin ünvanına möhkəm tənqidlər yağdırdılar. Bununla da bizim ziddiyyətlərimiz başladı. Yazıçılar Birliyi pərt olmuşdu.
Bu, yeni ədəbiyyatla köhnəlmiş, vaxtı bitmiş, qartımış ədəbiyyatın mübarizəsi idi bu. Qeyd edim ki, təkcə ədəbi aləmdə deyil, ictimai münasibətlərin başqa müstəvilərində də belə mübarizə gedir. Məsələn, elə götürək Milli Məclisdə olan hadisələri. Və ya Sirus Təbrizlinin başına gətirilən işləri. Sirusu lap cavan yaşlarında «Ədəbiyyat» qəzetinə işə götürdük. Həmin vaxtı o, Sumqayıtda suda batanları xilas etmək cəmiyyətində işləyirdi. Onun üzünü görmədən, iki hekayəsini çap etmişdim. Həmişə odlu-alovlu danışırdı. Sirus həmin əxlaqi-mənəvi mövqeyində indidə dayanır. Şəxsən mən onunla on il birgə işləyən adam kimi yenə də həmin keyfiyyətləri onda görürəm. Bədii obrazların yaranmağında həyatda Sirus kimi güclü adamların olmasının böyük təsiri var. Elə adamlardan bir növ qüvvət alırsan.
-Sabir müəllim, sizin üçün müharibə nə deməkdir?
-Ədəbiyyatın özü kimi müharibəyə də tərif vermək çox çətindir. Müharibə xalqın sınağıdır.
-Müharibə sizdən nə alıb?
-Müharibə ən qiymətli hesab etdiyim şəxsləri alıb. Bir müharibə 20 yaşında oğlumu, ondan əvvəlki müharibə oğlumdan da 4 yaş balaca Sovet İttifaqı Qəhrəmanı qardaşımı alıbdı.
-İndi hansısa əsərlər üzərində işləyirsinizmi?
-İndi mənim 4 romanım var, ancaq, demişəm ki, onlar yalnız mən öləndən sonra çap olunsun. Çünki, həmin əsərlər ədəbi üslub, ədəbi düşüncə baxımından o qədər mübahisəlidir ki, indi çap etdirsəm, bu yaşımda mübahisə obyektinə çevrilərəm.
-Bundan əvvəl yazdığınız 18 romanda, yoxsa indiki bu 4 romanda özünüzü ifadə edə bilmisiniz?
-Bilmirəm.