Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 01:14

«Ermənistanda hakimiyyətə yeni qüvvələr gələcək»


«Rusiya hələ uzun müddət Ermənistanın əsas tərəfdaşı olmaqda davam edəcək»
«Rusiya hələ uzun müddət Ermənistanın əsas tərəfdaşı olmaqda davam edəcək»

Martın 25-də vəfat edən Ermənistanın Baş naziri Andranik Markaryanın dəfn mərasimi martın 28-də keçiriləcək. Həmin gün ölkədə ümummilli matəm elan olunub. «Azadlıq» radiosunun erməni xidmətinin şərhçisi Armen Dulyan hesab edir ki, Markaryanın ölümü Ermənistan siyasətində qüvvələrin gələcək düzülüşünə təsir edəcək, amma bilavasitə siyasi nəticələri olmayacaq.


- Mərhum Baş nazir güclü siyasi fiqur idi? Ermənistanda ondan çox şey asılı idi?


- Bir tərəfdən, o, əhəmiyyətsiz fiqur idi, çünki Ermənistanda Baş nazirdən çox şey asılı deyil. Amma başqa tərəfdən, o, müxalifət və hakimiyyəti birləşdirən fiqur idi. Bizdə belə alınıb ki, hakimiyyət həmişə müxalifətə dözümsüz yanaşır, eləcə də müxalifət hakimiyyətə. O, müxalifətə tolerant yanaşan insanlardan idi və birləşdirici rol oynayırdı. İndi belə insan yoxdur, hakimiyyətdə bu cür başqa xadim yoxdur…


O, Respublika Partiyasının sədri idi, bu partiya isə hakim koalisiyada (indi demək olar ki, o, bu koalisiya dağılıb) mühüm mövqe tuturdu. Amma deyirlər ki, partiyaya əslində, o, yox, Müdafiə naziri Serj Sarkisyan rəhbərlik edib. Sarkisyan partiya Şurasının sədri idi; onu prezident də qoymaq fikrindədirlər – gələn il prezident seçkisidir və bir çoxları sadəcə, əmindirlər ki, Sarkisyan Ermənistanın gələcək prezidenti olacaq.


- Markaryan Qarabağdan gəlmə idi?


- O, məhz Qarabağdan gəlmə deyildi. Çox deyirlər ki, qarabağlılar Ermənistanda hakimiyyəti ələ alıblar: Robert Koçaryan Qarabağdandır, Sarkisyan Qarabağa bitişik vilayətdəndir. O, uzun müddət Qarabağda yaşayıb və işləyib, odur ki, sadəcə, qarabağlı kimi qəbul olunur. Andranik Markaryan Ermənistanın tipik nümayəndəsi idi.


- Beləliklə, Ermənistan siyasətində Qarabağ klanının mövcudluğu haqda danışmaq olarmı?


- Əslində, kimin hansı vəzifədə olmasını ayırd etdikdə, qarabağlılar o qədər də çox deyil. Hərdən onlar rastlaşırlar – deyək ki, orada Televiziya Yayımı Şurasının sədri qarabağlıdır, burada qarabağlı... Əslində, Ermənistanda mütəşəkkil Qarabağ klanı yoxdur.


- İndi Ermənistan siyasətində nə dəyişəcək?


- Düşünmürəm ki, yeni hökumət köhnəsindən nə iləsə fərqlənəcək. Bundan başqa, zənn edirəm ki, indi nazir postlarında oturan insanlar elə vəzifələrində qalmaqda davam edəcəklər. Çünki indi nəyi isə radikal səkildə dəyişməyin mənası yoxdur. 45 gündən sonra Ermənistanda parlament seçkiləri keçiriləcək, mütləq yeni qüvvələr gələcək. Mütləq deyirəm, ona görə ki, indi parlamentdə təmsil olunmayan böyük qüvvə var, bu qüvvəni oliqarx Qaqik Tsarukyan formalaşdırıb. Deyirlər ki, o, Ermənistanın ən varlı adamıdır, o, özü bildirir ki, partiyasında («Çiçəklənən Ermənistan») 400 minədək adam var. Üç milyonluq ölkə üçün bu, olduqca çoxdur. Belədə parlament seçkilərindən sonra hər şey dəyişəcək, qüvvələr düzülüşü başqa cür olacaq, o, əlbəttə, hansısa nazir postları istəyəcək və s. Parlament seçkilərinə qədər məncə, hökumətdə heç nə dəyişməyəcək.


- Ermənistanı Rusiyanın Cənubi Qafqazda ən yaxın müttəfiqi sayırlar. Bu strateji siyasətdir, yoxsa, bu və ya digər adamın hakimiyyətə gəlməsindən asılı olaraq nəsə dəyişə bilər?


- Dəyişə bilər, amma çox yox. Çünki Ermənistan elə vəziyyətdədir ki, manevr etmək çətindir. İndi rəhbərlik deyir ki, biz komplementar, yəni bir-birini tamamlayan siyasət yeridirik: Rusiyanın edə bilmədiyini biz məsələn, Amerikadan alırıq və əksinə…


Əslində, Ermənistanın imkanları o qədər də çox deyil. O, belə şəraitdədir…yanında Türkiyədir, o, əsrlər boyu Ermənistanın əsas rəqibidir, bizim diplomatik əlaqələrimiz yoxdur. Azərbaycan var, onunla sadəcə, müharibə dondurulub. Və o biri tərəfdən, Gürcüstanla da problemlər mövcuddur. Orada əhalisi erməni olan rayon var, onlar mütəmadi deyirlər: biz bunu-onu edəcəyik və s. Amma heç vaxt təbii ki, bu, olmayacaq (xüsusilə, Cavaxetiya əhalisi Axalkalakidəki Rusiya hərbi bazasının bağlanmasına etiraz edirdi – red.). Ermənistana yol, qaz Gürcüstandan keçir. Odur ki, Gürcüstanla hesablaşmaq lazımdır…


Əslində, heç kəs Ermənistanı nə NATO, nə də Avropa Birliyində çox gözləmir. Ermənistanın əsas tərəfdaşı həmişə Rusiya olub və uzun müddət də olmaqda davam edəcək. Əgər tək bir hərbi bazaları götürsək, onlar haqqında saziş 1995-ci ildə 25 illiyə imzalanıb. Bu bazaların çıxarılması haqda məsələ qaldırılana qədər hələ 13-15 il ötəcək. Yalnız bundan sonra Ermənistan deyə bilər ki, biz NATO-nu istəyirik və s. Gürcüstan üçün bu, yaxın perspektivdirsə, Ermənistan üçün uzaqdır.


XS
SM
MD
LG