Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:20

«Koka-Kola» «Koka»sız qala bilər


Boliviya koka istehsalına görə dünyada Kolumbiya və Perudan sonra üçüncüdür
Boliviya koka istehsalına görə dünyada Kolumbiya və Perudan sonra üçüncüdür

Bu yaxınlarda Boliviyanın Konstitusiya komissiyası xarici şirkətlərin «koka» sözündən istifadə etməsinə qadağa qoymaq təklifini dəstəkləyib.


Bu qadağanın təşəbbüskarı koka yetişdirən Boliviya fermerləridir. Onlar israr edirlər ki, həmin bitki ölkənin mədəni irsinin bir hissəsidir. Fermerlərin fikrincə, yerin adı ilə adlandırılan şampan şərabı və parmezan (makaronla yeyilən italyan pendiri) kimi koka da mühafizə edilməlidir. Bu haqda BBC xəbər verir.


Koka kokainin əsas tərkib hissəsidir, amma boliviyalılar əsrlər boyu ondan aclığı və boğaz xəstəliyini aradan qaldıran yüngül maddə - stimulyator kimi istifadə edirlər. Boliviyanın yerli əhalisi həmçinin koka yarpağından dini mərasimlərdə istifadə edirlər.


Komissiyanı təəccübləndirən odur ki, «Koka-Kola» öz alkoqolsuz içkilərini bütün dünyada maneəsiz sata bilir. Amma Boliviyaya koka tərkibli məhsulların ixracına qadağa qoyulur. Halbuki «Koka-Kola»da da kokadan istifadə edilir.


«Koka-Kola» isə öz brendinin müdafiəsinə qalxıb, deyir ki, onun brendi Boliviya qanunvericiliyi ilə qorunur.


Boliviya koka istehsalına görə dünyada Kolumbiya və Perudan sonra üçüncüdür. O, 27,5 min hektar koka plantasiyasına malikdir.


Kokadan hazırlanan kokainin satıldığı əsas ölkə olan ABŞ isə bu bitkinin yetişdirilməsinin tədricən azaldılmasını istəyir. Vaşinqton Latın Amerikası ölkələrində koka plantasiyalarının məhvi proqramlarına milyonlarla dollar ayırır. Bu da təbii olaraq yerli iri koka sahiblərinin qəzəbinə səbəb olur.


Müşahidəçilər fikrincə, 2005-ci ilin dekabrında məhz yerli əhalinin dəstəyi hindu Evo Moralesin seçkidə qələbəsini təmin edib. O, İspan müstəmləkəsi dövründən keçən 500 il ərzində Boliviyaya rəhbərlik edən yerli əhalinin ilk nümayəndəsidir.


«Bilmirəm, niyə «Koka-Kola» şirkətinin ehtiyacları üçün koka yarpaqlarının istehsalı qanuni hesab olunur. Ancaq eyni bitkinin tibbi məqsədlər və qida sənayesinin başqa istiqamətləri üçün istifadəsi qanunsuz sayılıb məhv edilir» – deyən Evo Morales müsahibələrinin birində əlavə edir: «ABŞ universitetlərinin də apardıqları ciddi elmi təhqiqatlar kokanın insan orqanizminə faydasını sübut edir. Birləşmiş Ştatlarda narkotiklərin böyük istehlak bazarının olması Boliviyalıların təqsiri deyil. Bu bitkinin yarpaqlarının çox güclü narkotikə çevrilməsi texnologiyasını da boliviyalılar icad etməyiblər ki».


Gələcəkdə kokanın yarpaqlarından yəqin ki, sabun, çörək, çay, diş pastası, likör, bəzi dərmanların da istehsalına başlanacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG