Martın 20-si İraq müharibəsinin başlanmasının dördüncü ildönümüdür. Bu müddət ərzində azı 60 min iraqlı və 3200 Amerika hərbçisi həlak olub. İraqın iki milyonadək sakini qaçqın düşüb.
Martın 19-da açıqlanan bəyanatında ABŞ prezidenti Corc Buş qeyd edib ki, Amerika qoşunlarının indi İraqdan çıxarılmasının faciəvi nəticələri ola bilər. «Bu halda zorakılıq dalğası İraqdan regionun bütün ölkələrinə yayıla bilər», – deyə o, bildirib.
Buş deyib ki, İraqda təhlükəsizliyin təminatına dair yeni plan başlanğıc mərhələsindədir və nəticəni yalnız bir neçə aydan sonra gözləmək olar.
İraqda müharibənin başlanmasının növbəti ildönümü münasibətilə dünyanın bir çox ölkələrində müharibə əleyhinə nümayişlər keçirilib.