Özünü siyasi məhbus hesab edən keçmiş Səhiyyə naziri Əli İnsanov məhkəmənin hazırlıq iclasının sonuna yaxın yenə də ona qarşı irəli sürülən ittihamları rədd edib. O, dövlət büdcəsindən bir qəpik belə mənimsəmədiyini əksinə, alim-ixtiraçı kimi ölkəyə milyonlarla dollar cəlb etdiyini söylədi. Sabiq nazir həmin pulların hamısını hakim Yeni Azərbaycan Partiyasının maliyyələşməsinə verdiyini dedi. O, həbs olunduqdan sonra evindən qızıl külçələrinin müsadirə edilməsinə dair yerli telekanallarda göstərilən videokadrları «saxta» adlandırdı.
Bütün bunların müxalifət yox, hakimiyyət tərəfindən edildiyini deyən sabiq nazirə görə, Heydər Əliyevin ona olan xoş münasibətinə paxıllıq ediblər. Sabiq nazirin dediyinə görə, o, hakim partiyanın iclaslarında ölkənin problemləri, əhalinin və ilk növbədə qaçqınların ağır vəziyyəti barədə açıq şəkildə danışdığı üçün həbs edilib.
Əli İnsanov həmçinin hakim partiyanın üzvlərini nəticə çıxarmağa çağırıb: «Qoy «Yeni Azərbaycan»ın bütün üzvləri partiyanın əsasını qoyan şəxsin hansı aqibətlə üzləşdiyini görsünlər»- deyə İnsanov bildirib.
Vəkillər məhkəməni İnsanova qarşı həbs-qətimkan tədbirini dəyişməyə və bu işə dair cinayət icraatını dayandırmağa çağırıblar. Amma, hakim sonda vəsatətlərin heç birini qəbul etməyib.
Əli İnsanov, sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev, Prezidentin İcra Aparatının İşlər İdarəsinin keçmiş müdiri Akif Muradverdiyev və digər şəxslərlə birgə 2005-ci ilin oktyabr ayında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunublar. İndi isə o, rəhbərlik etdiyi Səhiyyə Nazirliyinin sabiq yüksək vəzifəli şəxsləri ilə birgə vəzifə səlahiyyətlərini aşma, dövlət əmlakını mənimsəmədə təqsirli bilinir.
Məsələ ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin növbəti iclası fevralın 22-də olacaq.