Fevralın 6-da İraqdakı Amerika administrasiyasının keçmiş rəhbəri Pol Bremer Konqresin Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları Komitəsinin təşkil etdiyi dinləmələrə dəvət olunub. Komitə üzvləri Bremeri İraqın bərpasının ilkin mərhələsində hesablamalarda ciddi səhvlərə yol verməkdə ittiham ediblər.
Konqresmenlər xüsusilə, həmin vaxt İraqa çatdırılan milyardlarla nağd dolların taleyi ilə maraqlanıblar. Komitənin rəhbəri Henri Vaksman deyib ki, belə böyük məbləği İraqa yollamaq qərarının özü onu şoka salıb: «363 tondan çox çəkisi olan nağd pul Bağdada yollanan C-130 hərbi-nəqliyyat təyyarələrinə yüklənib. Bu, sadəcə, inanılmazdır. Ağlı başında olan kimsə 360 ton nağd pulu müharibənin getdiyi zonaya yollayarmı? Amma bizim hökumət məhz belə davranıb».
Cənab Vaksmanın bildirdiyinə görə, Bremerin İraqı idarə etdiyi 13 ay ərzində ABŞ-ın Federal Ehtiyat Sistemi bu ölkəyə 12 milyard nağd pul yollayıb. Vaksman Bremer və onun köməkçilərini səriştəsizlikdə - bu pulları nəzarətsiz İraq məmurlarına ötürməkdə ittiham edib: «Vəsait korrupsiyalaşmış bürokratların cibinə axıb. İstisna deyil ki, hətta bu pulların bir qismi hazırda bizə qarşı vuruşan yaraqlıların əlinə düşüb», - deyə Komitə rəhbəri bildirib.
Pol Bremer isə deyib ki, İraqa nağd pul yollamaq qərarı «ən yaxşı qərar» olmayıb. Amma o, eyni zamanda, qeyd edib ki, Birləşmiş Ştatların İraq kampaniyası belə qüsurlu qərarlarla bol olub. Bütün pullara onun mandatı çərçivəsində nəzarət etməyin faktiki mümkün olmadığını etiraf edən Bremer deyib ki, İraqa göndərilən yardımın böyük hissəsi sosial xidmət işçiləri və ehtiyacı olanlara çatdırılıb: «İraqda tez-tez olduğu kimi, ideallarla bizim rastlaşdığımız reallıq üst-üstə düşməyib. Biz İraq xalqına məxsus pulları tez işə salmanın yolunu tapmalıydıq ki, öz ölkələrini bərpa edən insanların əməyini ödəyə bilək».
Pol Bremer və onu dəstəkləyən respublikaçı millət vəkilləri bildirirlər ki, bu pullar İraq neftinin satışından və əvvəllər dondurulmuş İraq hesablarından daxil olub, «Amerika vergi ödəyicilərinin cibindən yox».
ABŞ-ın İraq kampaniyasında maliyyə vəsaitlərindən istifadəyə dair dinləmələr həftə ərzində davam edəcək. O cümlədən, hərbi müqavilələrin rəsmiləşdirilməsində mümkün sui-istifadələrlə bağlı məsələyə də baxılacaq.