Fevralın 5-də BMT komissiyası üç kürü növünə, o cümlədən yüksək qiymətləndirilən qara–ağbalıq çeşidinin ixracına qoyulan qadağanı ləğv etdi. BMT-nin Nəsli Kəsilməkdə Olan Növlər üzrə (CITES) Katibliyinin rəhbəri Villem Viynstekers deyib ki, Xəzəryanı ölkələr kürü ticarəti üzərində monitorinqlərini yaxşılaşdırıblar və suya milyonlarla cavan balıq buraxılacaq ki, bu da məhdud ticarəti bərpa etməyə imkan verəcək.
Bununla belə, o deyib ki, Azərbaycan, Qazaxıstan, İran və Rusiyaya 3.761 ton qara kürü ixrac etmək icazəsinin verilməsi ilə yanaşı dövlətlər bundan sonra da nərəkimilərin sayının azalması ilə mübarizəni davam etdirməlidirlər.
«Bu prosesi izləmək üçün CITES ixtiyarında olan bütün vasitələrdən istifadə edəcək» – deyə Viynstekers bildirib.
Ancaq ekoloqlar BMT-nin bu qərarını pisləyiblər və onu «məsuliyyətsiz» adlandırıblar. «Caviar Emptor» mühafizə qrupundan Culia Roberson bildirib ki, onlar CITES-in bu qərarından olduqca məyusdurlar: «Bizdə olan son məlumatlara əsasən, ağbalıqların-nərə balıqlarının populyasiyası 2004-dən 2005-ci ilədək 45 faiz azalıb. Odur ki ticarəti yenidən açmaqla CITES olduqca məsuliyyətsiz davranıb».
Keçən il BMT nərəkimilərin populyasiyasını-artımını qorumaq məqsədilə Xəzər kürüsünə ixrac kvotaları müəyyənləşdirməkdən imtina etmişdi.
Bazar ertəsi verilən son qərar həm də Çin və Rusiyaya 3.2 ton Amur nərə kürüsü və 4.2 ton Kaluqa nərə kürüsü ixrac etmək imkanı verəcək.