Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:38

«Mənim həyatımda bir stress olub»


Modelyer Fəxriyyə Xələfova
Modelyer Fəxriyyə Xələfova

Azərbaycanda modadan söz düşəndə istər-istəməz onun adı yada düşür. İlk dəfə dövlət televiziyasında moda ilə bağlı verilişlər hazırlasa da, sonradan bu sahənin peşəkarına çevrildi. Almaniyada, Yaponiyada keçirilən ümumdünya sərgilərinin iştirakçısı və qalibi oldu. Əməkdar incəsənət xadimi, beynəlxalq müsabiqələr laureatı modelyer Fəxriyyə Xələfova müasir modanın indiki durumundan və perspektivlərindən danışır.


-Azərbaycanda moda deyərkən Fəxriyyə Xələfova göz önünə gəlir. Maraqlıdır, Fəxriyyə Xələfova öz təsəvvüründə modanı necə izah edə bilər?


-Moda bir anlayış, istiqamət kimi XV əsrdən formalaşıb. Onun başlanğıc nöqtəsi İspaniya idi. Hazırda XXI əsrdə moda çox maraqlı, qeyri-adi və mürəkkəb bir fenomen kimi qəbul olunur. Moda müasir dövrümüzdə, cəmiyyətinin demək olar ki, hər üzvünün həyat tərzində öz əksinin tapır. Yəni moda bir anlayış kimi sadəcə geyimə şamil olunmur. Moda həm geyimdir, həm həyat tərzidir, həm seçdiyimiz qida məhsullarıdır, dinlədiyimiz musiqi janrlarıdır, dəbdə olan idman növləridir. Moda hazırkı vəziyyətində çox təsiredici amildir.


-Fəxriyyə xanım, bəs Azərbaycan geyimlərinin tarixi hara gedib çıxır? Bugünkü müasir modanın kökündə Azərbaycan milli geyimləri də varmı?


-Mən öz şəxsi stilimi yaratdığım zaman çalışdım ki, çox məlumat toplayam. Təəssüflər olsun ki, biz də bununla bağlı məlumat mənbələri azdır. Bu istiqamətdə nə vaxtsa tədqiqatlar gedib, amma, sonra dayanıb. Məsələn arxeoloji qazıntılar nəticəsində 3 min il bundan əvvələ aid iynə tapılıb. Əgər iynə varsa, deməli geyim istehsalı da var idi. Ən qədim Azərbaycan dövlətləri Manna, Midiyada yaradılan geyim formaları bütün qonşu regionlara öz geyim dəbini diktə edirdi. Bizim qadın milli geyimlərimiz çox zərif, kişi geyimləri isə çox dəqiq və hərbi ruhdadır. Həmin milli geyimlərdə olan formalar müasir geyim tərzində də öz əksini tapır.


-Moda ilə tanışlığınız nə vaxtdan başladı?


-İnsanın böyüdüyü mühitdən çox şey asılıdır. Bu amillər zövqün və dünyagörüşünün inkişafına təkan verir. İstər atamın, istər anamın danışıqlarından bilirəm ki, hər iki tərəfdə bu sənətə çox böyük meyl var idi. Bizdə həmişə zövqün formalaşması əsas meyar kimi önə çəkilirdi. Yəni həm zövq, həm dünyagörüş baxımından mən hazır idim, yalnız bir problem var idi, Azərbaycanda bu sahənin təhsilin almaq mümkün deyildi. Ona görə, BDU-nun biologiya fakültəsini bitirdim və 4-cü kursda ixtisaslaşanda insan beyninin neyrofiziologiyası ixtisasının seçdim. Aspiranturada pisixofiziologiya istiqamətini götürdüm. Elmlər namizədi olmağıma az qalmış Türkiyəyə gedib modelyer peşəsini öyrənmək üçün şans qazandım və bu istiqamətdə təhsil aldım.


-Fəxriyyə xanım, mühit dediniz, yaşadığınız, böyüdüyünüz mühit… Siz Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin qohumusunuz, əgər bir azda dəqiqləşdirsək, o, sizin dayınızdır. Müxtəlif sənətin sahibləri: heykəltəraşlar, musiqiçilər, rəssamlar Heydər Əliyevin onların sənətində yaxşı baş çıxardığını söyləyirdilər. Bəs modayla da maraqlanırdımı?


-Təbii ki, Heydər Əliyev istəyirdi ki, Azərbaycanda hər bir sahə inkişaf etsin. Söhbətin bu yerində karyeramın ən parlaq nümunəsini yada salmaq istərdim. 2003-cü ildə Azərbaycana mənim dəvətimlə Rusiyanın və dünyanın məşhur modelyeri Valentin Yudaşkin gəlmişdi. Bu respublikamızda əsil moda bayramı idi və bizim heyəti prezident Heydər Əliyev qəbul etdi. O, bu sahə ilə bağlı çox maraqlı söhbət apardı və biz peşəkar modelyerlər onun dediklərini maraqla dinləyirdik. Sonda isə dedi ki, «mən istəyirəm ki, Azərbaycan xalqı dəblə geyinsin və dəbdən geri qalmasın». Bundan gözəl arzu ola bilməz. Hər bir insan çalışır ki, zövqlə geyinsin, buna imkanı çatsın, yaxşı paltar almaq üçün heç də xaricə getməyə lüzum qalmasın. Bu gün dünyada elə bir marka yoxdur ki, onun Azərbaycanda mağazası açılmasın.


-Heydər Əliyev sizin üçün kim idi?


-Bu sualı mənə üç dəfə veriblər və artıq dördüncü dəfədir-Heydər Əliyev mənim üçün Azərbaycanın prezidenti idi.


-Dediniz ki, həm psixologiya ilə tanış adamsınız. Psixoloqlar adətən adamları stressdən çıxardır, sizin özünüz hardasa stress keçirmisinizmi?


-Mənim həyatımda bir stress olubdur, o da ki, İzmirdə oxuyanda. Güclü leysan yağışı yağdı, bütün İzmir bir metrə yarım suyun içində idi. Üç gün küçəyə çıxmaq mümkün olmadı, eklektik də, su da kəsilmişdi. Yeganə stressim təbii fəlakətlə bağlı olub. Digər hallarda, tutaq ki, işimin planlaşdırılmasında, hansısa layihələri həyata keçirməyimdə heç bir stress olmayıb. Belə götürəndə «modelyer» sözü fransız dilindən tərcümədə elə «dərzi» deməkdir. Bu baxımdan işimdə yüz ölçüb bir biçdiyimə görə, demək olar ki, stress keçirmirəm.


-Fəxriyyə xanım səhv etmirəmsə, bir övladınız var. Adətən sənət adamlarına sual verəndə ki, övladınız sizin yolu davam etdirəcək, deyirlər yox. Siz necə fikirləşirsiniz, övlada sənət seçməyi diktə etmək lazımdır, yoxsa, bu seçimi zamanının və övladın öz öhdəsinə buraxmaq lazımdır?


-Mən sualın ikinci hissəsi ilə razıyam ki, zamanın və övladın öz öhdəsinə buraxmaq lazımdır. Mənim oğlumun 13 yaşı var, adı da Məhəmməddir. O yaşda olan gənclər bizim dünyagörüşümüzdən çox fərqlənirlər. Müasir texnologiyalar o qədər sürətlə inkişaf edir ki, bilmək olmaz ki, hansı təzə peşələr də meydana çıxa bilər. Ona görə də indidən gənclərə nəyisə diktə etmək düzgün olmazdı.


-Azərbaycan qadına hazırkı şəraitdə nə geyinməyi məsləhət görərsiniz?


-Geyim tərtibatı baxımından bizim ən böyük problemimiz məlumatın azlığındadır. Kifayət qədər iri həcmli internet saytları var, onlar da ya fransız, rus, ya da italyan dillərindədir. Və ya son dövrlər uydurma moda yaranır və təəssüflər olsun ki, bu sonradan əsil modanın yerini tutur. Ancaq, ümumiyyətlə götürəndə bizdə bədii zövqün səviyyəsi məni qane edir. Bizim qadınlarımızın zahiri o qədər gözəldir ki, geyimlərinin tərtibatında nəsə yerində olmayanda bu hiss olunmur.


-Moda sizə nə verdi?


-Mən xoşbəxtəm ki, Azərbaycan xalqı məni başa düşdü. Gördüyüm işi qəbul etdi və bu gün məni Azərbaycanın ən tanınmış modelyeri kim təqdim edirlər. Mən bundan özümü xoşbəxt hesab edirəm. Əgər mənə hansısa laqeyd münasibət olsaydı, mən dönərdim özümün birinci sənətimə, psixologiya ilə məşğul olardım. Hesab edirəm o sənətdə də maraqlı olardım.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG