Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:09

Hökumətdə boyca Putindən balaca yeganə adam


Dmitri Medvedev və prezident Vladimir Putin
Dmitri Medvedev və prezident Vladimir Putin

Rusiya prezidentinin mümkün varisinin kim olacağı haqqında fikir yürüdən analitiklər Davos Forumunda Rusiyanı kimin təmsil etməsinə mühüm əhəmiyyət verirlər. Belə ki, foruma qatılan heyətə baş nazirin birinci müavini Dmitri Medvedyev başçılıq edirdi. İndi Rusiya və dünya təhlilçiləri arasında aparıcı tezis belədir: prezidentin varisi Davos Forumunda beynəlxalq ictimaiyyət qarşısına çıxdı.


Amma, başqa tezislər də mövcuddur. Rusiyada varis əməliyyatına beş ay sonra start veriləcək. İndi varisliyə namizədliyi ən çox söylənən siyasətçilər bu yeri tutmayacaq. Versiyaların müxtəlifliyi siyasi təhlilçilər arasında fikir ayrılıqlarının ümumi mənzərəsini göstərir. Hərçənd ki, Davos Forumundan sonra əsas diqqət Dmitri Medvedyevə yönəlib.


Vaşinqtondakı Karnegi Fondunun nəşr etdirdiyi «Foreign Policy» jurnalı başqa mümkün varislərin də adlarını sadalayır: Müdafiə naziri Sergey İvanov, Dəmiryollar idarəsinin rəisi Vladimir Yakunin, Sankt-Peterburq meri Valentina Matvienko və indiki prezident Vladimir Putin.


Moskvada nəşr olunan «Kommersant» qəzetinin redaktor müavini Azər Mürsəliyev «Azadlıq» radiosuna bildirib ki, bütün variantlarla yanaşı Putinin də bir müddət prezident kimi qala biləcəyi istisna edilmir.


Ancaq Medvedyevin real varis olduğunu bildirən analitiklər fikirlərini əsaslandırmaq üçün Putinin Yeltsinin varisi seçilməsi prosesi ilə indiki situasiya arasında paralellik aparırlar. 2000-ci ildə keçirilən Davos Forumunda Putinin görünməsi ilə belə bir sual yaradıb? «Bu kimdir?» İndi də həmin sual meydana çıxıb: «Dmitri Medvedyev kimdir?»



Fevralın 1-də keçirdiyi mətbuat konfransında yeni varislə bağlı sualı cavablandıran prezident Putin deyib ki, varis olmayacaq

Putin prezident olandan sonra dövrəsinə Sankt-Peterburqdan xeyli siyasətçi yığıb. Bunlardan biri də Medvedyevdir. 1965-ci ildə anadan olmuş Medvedyev həmin şəhərdə Putinin əvvəllər təhsil aldığı hüquq fakültəsində oxuyub. Putin 1999-cu ildə baş nazir olarkən onu Prezident Aparatına dəvət edir və Yeltsindən prezidentlik səlahiyyətlərini alan gün Medvedyevi Przident Aparatı rəhbərinin birinci müavini edir.


2000-ci ildə Putinin seçki qərargahına rəhbərlik edən Medvedyev «Qazprom»un idarə heyətinə başçılıqla mükafatlandırılır. Yeltsin dövründən qalmış Aleksandr Voloşin 2003-cü ildə devriləndən sonra onun yerini Medvedyev tutur. 2005-ci ildə isə o, baş nazirin birinci müavini təyin edilir. Baş nazirin müavini vəzifəsinə Putinin başqa bir yaxını-müdafiə naziri Sergey İvanov da təyin edilmişdi və onun da varislik şansı yüksək sayılır.


Bəs mütləq gələcək prezidenti Putimn müəyyənləşdirməlidir? Prezidentlik iddiasında olan başqa güclü siyasətçi Kremlin ssenarisini dəyişə bilərmi?


Azər Mürsəliyev əsas siyasi hadisələrin Kremlin içində həll olunduğunu deyir. Təhlilçilər bir proqnoz verirdilər ki, tezliklə Medvedyev baş nazir olacaq. Amma, bu öncəgörmə baş tutmadı. Lakin, həmin ehtimal da aktuallığını itirməyib. Rusiyanın populyar qəzetlərindən olan «RBK dayli» adını çəkmədiyi bir nazirə istinadən bu yaxınlarda xəbər verdi ki, beş ay ərzində varis 2008 əməliyyatına start veriləcək.


Bu şəxsin Medvedyev olacağının əlamətlərini isə Kremlin pərdəarxasına nəzər sala bilməyənlər dolayı əlamətlər axtarırlar. Onun gələcəkdə prezident kreslosuna əyləşəcəyini düşünənlərin iki güclü arqumenti var. Birincisi o, Rusiya siyasi elitasını mümkün qədər ətrafında birləşdirə bilib. İkincisi, «Qazprom» və onun media imperiyası o cümlədən Rusiyanın birinci televiziya kanalı, «Exo Moskvı» radiosu, «İzvestiya» qəzeti ona güclü dəstək verir. İki il bundan əvvəl isə «Nezavisimaya qazeta» qəribə bir arqument gətirərək onun şansının yüksək olduğunu yazırdı: «Medvedyev Rusiya hökumətində boyca Putindən balaca olan yeganə şəxsdir».


Fevralın 1-də keçirdiyi mətbuat konfransında yeni varislə bağlı sualı cavablandıran prezident deyib ki, varis olmayacaq. Ancaq o, qeyd edib ki, yalnız seçki kampaniyası dövründə hansı namizədə üstünlük verdiyini demək hüququnu özündə saxlayır: «Mən dəfələrlə demişəm ki, varis olmayacaq. Yalnız Rusiya prezidentliyi postuna namizədlər olacaq. Hakimiyyətin vəzifəsi onların seçki kampaniyasını demokratik işıqlandırılmasını, onların öz mövqelərini ifadəsini təmin etmək, Rusiya vətəndaşlarının şüurlu seçiminə kömək etməkdir».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG