Keçid linkləri

2025, 20 May, çərşənbə axşamı, Bakı vaxtı 21:02

Qanun qüvvəyə mindi, nəticəsi isə bir həftəyə bilinəcək


Miqrant işçilər üçün hazır məşğulluq kartları,15 yanvar 2007
Miqrant işçilər üçün hazır məşğulluq kartları,15 yanvar 2007
Rusiyada «Miqrasiya haqqında» qanunun yanvarın 15-dən qüvvəyə minməsi bu ölkədə yaşayan və ya qeyri-leqal işləyən azərbaycanlılar üçün demək olar ki, hiss olunmayıb. Hər halda, gün ərzində əlaqə saxladığım həm Rusiyada işləyən və yaşayan azərbaycanlılar, həm qonşu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatları, həm də Dövlət Komissiyasından belə dedilər. Onlar paytaxt və ya əyalətlərdə azərbaycanlıların kütləvi deportasiya olunması faktı ilə üzləşmədiklərini bildirirlər. Eyni zamanda, istər səfirlik və ya konsulluqlarda, istər azərbaycanlılar arasında nəzərəçarpacaq təlaş və gərginlik yaşanmadığını da deyirlər.

Azərbaycanın Rusiyadakı səfirliyindən bildirirlər ki, sənədlərini qaydasına salmaq üçün müraciət edənlərin sayı ötən günlərlə müqayisədə artmayıb. Düzdür, insidentsiz də olmayıb. Səfirlikdən verilən məlumata görə, Rusiyadakı «Yerlilər» Təşkilatı Azərbaycanın bu ölkədəki səfirliyi qarşısında qanunsuz yaşayan və ya işləyənlərə etiraz olaraq piket keçirib.


Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində İşçi Qrupun rəhbəri Şakir Səlimov isə deyir ki, günboyu o da Azərbaycanın Rusiyadakı səfirliyi, konsulluqları, Rusiya-Azərbaycan Konqresi ilə əlaqə yaradıb. Amma Rusiya hökumətinin bu ölkədə qeyri-leqal yaşayan, sənədləri qaydasında olmayan azərbaycanlılarla bağlı sərt addımlar atılmasının şahidi olmayıb: «Moskva adi həyatını yaşayır. Qanunun tətbiqi ilə bağlı azərbaycanlılara qarşı sərt addımlar atılmayıb».


Yurddaş Partiyasının sədri Mais Səfərli qonşu ölkədə sənədləri qaydasında olmayan azərbaycanlıların ölkədən kütləvi çıxarılmamasını Azərbaycan hökumətinin qabaqlayıcı addımlar atması ilə izah edir. Cənab Səfərli yeni qanunun qonşu ölkədə yaşayan azərbaycanlılar arasında ilk günlər ajiotaj yaratdığını deyir.



«Azərbaycanlıların əhəmiyyətli bir hissəsi Rusiya vətəndaşlığını qəbul ediblər. Yeni miqrasiya siyasəti ilə bağlı onların ciddi problemi olmayacaq. Onlar Rusiya vətəndaşlarıdır və bu ölkə Konstitusiyasının hüquq və azadlıqlarından yararlanacaqlar».
Həmin qanun təsdiqlənəndən sonra Azərbaycan prezidentinin göstərişi ilə Dövlət Komissiyası yaradıldı, nazirlər səviyyəsində danışqlar aparıldı, nümayəndə heyəti qonşu ölkədə olub, bəzi məsələləri yoluna qoymağa çalışdı. İşləyən azərbaycanlıların qeydiyyatdan keçməsini asanlaşdırmaq üçün Moskvadan başqa, federal mərkəzlərdə, 12-dək şəhərdə konsulluqlar, qərargahlar yaradıldı.

Əslində, bu problemin tezliklə yoluna qoyulmasında rəsmilər özləri də maraqlı olduqlarını ilk gündən etiraf etmişdilər. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ötən ilin noyabrın 24-də keçirdiyi mətbuat konfransında Rusiya hökumətinə istinadla bu ölkədə iki milyon azərbaycanlının yaşadığını və onların 700 mininin vətəndaşlığı qəbul etdiyini demişdi. Cənab İbrahimov bunu da söyləmişdi ki, Rusiyada işləyən azərbaycanlıların kütləvi şəkildə vətənə axını ölkədə ciddi problem yarada bilər. Ona görə də, problemi yerindəcə həll etməyə çalışacaqlar.


Yurddaş Partiyasının sədri Mais Səfərli isə onda olan məlumatlara görə, konsulluqlar yaranandan sonra qeydiyyatdan keçənlərin sayının artdığını deyir. Amma nə Dövlət Komissiyası, nə də Mais Səfərli son iki ayda nə qədər azərbaycanlının Rusiya vətəndaşlığını qəbul etdiyini və ya burda qeydiyyata düşdüyünü söləyə bilmədilər.


Mais Səfərli: «Azərbaycanlıların əhəmiyyətli bir hissəsi Rusiya vətəndaşlığını qəbul ediblər. Yeni miqrasiya siyasəti ilə bağlı onların ciddi problemi olmayacaq. Onlar Rusiya vətəndaşlarıdır və bu ölkə Konstitusiyasının hüquq və azadlıqlarından yararlanacaqlar».


Ekspertlərə görə, əslində, narahatlıq yaradan miqrasiya siyasəti haqda qanundakı məhdudiyyətlər və ya qadağalar deyil. Başlıca narahatlıq Rusiyada qanunların icrası ilə bağlı problemlərin olmasıdır. Mais Səfərli: «Kim necə istəyir, o cür də qanunu icra edir. Yeri gələndə, kobud şəkildə pozur, rüşvət alır, yeri gələndəsə əməl edirlər. Azərbaycanlıları narahat edən budur. Vaxtında müdaxilə azərbaycanlıların kütləvi deportasiyasının qarşısını alıb».


Rusiyada fəaliyyət göstərən «Ocaq» Cəmiyyətinin rəhbəri Tofiq Məlikli isə səfirliyin və ya Dövlət Komissiyasının işini qiymətləndirməyə tələsmir. O, deyir ki, dövlət komissiyasının nə qədər effektli işləyib-işləmədəyini bir həftə və ya on gün sonra müəyyənləşdirmək olar. Çünki qanun qüvvəyə mindiyi ilk gündən öz təsirini göstərməyə də bilər. Səbəb də bu məsələlərə nəzarət edən Rusiyadakı dövlət qurumlarının məhdud imkanlara malik olması ola bilər: «Bunu reallaşdırmaq üçün fiziki imkanlar yoxdur. Miqrasiya Komitəsində beş min adam əvəzinə, min adam işləyir. Bunu komitənin sədri deyir. Və yerli regionların qanunlarını da tənzimləmək lazımdır. Bu, uzun prosesdir».


Bununla belə, əksər müşahidəçilər Rusiyada yeni qanunun tətbiqinin azərbaycanlılar üçün ciddi problemlər gətirməyəcəyi qənaətindədirlər.


XS
SM
MD
LG