Yanvarın 9-da həbs olunmuş Bütöv Azərbaycan Birliyi (BAB) kimi tanınan qurumun Sədərək rayon təşkilatının sədri Seyfulla Nəcəfli 15 gün azadlıqdan məhrum edilib. Bu barədə Sədərək Rayon Məhkəməsinin yanvarın 10-da keçirilən iclasında qərar çıxarılıb. Seyfulla Nəcəflinin qohumları bildiriblər ki, vəkilin də iştirak etmədiyi təxminən beş dəqiqə çəkən prosesə yaxınlarının da qatılmasına icazə verilməyib.
Rayon Məhkəməsindən «Azadlıq» radiosuna bildiriblər ki, Nəcəfli polisə tabe olmadığına görə, həbs edilib.
Nəcəflinin ailəsi isə onun həbsinin icra başçısının təşəbbüsü ilə həyata keçirildiyini güman edirlər. Belə ki, yaxınlarının bildirdiyinə görə, həbsindən bir gün əvvəl o, Sədərək Rayon İcra Hakimiyyətinə zəng edərək, icra başçısından rayona işığın uzun fasilələrlə verilməsi haqqında məlumat öyrənmək istəyib.
Seyfulla Nəcəfli BAB kimi tanınan qurumun Sədərək rayon təşkilatının sədri olmaqla yanaşı, rayon orta məktəbində ədəbiyyat fənnindən dərs deyir.