Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan Demokrat Partiyasının sədr müavini Sərdar Cəlaloğlunun işgəncəyə məruz qalması ilə bağlı Azərbaycan hökumətinə qarşı iddiası haqda şikayətinə baxıb. Bu haqda qərar yanvarın 11-də elan olunacaq. Sərdar Cəlaloğlu bildirib ki, məhkəmə onun iddiasına ötən il dekabrın 10-da baxsa da, qərarını yanvarın 2-də verib. Nəticə isə yanvarın 11-də həm Avropa İnsan Haqları Məhkəməsinin rəsmi saytına yerləşdiriləcək, həm də iddiaçıya göndəriləcək.
Sərdar Cəlaloğlu 2003-cü ilin oktyabrında həbs olunduqdan sonra ona işgəncə verildiyini, məhkəmənin ədalətli aparılmamasını və siyasi mənsubiyyətinə görə, ayrı-seçkiliyə məruz qalmasını iddia edir. Onun vəkili Fuad Ağayev isə deyir ki, nəticə haqda danışmaq tezdir. Ancaq vəkil nəticənin müsbət olacağına ümidlidir.
İndiyədək Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandan yalnız Fəhmin Hacıyevin iddiasını təmin edib.
Demokrat Partiyasının sədr müavini Sərdar Cəlaloğlu 2003-cü il prezident seçkisindən az sonra həbs olunmuşdu. Yeddi müxalifət fəalı ilə yanaşı, o da kütləvi iğtişaşda ittiham olunaraq bir neçə il müddətinə azadlıqdan məhrum edilmişdi. Amma bir il sonra digər müxalifət fəalları kimi o da əfv olundu.