Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:33

«Orxan Pamuka Nobel mükafatının verilməsi tam qanunauyğundur»


2006-cı ilin ədəbiyyat üzrə Nobel mükafatçısı Orhan Pamuk, 4 iyul 2005
2006-cı ilin ədəbiyyat üzrə Nobel mükafatçısı Orhan Pamuk, 4 iyul 2005
«Dəb» dünya ədəbiyyatı dərgisi «Nobel mükafatçıları» seriyasından Orxan Pamukun «Qar» romanını nəşr edib. Romanı Azərbaycan türkcəsinə Yunis Orucov uyğunlaşdırıb. Seriyanın tərtibçisi və redaktoru Səlim Babullaoğlunun Orxan Pamukla müsahibəsi də kitabda əksini tapıb. «Orxan Pamukun Nobel mükafatına layiq görülməsi türk xalqlarının yetərincə nüfuzlu qeyri-formal ədəbiyyatını leqallaşdırdı»-«Dünya Ədəbiyyatı Dərgisi»nin baş redaktoru Səlim Babullaoğlu belə düşünür.

-Səlim bəy, Nobel mükafatçılarını tanıtmaqda nə məqsəd güdürsünüz?


-İlk öncə deyim ki, məhz Nobel mükafatçılarını tanıtmağı məqsəd güdmürük. Buraxdığımız 8 kitabdan yalnız 2-si Nobel mükafatına layiq görülmüş yazıçıların əsərləridir. Əvvəlcə Polşa şairi Çeslav Milaşın şeirlərini dilimizə çevirmişik, çünki o, 80-ci illərdə modernist poeziyanın öndə gedən isimlərindən sayılıb. Orxan Pamuka gəlincə, onu dərgimizdə 2 il öncə çap etməyə başlamışıq. O vaxtlar Orxan Pamuk hələ Nobel mükafatçısı deyildi...


-Orxan Pamuk yeni və fərqli nə deyir? Yanılmıramsa, Siz Orhan Pamukdan müsahibə də götürmüsünüz...


-Bəli, müsahibə götürmüşəm, amma, deyə bilmərəm ki, mən Orxan Pamuk yaradıcılığının bilicisiyəm. Onun cəmi 2 əsərini tam oxumuşam, üçüncüsünü də oxumaqdayam. Mən bildiyim dərəcədə Orxan Pamukun fərqli üslubu, fərqli yanaşması var. Onun romanlarında çağdaş Türkiyənin həyatı bütün dolğunluğuyla, bütün sosial-mədəni-dini-etnik kəsimləriylə əks olunub. Əsl romançıların «start» keyfiyyətləri də Orxan Pamuk yaradıcılığında diqqəti çəkir. İlk cümlədən çəkicilik hiss olunur. «Qar» romanında da qarın sakit yağıntılarını duyğu polifonizmi izləyir. Eynən böyük yazarlar olan Kortasarda, Kamyüdə gördüyümüz kimi...


-Səlim bəy, «Qar» romanını nəşrə hazırlayanda məhz Orxan Pamukun Nobel mükafatı alacağına inanırdınız?


-Orxan Pamuk Bakıda olanda ona tez-tez «Nobel mükafatını alacaqsınız?» sualını ünvanlayırdılar. Orxan bəy eyni cavabı verirdi. Təxminən belə: «Versələr, etiraz etmərəm. Verməsələr, yenə bir şey itirmərəm, yəni yazarlığımda qalaram». Nobel mükafatçılarının yazı tərzini, üslubunu, texnikasını göz önünə gətirsək, bu mükafatın məhz Pamuka verilməsini tam qanunauyğun saya bilərik.


-İsveç kralı Nobel mükafatını Orxan Pamuka təqdim edəndə onu türkcə salamladı və təbrik etdi. Necə düşünürsünüz, bir türkün belə yüksək mükafat alması bütövlükdə türk dillərinə, türk mədəniyyətlərinə diqqəti artıracaqmı?


-Artırıb-artırmayacağını deyə bilmərəm. Ancaq, bir şey danılmazdır ki, qeyri-formal şəkildə ortalıqda olan böyük bir ədəbiyyatı-türk xalqlarının ədəbiyyatını Orxan Pamukun Nobel mükafatı formallaşdırdı, daha dəqiq söyləsək, leqallaşdırdı. Söhbət təkcə müxtəlif türkcələrdə yaradılan ədəbi əsərlərdən deyil, türklərin, məsələn, Çingiz Aytmatovun qeyri-türkcədə (ruscada) yazdığı əsərlərdən də gedir. Bu ədəbiyyatın varlığı söylənilirdi, indi artıq birmənalı təsdiqini tapdı. Üstəlik, dövlət və mədəniyyət baxımından daha qədim və daha müstəqil Türkiyə yazarının timsalında.


-Səlim bəy, yazıçıları, elə hər kəsi etnik kimliyinə görə fərqləndirmək bir az köhnəlik qalığı deyilmi? Baxın bizlər də məhz Orxan Pamuk mükafat alanda sanki daha çox sevindik...


-Əsas məsələ ifrata varmamaqdı. Milli kimliklə qürurlanmaq fərqliliyin diqqətə yetirilməsi səviyyəsində normal qarşılanmalıdır. Dil-məkan-coğrafiya fərqləri var, mədəni özəlliklər var və bütün bunlar, heç şübhəsiz, fərqli dad gətirir... Amma, dəyərlərdə birləşirik. Yazıçının türk və ya erməni olmasının prinsipial fərqi yoxdur, əsas olan hansı dəyərləri aşılayır, doğruya və yalana yanaşımı necədir və s. və i.a. məsələlər önəmlidir. Kamyunun fransız və ya gürcü olmasının prinsipial önəmi yoxdur. Bəşəri dəyərləri güdən yazarlar hər xalqın və hamının yazarlarıdır. Hərçənd, milli kimlik qədərində qürur və qədərində psixoloji yaxınlıq gətirir və bunu danmaq olmaz. İfrata da varmaq yaraşmaz.


XS
SM
MD
LG