Dekabrın 27-dən Bakıya aramsız yağan qar dekabrın 28-i səhərdən etibarən nəqliyyatın işini xeyli çətinləşdirib. Günün birinci yarısından Sumqayıt və Xırdalan şəhərlərindən Bakıya avtomobillər daxil ola bilməyib. Şəhərin girişindəki yüksəklikdə böyük tıxac yaranıb. Paytaxta gələnlər Xırdalan dairəsindən və Biləcəri aşırımından metronun 20 yanvar stansiyasına qədər bir neçə kilometr yolu piyada gəlməli olublar. Oxşar vəziyyət Badamdart aşırımında da yaranıb.
Bakı şəhər Yol Polis İdarəsinin növbətçisinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, eyni vəziyyət şəhərdəki bütün yüksəkliklərdə yaranıb. Əhali əsasən metrodan istifadə etməli olub.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov «Media Forum»a bildirib ki, avtovağzaldan işləyən avtobuslarda və aeroportda hələ ki, heç bir problem yoxdur. Bakıdan rayonlara gedən yollara yol istismar idarələri xüsusi qum tökür, buzu təmizləyir, dağ rayonlarına gedən yolların təmizlənməsinə daha çox diqqət yetirilir.