Keçid linkləri

2025, 19 May, Bazar ertəsi, Bakı vaxtı 10:02

Xarici televiziyaların yayımı niyə dayandırılır?


MTRŞ-ın rəhbəri hesab edir ki, xarici telekanalların yayımı peyk və kabel televiziyası vasitəsilə həyata keçirilməlidir
MTRŞ-ın rəhbəri hesab edir ki, xarici telekanalların yayımı peyk və kabel televiziyası vasitəsilə həyata keçirilməlidir
Dekabrın 28-də Milli Televiziya və Radio Şurası (MTRŞ) ORT, RTR, Kanal D və STV telekanallarının Azərbaycanda yayımının dayandırılacağı günü müəyyənləşdirəcək. Şura bu barədə qərarını dekabrın 26-da elan edib. Xarici telekanalların Azərbaycanın ərazisində yayımının dayandırılmasıyla bağlı rəsmi mövqe belədir ki, məsələn, Rusiya Azərbaycanın da telekanallarını öz ölkəsində yayımlasın. Türkiyə Azərbaycanda dövlət büdcəsindən maliyyələşən AzTV-nin verilişlərini yayımladığı üçün MTRŞ da bu ölkənin TRT kanalının yayılmasını dayandırmır, ancaq Türkiyənin digər iki televiziyasının yayımına qadağa qoyur.

Televiziya mütəxəssisləri arasında Şuranın arqumentlərini qəbul edənlər də az deyil. Amma məhz indiki zamanda bütün ölkə ərazisində peyk texnologiyasının, kabel televiziyasının tam oturuşmadığını əsas gətirərək, qərarı vaxtından əvvəl atılmış addım kimi qiymətləndirənlər də var.


Bakıda xarici telekanalların yayımının dayandırılmasına həm də bu televiziyalarda Azərbaycanla bağlı verilişlərin səbəb olduğunu düşünənlər də yox deyil. Bu mövqedə olan ekspertlər bir-iki ay əvvəl Kanal D-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun ünvanına ittihamlar dolu verilişi, ORT-də Dağlıq Qarabağı müstəqil dövlət kimi təqdim edən xüsusi reportajı misal çəkirlər.


«Dövlətin hansı məqsədlə qərar verməsindən asılı olmayaraq, Azərbaycan tamaşaçısı nəzərə alınmalıdır. Çünki bu cür qərarlar onun bir seyrçi kimi alternativ informasiya almaq hüququnu poza bilər»
Media Hüquqları İnstitutun rəhbəri Rəşid Hacılı xarici telekanalların yayımının dayandırılması qərarını müsbət saysa da, deyir ki, yaranacaq informasiya boşluğunu yüksək səviyyədə doldurmaq üçün yerli peşəkarlara, yeni telekanallara ciddi ehtiyac var: «Azərbaycan tamaşaçısının keyfiyyətli informasiya almaq hüququ da var. Bu tezliklərin veriləcəyi və ya digər yerli telekanallar Rusiya və ya Türkiyə telekanallarının hazırladığı verilişlərin keyfiyyətində məhsullar verə biləcəklərmi?»


Ölkədə kabel televiziyası şəbəkəsinin hələ də tam yayılmadığını deyən Milli İnternet Forumunun rəhbəri Osman Gündüz isə bu sahədə də ləngimələr olduğunu söyləyir: «Axı, hər yerdə peyk televiziyası quraşdırılmayıb. Bildiyimə görə, bir kabel televiziyası Əhmədlidə olmalıydı, amma hələ də ötürücüsünü qura bilməyib».


BDU-nun jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli isə hesab edir ki, dövlətin hansı məqsədlə qərar verməsindən asılı olmayaraq, Azərbaycan tamaşaçısı nəzərə alınmalıdır. Çünki bu cür qərarlar onun bir seyrçi kimi alternativ informasiya almaq hüququnu poza bilər.


Söhbət etdiyim və evində peyk ötürücüsü və ya kabel televiziyası olmayan tamaşaçılar da bu qərarla razılaşmırlar. Deyirlər ki, onların nə peyk antennası almağa, nə də kabel televiziyasına qoşulmağa maddi imkanları var. Maddi imkanı çatan, amma yaşadığı yerdə kabel televiziyası olmayan və yaşadığı mənzilin texniki vəziyyəti peyk antennası quraşdırmağa imkan verməyən tamaşaçılar da deyirlər ki, artıq özlərini Azərbaycanın maraqsız saydıqları televiziyalarına baxmağa məhkum edilmiş sayırlar. «Hətta, bircə yaxşı televiziya verilişləri pulsuz idi, indi onu da pulla almalı olacağıq», - deyə düşünənlər də var.


MTRŞ-ın rəhbəri Nuşirəvan Məhərrəmli Azərbaycan teleməkanının hüquqi cəhətdən nizamlanması üçün hesab edir ki, dünya təcrübəsinə uyğun olaraq, xarici telekanalların yayımı peyk və kabel televiziyası vasitəsilə həyata keçirilməlidir. Cənab Məhərrəmli də Azərbaycanda indiyədək kabel televiziyasının tam inkişaf etmədiyini, amma artıq 10-dək kabel televiziyasına lisenziya verdiklərini deyir. Onun fikrincə, bu, əhalinin də marağını peyk və ya kabel şəbəkəsinə daha da artıracaq. Çünki bu halda onlar ən aşağısı 50 proqrama baxmaq imkanı qazanacaqlar. Qiymətlərə gəlincə, Nuşirəvan Məhərrəmli deyir ki, bu texnologiyanın inkişafı üçün gələn ildən abunə haqlarının aşağı salınması məsələsi gündəmə gələcək.


Milli İnternet Forumunun rəhbəri Osman Gündüz isə deyir ki, ölkədə peyk və kabel televiziyalarının inkişafına az-çox nail olandan sonra xarici telekanalların yayımı dayandırılmalıdır.


XS
SM
MD
LG