«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev: «Bunlar fundamental məsələlərdir. Onlar bayram hədiyyəsi kimi torbadan çıxarılası məsələlər deyil ki, əvvəlcədən hazırlıq aparılmadan qərar qəbul edəsən».
Qurultay iştirakçılarından qurumun fəaliyyətini tənqid edənlər də olub. Mətbuat Şurasının sədri Əflatun Amaşov başçılıq etdiyi qurumun mətbuatın problemlərini bəzən həll edə bilmədiyini deyib.
Qurultayın adından qəbul olunan qətnamədə «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qatillərinin və jurnalistlərə qarşı zorakılıq etmiş şəxslərin tapılıb cəzalandırılması, həbsdə olan jurnalistlərin azadlığa buraxılması, habelə jurnalistlərin sosial-məişət problemlərinin həlli və qəzetlərə qarşı çıxarılmış cərimə qərarlarının ləğvi kimi tələblər öz əksini tapıb.