«Kanalların bağlanmasına münasibətim çox pisdir. Hər gün bu kanallara baxırdım, xüsusən də, türk kanallarına. Bəs bundan sonra nə olacaq? Axı mənim peyk antenası almağa imkanım yoxdur»-Leyla xanım evdar qadındır. Deyir ki, günün əksər saatlarını televiziya qarşısında, xüsusən də Türkiyə telekanallarına baxmaqla keçirir. Gələn ilin əvvəlindən yerli tezliklərdə Rusiya və Türkiyə telekanallarının yayımlanmasının qarşısı alınacaq. Yəni Rusiya və Türkiyə telekanalları Azərbaycan ərazisində yalnız peyk və ya kabel vasitəsilə yayımlanacaq. Leyla xanım deyir ki, heç də hamının azı 200 Amerika dolları verib peyk antenası almaq imkanı yoxdur. Həmsöhbətim bu addımı əksər televiziya tamaşaçılarının seçim imkanının məhdudlaşdırılması kimi dəyərləndirir.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli isə deyir ki, dünya təcrübəsinə əsasən, hər bir ölkənin ərazisində xarici yayımlar peyk vasitəsilə aparılmalıdır. Bu, həm də hər bir ölkənin dövlət siyasətidir.
Bir qism ekspertlər də Azərbaycanın daxili tezliklərinin xarici telekanallara verilməsində bir qayda yaradılmasının tərəfdarıdır. Amma, onlar MTRŞ-nın bu addımını daha çox siyasi qərar kimi qiymətləndirirlər. Çünki, xarici telekanalların yayımına qadağa qoyulmasının hüquqi tərəfləri Azərbaycan tamaşaçısına kifayət qədər açıqlanmır. Şuranın sədri Nuşirəvan Məhərrəmli isə qurumun bu addımına siyasi rəng verməyin əleyhinədir. Onun sözlərinə görə, söhbət sadəcə, hüquqi tənzimləmədən gedir və Şura Azərbaycan teleməkanını Avropa standartlarına uyğunlaşmağa çalışır.
Jurnalistika nəzəriyyəçisi Zeynal Məmmədli isə deyir ki, hansı məqsədlə verilməsindən asılı olmayaraq dövlət qərar qəbul edərkən Azərbaycan tamaşaçısını da nəzərə almalıdır: «Seyrçilərin seçimi məhdudlaşdırılır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda xeyli rus da yaşayır və onların bu kanallara bağlılığı var. Dövlət heç olmazsa rusların kompakt yaşadıqları yerlərdə bir peyk qoyub bu problemi həll edə bilər. Bu, tamaşaçıların seçim hüququnun məhdudlaşdırılmasının da qarşısının alar». Belə bir təklif isə hələ ki, heç bir dövlət strukturunda müzakirə olunmur. Nuşirəvan Məhərrəmli deyir ki, növbəti ildə xarici telekanallardan alınan tezliklər üzrə müsabiqənin elan olunub-olunmaması məsələsinə də baxılacaq.