Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:59

«Gömrük siyasəti iqtisadi islahatların tərkib hissəsinə çevrilə bilmir»


Aksiz vergisinin tətbiqi digər sahələrdə də bahalaşma ilə müşahidə oluna bilər
Aksiz vergisinin tətbiqi digər sahələrdə də bahalaşma ilə müşahidə oluna bilər
«Bu gün gömrük siyasəti hələ Azərbaycanda gedən iqtisadi islahatların tərkib hissəsinə çevrilə bilmir»-iqtisadçı alim, keçmiş millət vəkili Əli Əlirzayev belə hesab edir. Onun sözlərinə görə, gömrük sahəsində tənzimlənmə normal olmadığından ölkənin bazarında bəzi məhsulların qıtlığı müşahidə olunur. Cənab Əlirzayev hesab edir ki, əgər normal tənzimlənmə olsaydı onda tələb və təklif bir-birini tamamlayardı. Bununla da qiymətlər nisbətən ucuzlaşar, əhalinin alıcılıq qabiliyyətinə uyğun qiymət formalaşardı. İqtisadçının fikrincə, hazırda Azərbaycana elə məhsullar, elə mallar gətirilir ki, həmin məhsullar ölkədə istehsal oluna bilər. Amma, həmin məhsulların ölkəyə kənardan gətirilməsi yerli sahibkarların istehsala marağını xeyli zəiflədir, bəzən istehsaldan imtinaya da səbəb olur:

«Bu kimi halların olduğu yerdə Azərbaycanda gömrük tənzimlənməsinin yaxşı olduğunu demək az inandırıcı görünür. Bu gün demək olmaz ki, hər şey yaxşıdır, Azərbaycan iqtisadiyyatı gömrüyün hesabına formalaşır. Gömrük açıq iqtisadi şəraitdə, bazar iqtisadiyyatı şəraitində idxal-ixrac siyasətini formalaşdıran bir orqandır, amma, qlobal baxımından mən nə bunun konsepsiyasını görmürəm».

Əli Əlirzayevə görə, Azərbaycan bazarlarında bir sıra ölkələrdən qaçaqmalçılıq yoluyla gətirilən mal və məhsullara rast gəlinməsi də gömrük tənzimlənməsindəki, gömürük siyasətindəki bəzi boşluqlardan xəbər verir.


İxracata gələndə iqtisadçı deyir ki, bu sahədə əsas yeri neft və neft məhsulları tutur. İxracın təxminən 70-80 faizinin neftin payına düşdüyünü deyən iqtisadçıya görə, sonrakı yerdə kənd təsərrüfatı malları gəlir. Amma, bu sahədə də müəyyən problemlər meydana çıxır.

«Bu gün demək olmaz ki, hər şey yaxşıdır, Azərbaycan iqtisadiyyatı gömrüyün hesabına formalaşır. Gömrük açıq iqtisadi şəraitdə, bazar iqtisadiyyatı şəraitində idxal-ixrac siyasətini formalaşdıran bir orqandır, amma, qlobal baxımından mən nə bunun konsepsiyasını görmürəm»
Cənab Əlirzayev deyir ki, bir qədər əvvəl Azərbaycandan Avropa bazarlarına fındıq ixracı nəzərdə tutulsa da həmin ölkələrin laboratoriyalarında aparılan yoxlamalardan sonra Azərbaycandan fındıq ixracı dayandırılıb. Ona görə, daha çox mal ixrac olunması üçün yaxşı məhsul istehsal olunmalı, həm də istehsal olunan həmin mallar daxili tələbatı ödəməlidir. İqtisadçı deyir ki, ixrac hesabına daxili bazarda bəzi məhsulların qiyməti bahalaşsa da bütövlükdə ixrac yönlü iqtisadiyyat ölkənin iqtisadi inkişafını göstərir.


Elə bu baxımdan da iqtisadçı Azərbaycanda ixracyönlü istehsala diqqət yetirilməsinin vacib olduğunu deyir. Əli Əlirzayevə görə, əgər normal tənzimlənmə həyata keçirilsəydi yəqin ki tikinti bazarında sementin qiymətində birdən-birə artmazdı. O, hesab edir ki, əgər normal gömrük tənzimlənməsi olsaydı başqa ölkələrdən Azərbaycana sement gətirənlər çox olardı ki, bu da qiymətlərin bu qədər qalxmasına gətirib çıxarmazdı. Bundan əlavə, cənab Əlirzayev hesab edir ki, gömrük tənzimlənməsinə mənfi təsir göstərən hallardan biri də monopoliyadır.


Dövlət Gömrük Komitəsinin sabiq sədr müavini Cümşüd Nuriyev isə hesab edir ki, bu gün Azərbaycandan xarici ölkələrə ixrac olunan mallar az olduğundan əsas narahatlıq idxal olunan mallara tətbiq edilən rüsumlarla bağlıdır. İdxal və ixracın tənzimlənməsinin gömrük orqanlarından asılı olmadığını deyən cənab Nuriyevə görə, bu qiymətləri hökumət tənzimləyir, gömrük orqanları isə qanunvericilikdə onlara həvalə edilən vəzifəni icra edirlər. Ona görə də hökumət idxal rüsumlarına yenidən baxmalıdır. Qiymətlərin tənzimlənməsinə İqtisadi İnkişaf Nazirliyinin nəzarət etməli olduğunu deyən həmsöhbətimə görə, Ümumdünya Ticarət Təşkilatına üzv olan ölkələrdə rüsumlar daxili bazarla dünya bazarındakı qiymət arasındakı fərqə uyğun olaraq müəyyənləşdirilir. Neft istehsalı çoxaldıqca Azərbaycanın iqtisadi imkanlarının getdikcə genişlənəcəyini deyən Cümşüd Nuriyev düşünür ki, bu ölkədə ixracyönlü istehsala xeyli təsir edəcək. Beş il əvvəllə müqayisədə Azərbaycanda vergi yükünün 50-60 faizdən 30-35 faizə düşdüyünü deyən cənab Nuriyevə görə, bu baxımdan Azərbaycanda vəziyyət MDB ölkələrinin əksəriyyətindən yaxşıdır.


Sadaladığı müsbət hallara baxmayaraq Cümşüd Nuriyev 2007-ci ilin yanvarından xarici ölkələrdən gətiriləcək avtomobillərə tətbiq olunacaq aksiz vergisini geriyə doğru addım hesab edir. Onun sözlərinə görə, adətən bu kimi vergilər daxili bazarın qorunmasına yönəlir, əgər Azərbaycanda - Gəncə və Şamaxıda yığılan az sayda avtomobillər nəzərə alınmazsa onda belə bir vergi tətbiqinin nəyə xidmət etdiyi o qədər də aydın deyil.


Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə deyilən fikirlərlə razı deyil. Onun sözlərinə görə, bir neçə illə müqayisədə Azərbaycanın gömrük xidməti, gömrük vergiləri ilə bağlı məsələlər xeyli dəyişdirilib, sadələşdirilib. Komitə sədri deyir ki, onlar iki ildən çoxdur ki, sərhədlərdəki bütün gömrük məntəqələrində xüsusi tablolar yerləşdiriblər və o tablolarda komitənin telefonları verilib ki, vergi dərəcələrindən və hansısa məsələlərdən narazı olanlar həmin telefonlara zəng vurmaqla öz problemlərini aradan qaldıra və baş verənlərə aydınlıq gətirə bilirlər.


Aydın Əliyevin dediyinə görə, vergi ilə bağlı qanunlara bir sıra dəyişikliklər olub və hazırda Nazirlər Kabineti yeni tarifləri təsdiqləməlidir. Cənab Əliyevin dediyinə görə, Azərbaycanın yeni gömrük tarifləri Amerika Birləşmiş Ştatlarının normativ hüququ aktından götürülüb. Cənab Əliyev yeni gömrük tarifləri təsdiqlənmədiyindən bu barədə ətraflı danışmasa da artıq gələn il tətbiq olunacaq yeni gömrük tariflərindən biri məlumdur. Bu xarici ölkələrdən gətirilən avtomobillərə tətbiq olunacaq aksiz vergisidir. Aksiz vergisinin tətbiqi əslində bu sahədən dövlət büdcəsinə daxilolmaların artmasına yönələn bir addım olsa da bəzi ekspertlər hesab edir ki, xarici avtomobillərlə yanaşı bu digər sahələrdə də bahalaşma ilə müşahidə olunacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG