Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:17

Təbriz və Urmiyə universitetlərində «Tələbə Günü» etirazlarla keçirildi


Urmiyə tələbələrinin etiraz aksiyası, 6 dekabr 2006
Urmiyə tələbələrinin etiraz aksiyası, 6 dekabr 2006
Dekabrın 7-də İranda «Tələbə Günü» qeyd edilib. Bütün universitetlərdə bu münasibətlə rəsmi mərasim keçirilib. Lakin Təbriz və Urmiyə universitetlərində bu tədbirlər etirazlarla nəticələnib.

Dekabrın 6-da ali məktəblərdəki inzibati komitələrin Azərbaycan fəallarına qarşı çıxardıqları hökmlərə etiraz olaraq Urmiyə Universitetinin 500-dək tələbəsi yürüş keçirib. «Azərbaycan Öyrənci Hərəkatı» adlanan qeyri-rəsmi tələbə təşkilatının verdiyi məlumata əsasən, tələbələr «Azərbaycan mədəni fəallarına qarşı hökmlər ləğv edilsin» yazılmış plakatlar qaldırıblar.


Universitetin təhlükəsizlik qüvvələrinin nümayişçiləri mühasirəyə almasına baxmayaraq, aksiya sakit keçib. Yürüşün sonunda tələbələr universitetin mədəniyyət mərkəzinin qarşısında toplaşaraq tələblərini səsləndiriblər. Aksiyanın qətnaməsində deyilir ki, Urmiyə Universitetinin rəhbərliyi dekabrın 10-a qədər inzibati komitənin mədəni fəallara qarşı çıxardığı hökmləri ləğv etməsə, tələbələr gələn həftədən dərsləri boykot edərək oturaq aksiyaya başlayacaqlar.


Son bir neçə ay ərzində Urmiyə Universiteti nəzdində Şəhriyar adına «Azərbaycan Tələbələri Cəmiyyəti», «Kürd Tələbə Yığıncaqları» və «Əncümən-i İslami» (İslam Cəmiyyəti) adlı tələbə təşkilatları qeyri-qanuni elan edilib.


Təbriz Universitetində də «Tələbə Günü» münasibətilə üçgünlük konfransın keçirilməsi nəzərdə tutulub. Amma konfransın ilk iclası qızğın mübahisə və etirazlarla müşayiət olunduğundan tədbir ilk günündə dayandırılıb. Belə ki, İranda ümumi seçkilərin yaxınlaşmasını nəzərə alaraq konfransın təşkilatçıları diqqəti keçmiş prezidentin dövründə aparılan islahatların uğursuzluğuna diqqət çəkmək istəyiblər. Tələbələr isə çıxışçılara verdikləri suallarla mövzunu azlıqların hüququ, milli məsələlər və hətta İranda Federal sistemin yaranması imkanlarına yönəldiblər.


Kürdüstan vilayətinin keçmiş valisi doktor Rəməzanzadə Azərbaycan tələbələrinin suallarına sualla cavab verib: «Siz ki federalizmdən danışırsınız, Qərbi Azərbaycan vilayətinin kürd əhalisi yaşayan şəhərlərini hansı muxtar vilayətə daxil etmək istəyirsiniz - Kürdüstana, yoxsa Azərbaycana?».


Doktor Rəməzanzadənin bu sualı Azərbaycan tələbələrinin etirazına səbəb olub və zalda ciddi gərginlik yaradıb. Konfransın təşkilatçıları mübahisəni dayandırmağa çalışsalar da, nəticəsi olmayıb. Mikrofonu ələ keçirən bir tələbə doktor Rəməzanzadəni onun valiliyi dövründə kürdləri azərbaycanlılara qarşı təhrikçilikdə ittiham edib. Bu söz başqa tələbələrin alqışları ilə qarşılanıb. İclas təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə dağıdılıb və konfransın təşkilatçıları universitetin inzibati komitəsinə çağırılıb.


XS
SM
MD
LG