Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:44

MDB-nin yaranmasından 15 il ötür


MDB-nin yaradılması haqında saziş imzalayan prezidentlər 8 dekabr 1991-ci il
MDB-nin yaradılması haqında saziş imzalayan prezidentlər 8 dekabr 1991-ci il

1991-ci il dekabrın 8-də Rusiya, Ukrayna və Belarus prezidentləri «Belovey» qoruğunda Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında müqavilə imzaladılar. Həmin ayın 21-də isə Baltikyanı respublikalar və Gürcüstan istisna olmaqla, keçmiş SSRİ məkanına daxil olan 11 respublika bu yeni birliyin əsasnaməsini qəbul etdilər. O vaxtlar Azərbaycan prezidenti olan Ayaz Mütəllibov deyir ki, MDB-yə qoşulmaq heç də məcburi xarakter daşımırdı. Əksinə, hələ müstəqil bir ölkə kimi dünya birliyinin qəbul etmədiyi Azərbaycan təklənmək təhlükəsi ilə qarşılaşa bilərdi deyə, MDB-yə qoşulmaq lazım idi. Elə təklənməmək zərurətindən MDB-yə qoşulduqlarını bildirən eks-prezident iddia edir ki, o vaxt bu qurum keçmiş SSRİ məkanında olan respublikalar üçün vahid dünya ailəsinə daxil olmaq baxımından keçid rolunu oynayırdı. Ayaz Mütəllibov deyir ki, məhz bu siyasətin özünü doğurltması səbəbindən Azərbaycan MDB-yə daxil olmaq istəməyən Gürcüstana nisbətən BMT-yə daha tez üzv oldu.


Ancaq elə o vaxt da Azərbaycanda milli azadlıq hərəkatının iştirakçıları MDB-ni ciddi şəkildə tənqid edirdilər. Bu tənqidlərdə də əsasən belə fikirlər səslənirdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsində Ermənistanı himayə edir. Ona görə də Azərbaycan MDB çərçivəsində Rusiya ilə yenidən yaxınlaşmaqdansa, daha çox Türkiyə və Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq etməlidir. Ayaz Mütəllibov deyir ki, məhz həmin tənqidlər üzündən o vaxt Azərbaycan MDB-də Kollektiv Təhlükəsizlik Müqaviləsinə qatıla bilmədi. Ancaq o, hesab edir ki, Azərbaycan indi də MDB ilə sıx əməkdaşlıq etməlidir: «Bizim böyük maraqlarımız var. Rusiyada indi iki milyondan çox azərbaycanlı yaşayır. Əgər münasibətlər korlansa, onları çıxaracaqlar».


«Bizim böyük maraqlarımız var. Rusiyada indi iki milyondan çox azərbaycanlı yaşayır. Əgər münasibətlər korlansa, onları çıxaracaqlar»
Prezidentin milli məsələlər üzrə keçmiş müşaviri, MDB-nin yaradılması prosesində yaxından iştirak edən Rasim Musabəyov da hesab edir ki, 15 il əvvəl Azərbaycan həmin birliyə qoşulmaqla düzgün istiqamət götürmüşdü. Onun sözlərinə görə, SSRİ kimi böyük imperiya dağıldıqdan sonra digər müttəfiq respublikalar kimi Azərbaycanın nə ordusu, nə milli pulu, nə də müstəqil iqtisadi strukturları var idi. Ona görə də vahid iqtisadi məkandan sürətlə ayrılmaq mümkün deyildi. Ancaq cənab Musabəyov hesab edir ki, artıq MDB özünü doğrultmur: «MDB-nin son toplantılarının birində Ukrayna təklif etdi ki, gəlin, mövcud sərhədlərə hörmət edək, onun təminatçısı rolunu oynayaq. Rusiya və Ermənistan bundan qaçdı. Bundan sonra hansı əməkdaşlıq ola bilər».


Rasim Musabəyov deyir ki, artıq Rusiya əksər MDB ölkələri ilə ticarət əlaqələrini Avropa standartlarına yaxınlaşdırmaqdadır. Onun sözlərinə görə, bu, qaz amilində özünü daha qabarıq göstərməkdədir. Cənab Musabəyov hesab edir ki, ona görə də keçmiş SSRİ məkanında birgə əməkdaşlıq ya çətinləşir, ya da alternativ qurumlara ehtiyac artır. Keçmiş dövlət müşaviri bu baxımdan hesab edir ki, getdikcə həm Azərbaycan, həm də Gürcüstan, Moldova və Ukrayna üçün GUAM-ın əhəmiyyəti artır.


Bununla belə, Azərbaycanda hələ də iqtisadi baxımdan MDB-yə cəlbedici bir qurum kimi baxanlar var. «Turan» İnformasiya Agentliyinin şərhçisi İlham Şaban deyir ki, Rusiya ilə Azərbaycan arasında hələ də vizasız gediş-gəliş mümkündür. Onun sözlərinə görə, Rusiyada imperiya maraqları yenidən baş qaldırsa da, Azərbaycan müəyyən əlverişli iqtisadi imkanlardan axıra qədər yararlanmağa çalışmalıdır.
Əslində, Azərbaycan hakimiyyəti də MDB ilə əlaqələri kəsmək niyyətində deyil. Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deyir ki, Azərbaycan hələ MDB çərçivəsində fəaliyyətini davam etdirməlidir: «Azərbaycan onun taleyinə toxunan bütün təşkilatlarda olmalıdır».


Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez bəyan edirlər ki, onlar Qərblə Rusiya arasında bir nov balanslaşdırılmış siyasət aparırlar. Hakimiyyət təmsilçilərinin fikrincə, həm Azərbaycanın regional təhlükəsizliyi, həm də iqtisadi amillər bunu diktə edir.


«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə bildirir ki, Azərbaycan balanslaşdırılmış siyasət aparmaqdansa, gah xarici siyasətini Rusiyanın, gah da Qərbin xeyrinə dəyişir. O, bunu hökumətin vahid strategiyasının olmaması ilə izah edir.
Ərəstun Oruclunun sözlərinə görə, nə qədər ki, Azərbaycanda demokratik dəyərlər tam oturmayıb, korrupsiya çiçəklənir müstəqilliyin verdiyi imkanlardan insanlar tam bəhrələnə bilməyəcək. Ona görə də xalq bəzən keçmişə nostalji hisslər bəsləməkdənsə, öz müstəqilliyinin qədrini bilməlidir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG