Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:18

Zeynalabdin Marağayi. İbrahimbəyin səyahətnaməsi (11)


əvvəli

Dedim:

“Qardaş, elә allah yaxşı rast gәtirib ki, sәn müctәhid olmamısan. Hәlә heç nә olmamış birinci addımda halalı haram elәdin.”

Dedi:

“Eloğlu, üzr istәyirәm, ürәyi yanıqlı olduğuma görә füzulluq elәdim. Siz bilmirsiniz, әgәr siz o hacıların Mәkkәdә, Mәdinәdә pulsuzluqdan nәlәr çәkdiklәrini görsәydiniz elә mәnim kimi danışardınız. Allah qismәt elәsin görәsiniz. Onda bilәrsiniz ki, mәn nә deyirәm. Bunların üst-başı elә pәrişan vәziyyәtdәdir ki, adam başı-ayağı çılpaq әrәblәrdәn belә utanır.”

Batumda dörd gün işsiz oturub gәminin gәlmәsini gözlәmәli olduğuma görә bu neçә kәlmәni dә, sәyahәtnamәnin mövzusundan kәnar olsa da, onun axırında yazmaq istәdim. Әsas mәqsәd hәmvәtәnlәrimi müasir elmlәri tәhsil etmәyә yönәltmәk olduğuna görә bu müxtәsәr nәsihәtnamә dә mәnfәәtsiz olmaz.

Mәnim gördüyümә görә, İranda hәr bir kәs hansı tәbәqә vә zümrәdәn olur-olsun, hәr bir mәnsәb, lәqәb vә vilayәt hakimliyini pulla ala bilәr. Bu işin müәyyәn çәtinliklәri varsa, o da peşkәş, hәdiyyә ünvanı ilә verilәn pulun az-çoxluğundan asılıdır. Bu sözә hәr kәs etiraz edәrsә, günәşi palçıqla örtmәk kimi faydasız bir iş görmüş olar. Bu mәsәlәlәr o qәdәr aydındır ki, onu heç kәs dana bilmәz. Amma İranda yalnız bircә iş vә vәzifә vardır ki, bu ümumi qaydadan kәnardır. O yeri heç kәs pulla, rüşvәtlә, peşkәşlә ala bilmәz. Çünki o yeri tutmaq üçün elm lazımdır. Elә buna görә dә hәmin vәzifә elmin bәrәkәtindәn hünәrsiz pulluların hәr cür tәcavüzündәn kәnarda qalmışdır. Әgәr siz hәmin vәzifәni tapa bilmәdinizsә, mәn sizә onu göstәrәrәm. Bu vәzifә İran teleqrafxanalarındakı qulluqdan ibarәtdir. Orada işlәmәk üçün hәmin işi bilmәk lazımdır. İranda bircә gün әrzindә on nazir vә ya sәrtib, sәrhәng vә hәtta ondan yuxarı olan hәrbi vәzifәli adamlardan beş yüz nәfәr öz işindәn geri çәkilәrsә, hәmin gün axşamadәk hamısının yeri dolar. Amma teleqrafxana mәmurları bu gün birdәn-birә işlәmәsәlәr, rabitә işlәri tamamilә pozular, ölkәdә böyük bir hәrcmәrclik yaranar. Ona görә ki, teleqraf fәnnindәn hәr adamın xәbәri yoxdur. Halbuki, xarici ölkәlәrdә bu fәnni hәr bir mәktәbli uşaq da öyrәnә bilir. Bu fәnn әn asan fәnlәrdәn biridir. Ona heç әhәmiyyәt verәn dә yoxdur. Belәliklә dә, elmin vә biliyin yüksәk mәqamını buradan dәrk etmәk olar. Bu işi bilmәyәn adam yüz min tümәn peşkәş versә dә teleqrafçının yerini ona tapşıra bilmәzlәr. Elmin şәrәfi vә hörmәti o qәdәr yüksәkdir ki, onu göstәrmәk üçün bu kimi dәlillәrә heç ehtiyac yoxdur. Vәtәnin mәktәblәri, bildiyimiz kimi, yenidәn qurulsa, vәtәn övladı müasir elmlәri vә fәnlәri lazımınca kәsb etsә, onda daha özlәrinin vә balalarının ehtiyacını tәmin etmәk üçün yalan danışmağa mәcbur olmaz, yaxud başqasının zәrәrinә razı olmaz, öz dövlәtinә, millәtinә, vәtәninә xәyanәt etmәz. Şәrq ölkәlәrindә yaşayanların inandıqları mövhum kimya әslindә elә elmin bir hissәsidir. Mәlum olduğu kimi, hәmin mövhum kimya İranda çoxlu varlı-karlı evlәri yıxmışdır. Özlәrini kimyagәr adlandıran bir çox fırıldaqçı, şarlatan dünyanın başqa yerlәrindә elmin bәrәkәtindәn onların kәlәyinә uyan olmadığı üçün İrana gәlib xalqın cәhalәtindәn istifadә etmәklә camaatın evini yıxır. Bir çox möhtәrәm şәxslәri mәcbur edirlәr ki, axşamdan sәhәrәdәk görük basıb kürәni isti saxlasınlar. Onlar öz arvad-uşağının yanında oturmaq lәzzәtindәn mәhrum olmaqla bәrabәr hәmin yoluxucu xәstәliyi xәlәflәrinә dә miras qoyub gediblәr. Mәn İranda bir çox böyük, mötәbәr evlәrin kimya oduna yaxılıb bir ovuc külә döndüyünü öz gözümlә görmüşәm. Әgәr bir şәxsin müasir elm vә fәnlәrdәn xәbәri olsa bilәr ki, bir şeyin mahiyyәtini dәyişdirmәk mümkün deyil. Bir şeyin zahiri rәnginin dәyişilmәsi onun mahiyyәtinin dәyişmәsi demәk deyil.

Gәr qara daşı qızıl qan ilә әlvan edәsәn

Rәngi tәğyir tapar, lәli-Bәdәxşan olmaz.

Kimya elmi var, özü dә çox şәrәfli elmdir. Heç kәs dә onu inkar etmir. Ancaq şәrqlilәrin arasında yayılan bu kimya elmi deyil. Onun әsası vә mәxәzi filan hindlinin belә rәvayәt etmәsi vә ya filan mәğribinin elә yazması olmamalı,

mәktәbdә müәllimdәn öyrәnilmәli, filan iranlı ya turanlı dәrvişdәn alınmamalıdır. Әgәr millәt bu şәrәfli elmi mәktәblәrdә kitab üzündәn, bilikli müәllimlәrin dәrsindәn öyrәnsәydi, indi ölkәnin müxtәlif yerlәrindә olan bir neçә qiymәtli mәdәnlәri kәşf edib, vәtәni bir para ehtiyaclardan xilas edәrdi. Elәcә dә şarlatan mürüvvәtsiz kimyagәrlәrin iksir oduna yaxılmış evlәrini yanğından qurtarar, әvvәli әziz olan o qәdәr ailәnin sonradan zәlil olmasının qarşısını alar, vәtәnin abadlığını xeyli artırardı.

Desәm ki, bir para xarici ölkәlәrdә mәktәblәrin bәrәkәti vә elmin şәrәfi sayәsindә bircә mәtbәәdә hәr gün dörd min nәfәr әmәlә işlәyir, mәnim hörmәtli hәmvәtәnlәrimin heç biri buna inanmayacaqdır. Әldә olan dәqiq mәlumata görә yalnız İngiltәrәdә üç yüz min nәfәr fәhlә mәtbәәlәrdә işlәmәklә maaşını tәmin edir. Amma bizim hәmvәtәnlәrimiz elmsizlik üzündәn hәr il neçә minlәrlә xarici ölkәlәrә axışıb әcnәbi millәtlәrin әn alçaq işlәrini görürlәr. Adı mәktәbdәn ibarәt olan bu iksirin sәmәrәsi ondan ibarәtdir ki, ölkәnin cavanları elm vә fәnlәri öyrәnib başa çatdırdıqdan sonra xaricdәn maşınlar gәtirәr, elmin gücü ilә bu gün әcnәbilәrin zülm baltasına mәruz qalmış Mazandaran meşәlәrindә bir tәrәfdәn qocaman ağacları kәsәr, o biri tәrәfdәn onların qabığından mәnim qarşıma qoyub yazdığım kağızdan hazırlayardılar. Mәktәblәr olsa idi "telefon" adlanan aparatımız da olardı. Әgәr indi belә bir aparat olsa idi, bu gün mәn buradan onun vasitәsilә Tehranda olan "möhtәrәm cәnabla" danışardım. O vaxt unutduğum bir para mәsәlәlәri ondan soruşardım. Onun kitabxanasında әylәşib söhbәt etdiyimiz kimi, sәsimizi ucaltmadan danışardıq. Yaxud Misirdә mәndәn artıq dәrәcәdә nigaran qalmış anamla danışar, onunla sәlamәleyk edib kef-әhval soruşardıq. Elmin sayәsindә böyük bir şәhәri qaranlıq gecәdә bir neçә dәqiqә içәrisindә yağsız, piltәsiz çıraqlarla işıqlandırırlar. İksir daha bundan artıq olar ki, avropalı elm vasitәsilә poladı elә bir şәklә salır ki, qızıl qiymәtinә alırlar?! Hәqiqi iksir "cavanların başının tükü" deyil, budur. Onu hәr yerdә tapmaq olar. Onun adı mәktәbdir, hәr kәsdәn soruşsan sәnә göstәrәr. Ancaq onu bircә yerdә tapmaq olmaz, o da İrandır. Mәn bilmirәm bu qәdim dövlәt, bu nәcib, fәrasәtli millәt nә üçün öz itirdiyini axtarmaq fikrindә deyil. Elmin ardınca getmәk әvәzinә deyirlәr: "Hikmәt möminlәri azdırır, onu tapan kimi tutub aradan aparın!"

Qәribә burasıdır ki, dar düşüncәli adamların çoxu deyir ki, fәlәyin gәrdişi belә bir vәziyyәti lazım bilmiş. Daha anlamırlar ki, biçarә fәlәk bu böhtanlar qarşısında heyrandır. Yazıq fәlәk nә elәsin; sizә düz әlli il möhlәt verdi, sizi xarici müharibәdәn, daxili iğtişaşdan qorudu. Siz bu uzun müddәtdә öz evinizdә qaranlıqda әylәşib, qonşuların işıqlı evlәrinә uzaqdan tamaşa elәdiniz vә istәmәdiniz ki, siz dә öz evinizi işıqlandırasınız. Fәlәk öz dili ilә sizә deyir: "Mәnim heç günahım yoxdur. Mәn hәlә dә sizin darğa, kәndxuda, fәrraşlarınızın hökmünün әsiriyәm". Bir dә mәlumdur ki, allah fәlәyi aciz bir millәti bәdbәxt elәmәk üçün deyil, sonsuz hikmәtlәr mәqsәdilә yaratmışdır.

Hәr bir millәt, xüsusilә iranlılar düzlüklә rәftar edib mәrdimazarlıq etmәsәlәr, elmin, biliyin ardınca getsәlәr, dil cәhәtcә mәtin olub vәtәn sevgisinә, milli qeyrәtә malik olsalar, allah hәr bir vәziyyәtdә onlara inayәt göstәrәr. Daha onda nә fәlәyin davasına yer qalar, nә dә fәlәkdәn şikayәt etmәyә ehtiyac duyular. İranlılar bugünkü kimi, әllәrini әllәri üstә qoyub mәktәblәrini islah etmәsәlәr, tәrәqqi vә tәmәddün vasitәlәriin axtarıb tapmasalar, bir sözlә, köhnә yolla getsәlәr daha buna fәlәk neylәsin? Belә gedәrsә çox çәkmәz ki, şimal tәrәfdәn müsibәt sellәri cuşa gәlәr, cәnub tәrәfdәn dә Ümman dәryasının dәhşәtli dalğaları tәlatüm etmәyә başlar, aşıb-daşıb vәtәni başdan-başa tutar. Onda yer üzündә bizim qovmiyyәtimizdәn, milliyyәtimizdәn, şәrәfimizdәn, istiqlaliyyәtimizdәn heç quru ad da qalmaz. Onda mәlum olar ki, taxtın üstündә nә baş qalmış, nә dә tac! Allaha and olsun, mәn o günlәri gözümün önündә canlandıranda bәdәnimi elә üşütmә alır ki, az qalır damarlarımdakı qan donub dayansın.

Başqa dövlәtlәr, milyonlarla hazır qoşunu, yüz minlәrlә top-tüfәngi vә sair hәrbi sursatı, milyardlarla gәliri olmasına baxmayaraq, öz qüdrәtini, gücünü artırmaq üçün bir dәqiqәni belә fövtә vermirlәr. Gecә-gündüz әllәşirlәr. Bir tәrәfdәn maliyyә naziri pul vәsaitini artırmaq üçün yollar axtarır, o biri tәrәfdәn hәrbi nazir orduda olan kәm-kәsiri aradan qaldırır, başqa tәrәfdәn dә maarif naziri yeni mәktәblәr açmaq, mövcud mәktәblәrin vәziyyәtini sahmana salmaqla mәşğuldur. Bunların heç birisi başqasının işinә qarışmır. Hamısı pak niyyәtlә qollarını çırmayıb ürәkdәn ölkәyә, millәtә xidmәt edir. Hamısının yeganә mәqsәdi ondan ibarәtdir ki, öz vәtәnlәrinin hörmәtini әcnәbilәrin yanında daha da artrsın, öz gәlәcәk nәsillәri üçün şәrәf vә iftixar vәsaitini әldә etsin. Sözün qısası, onlar vәtәni öz evlәri, vәtәn övladını isә öz balaları hesab edirlәr. Lәnәtә gәlmiş "mәnә nә" lәfzini öz ölkәlәrindәn bir dәfәlik qovmuşlar. Bu söz onların uşaqlarının heç qulağına dәymәmişdir ki, böyüyәndә dillәrinә gәtirsinlәr. O ölkәlәrdә yanğından vә ya seldәn millәtә bir zәrәr dәyәn kimi hәmin saat hәr yerdә ianә dәftәrlәri açılır. Hamı könül açıqlığı ilә bacarığına görә qәzaya uğramışlara yardım göstәrir, müxtәlif yollar vә vasitәlәrlә yıxılmışların әlindәn tutub qaldırır.

Bu sözlәrin mәnasını o adam yaxşı anlayır ki, mәn qaragünlü kimi varlığının tellәri vәtәn sevgisi ilә yoğrulmuş olsun. Doğrusu, indi mәn bir şey üçün mәәttәl qalmışam. Görәsәn, Misirdә hәmişә mәnә dolaşanlara nә cavab verәcәyәm. Gördüklәrimi danmayıb, necә ki, var, elәcә dә söylәsәm, onda onların dediklәrinin doğruluğunu tәsdiq elәmiş olacağam. Ancaq buna ürәyim razılıq vermәz. Mәn onlarla hәmavaz ola bilmәrәm. Әgәr yalan danışsam onda atamın vәsiyyәtini pozmuş olaram. O rәhmәtlik mәnә buyurmuşdur ki, heç vaxt yalan danışmayım. Ya gәrәk dua edim ki, allah bu xasiyyәti mәnim әlimdәn alsın, ya mәni öldürsün, ya da İranı abad elәyib, iranlıları işıqlı günә çıxarsın. Bu arzuların içindә hamısından asanı ölümdür. Ancaq onda yazıq anam neylәsin. Mәndәn başqa bir ümidi yoxdur. Ürәyimә yenә dә ümid işığı saçır. Deyirәm dövlәt başçılarımız neçә dәfә xarici ölkәlәrә gedib şimalda, qәrbdә olan millәtlәrin mәdәniyyәtlәrini, tәrәqqi vasitәlәrini öz gözlәri ilә gördülәr. Әlbәttә, bir-birinin ardınca olan bu sәyahәtlәr onların damarlarında qeyrәt qanını coşduracaq, vә vәtәnlәrinin tәrәqqisi üçün lazım olan tәdbirlәrә әl atacaqlar. Böyük bir ölkәnin islahatı üçün, әlbәttә, müәyyәn vaxt, zaman tәlәb olunur. Bu halva deyil ki, bircә saatın içindә çalıb yeyәsәn. Misal üçün, Yaponiya dövlәti tam iyirmi il islahatla mәşğul idi. Özü dә heç kәsin xәbәri yox idi. Bütün işlәrini pәrdә dalında görürdü. Hәr bir işini yerbәyer elәdikdәn sonra birdәn-birә pәrdәni qaldırdı. Onda әtrafında olanlar gördülәr ki, o qaranlıq ölkә tәrәqqi vә mәdәniyyәt nuruna qәrq olmuşdur. Cәhalәt, nadanlıq büsbütün gedib, yerindә elm, mәrifәt bәrqәrar olubdur.

Ola bilsin İranın dövlәt başçıları da belә bir tәdbirlә mәşğuldurlar. Axı hәr bir qaranlıq gecәnin işıqlı sәhәri var. Mәgәr onlar öz gözlәri ilә görmürlәr ki, yatağı çöllәrin qumu olan lüt Hәbәş zәncilәri bu gün İtaliya kimi böyük bir dövlәtin qarşısında dayanıb, -- ona ayağını öz gilimindәn bayıra uzatmağa, onların torpağına soxulmağa imkan vermirlәr.

Bu xәyallardan bir qәdәr tәsәlli tapdım. Sanki huşumu itirmişdim. Yenidәn ayıldım, öz-özümә dedim: "İbrahim, bәsdir, ya yenә dә danışacaqsan?" Öz-özümә cavab verdim: "Yox, vәtәnimizdә yeni tipli mәktәblәrimiz, şose vә dәmir yollarımız olmalıdır. Vәtәnin vüsәti vә cәmiyyәtinә görә onun ümdә yerlәrindә müntәzәm ordularımız tәşkil edilmәlidir. Öz ticarәtimizin vüsәtini artırmalıyıq. Belә olduqda, qonşularımız tamah gözünü bizim ölkәmizdәn çәkәrlәr. Bizim әn yaxın qonşumuz öz mәmlәkәtin saxlamaqdan aciz qalıb, başqalarının qapazı altında qaldığı halda bizim haqqımızı aşkara danmaz, torpaqlarımıza tamah dişini qıcırmaz. Bu saydıqlarım olmasa isә, nә dini saxlamaq olar, nә vәtәni, nә dә şәriәt vә millәtin müqәddәs namusunu qorumaq mümkün olar. Rәhmәtlik babalarımız biz qaragünlülәr kimi "mәnә nә" deyib otursaydılar, onda bu gün bizim bu kasıb daxmamız da olmazdı. Barlı, sәmәrәli ağaclar әkib bağ salan şәxs bu niyyәtlә zәhmәt çәkir ki, öz övladı hәmin bağın gül-çiçәyindәn, yaşıllığından hәzz alsın, meyvәsindәn faydalanıb ağzını şirin elәsin. Bu әziz vәtәni bizim babalarımız özlәrinin qanı bahasına alıb, bizim üçün saxlamışlar. Vәtәn torpağına bәsirәt gözü ilә baxsaq, onun hәr qarışında şәrәfli babalarımızın qanının izini görәrik. Bu bir ovuc torpağı qoruyub saxlamaq üçün nә qәdәr әziz canlar qurban verilmişdir! Bizim dörd tәrәfimizi qolu güclü düşmәnlәr tutduqları zaman yüksәk hümmәtli babalarımız o qәdәr düşmәnlә gecә-gündüz әlbәyaxa oldular; min cürә canfәşanlıq vә fәdakarlıqdan sonra vәtәn torpağını bizim bütün varlığımıza düşmәn olan әcnәbilәrin istila tikanlarından tәmizlәdilәr. İnsafdırmı ki, dәyanәti dә vәtәnpәrvәrliklә birlikdә utanmazcasına ayaqlar altına salıb müstәqil mәscid vә mәbәdlәrә malik olmaq kimi böyük bir nemәtin şükrünü yerinә yetirmәyәk, onları islamiyyәtin böyük adına layiq şәkildә salmayaq? Qorxuram allah bizi, nemәtlәrinin qәdrini bilmәdiyimiz üçün tutsun, onun qәzәbi bizim bütün izzәtimizin tәmәlini sarsıtsın.

Bunları demәkdәn mәqsәdim yada salmaqdır. Yoxsa bu gün bütün İran zülm odu ilә alışıb yansa belә, mәnim orada bir dәnә saman çöpüm dә yoxdur ki, yansın. Fәqәt uzaqdan baxıb kәdәrlәnә bilәrәm. Yaxud adil Әnuşirәvan zamanında olduğu kimi, әdalәt zәnciri bu ölkәnin hәr bir tәrәfindәn asılsa yenә dә mәnә sevinc vә iftixardan başqa bir şey çatmayacaq. Möhtәrәm hәmvәtәnlәrim desәlәr ki, bu füzul cavana nә qalıbdır ki, bir ölkәnin әhalisinә nәsihәt vermәk ünvanı ilә hәr bir kola baş vurur. Onda mәn onlara çox tәvazökarcasına әrz edәrәm ki, heç bir hesaba alınmayan o zәrrә ki, var -- mәnәm. Ancaq siz böyüklәrin sözünә әmәl edin. Onlar buyurmuşlar ki: "adamın özünә deyil, sözünә fikir ver".

Soruşma bu sözlәr kimin sözüdür,

Söylәyәn yüksәkdir vә yaxud alçaq.

Alçaq-ucalığın tәsiri yoxdur,

Sәn kәlamın necә olduğuna bax.

Allaha yalvarıb ondan iltimas edirәm ki, "möhtәrәm cәnabın" mәnә Tehranda vәd etdiyi sәadәtli günlәri öz gözümlә görәm. O sәadәtin әlә gәlmәsinin ilk şәrti mәmlәkәtin nazirlәri vә başçıları arasında birliyin yaranmasıdır. Onlar mәrdliklә qәrara gәlib xüsusi qәrәzlәri könüllәrinin lövhәsindәn bir dәfәlik silib kәnara tullasalar, әl-әlә verib vәtәndә olan nöqsanları aradan qaldırarlar. Onlar vәtәnә xidmәt etmәkdә, elәcә dә dövlәtpәrәstlikdә gәrәk sair dövlәtlәrin nazirlәri kimi olsunlar".

Mәn bu xәyallarla әlbәyaxa ikәn birdәn Yusif әmi sözә başlayıb dedi:

“Bәy әfәndim, bәs yemәk meyliniz yoxdur? Mәn ki, acmışam. Naharın vaxtı çoxdan keçibdir.”

Gördüm doğru deyir, ikindi çağıdır. Dedim:

“Nә eybi var, gedәk bir şey yeyәk. Bәlkә bazardan bir saat da aldım. Saatım Tehranda bada getdi.”

Yusif әmi dedi:

“Doğrudan, bәy әfәndi, neçә dәfә istәmişәm soruşam ki, sizin saatınız nә olubdur? Yenә dә özümü saxlamışam. İndi özün deyәndәn sonra tәzәdәn yadıma düşdü. Doğrudan, bәs sizin saatınıza nә gәlib?”

Dedim:

“Bir daha soruşma, çünki demәyәcәyәm.”

“Nә üçün?” -- dedi.

“Onun üçün ki, o әhvalatı sәnә deyә bilmәyәcәyәm,” -- dedim. -- “Özümün dә, bilirsәn ki, yalan danışmaq adәtim yoxdur.”

Yazıq Yusif әmi daha bir söz demәdi. İkimiz dә nahar yemәk, bir dә saat almaq әzmilә mehmanxanadan çıxdıq. Orada bir iranlı ilә rastlaşdıq. Dedim:

“Eloğlu, burada çilovpәz dükanı varmı?”

“Yoxdur,” -- dedi. -- “Әgәr nahar yemәk istәyirsinizsә kababçı dükanı var.”

“Nә eybi var, kababçı olsun. Oranı bizә göstәrsәn böyük yaxşılıq elәmiş olarsan.”

“Gözüm üstә,” -- dedi.

Bizi kababçı dükanınadәk gәtirib göstәrdi. Tәklif elәyib dedim:

“Gedәk birlikdә nahar yeyәk.”

“Çox sağ olun, mәn çörәk yemişәm,” -- deyib getdi. Biz isә dükana girib kabab yedik. Sonra oradan çıxıb, saat almaq üçün bir mağazaya girdik. Mağaza sahibi bir yәhudi kişi idi. Bizi qarşıladı. Saatın qiymәtini soruşdum, rusca cavab verdi. Türkcә bilmirdi, fransız vә ingilis dillәrindә sözümü ona dedim, anlamadı. Mәlum oldu ki, yalnız rusca bilir. İstәdik qayıdıb gedәk, qoymadı. Bir neçә saat götürüb işarә ilә andırdı ki, ardınca gәlim. Bildim ki, dilmanc dalınca gәzir. Mağazanın yaxınlığından yuxarıya çıxan bir pillәkәn var idi. Pillәlәri yuxarı çıxdı, biz dә onun ardınca gedirdik. Yuxarıya çıxan kimi bir otaq qapısını döydü. Evin içindәn firәngilәrin qaydası ilә "Antrez" sәsi gәldi. Saat satan kişi içәri girdi, biz dә onun dalınca daxil olduq, gördüm üç nәfәr iranlı әylәşib nahar yeyir. Salam verdik, bizi görәn kimi süfrә başına dәvәt elәyib onlarla birlikdә nahar yemәyimizi tәklif etdilәr. Dedim:

“Çox sağ olun, indicә yemişik.”

Mağaza sahibi olan yәhudi onlara rusca dedi:

“Bunlar sizin hәmvilayәtlәrinizdir, saat istәyirlәr.”

Sözün qısası, onların dilmanclığı ilә on iki manata bir saat aldıq. Yәhudi pulunu alıb getdi. Rusiyada evlәrdә, mәnzillәrdә hәmişә çay hazır olduğundan bizә çay gәtirdilәr. İçdik. Sonra söhbәtә başladıq. Mәlum oldu ki, mәnzil sahibi Batumda daimi sakin olub, ticarәtlә mәşğul olan iranlı tacirdir. Әsasәn çay alveri elәyir. Bizim kim olduğumuzu soruşdu. Dedim:

“İranlıyam, Misirdә yaşayıram, filankәsin oğluyam.”

Çox sevindi, yenidәn bizim kefimizi soruşub xoş-beş elәdi. Mәlum oldu ki, rәhmәtlik atamla tanışlığı var imiş. Atamın vәfatı xәbәrindәn çox tәәssüflәnib mütәәssir oldu. O biri iki hәmvilayәtlәrimizin kim olduqlarını soruşdum. Birini göstәrib dedi:

“Bu hәmvilayәtli Kәrbәlayı Tәqi mәrәndlidir, bu şәhәrdә yaşayır. Bu da Xәlil Sultandır, mәnim bacımın әridir. Bacım onu buraya göndәribdir, ki, mәni nә yolla olur-olsun vәtәnә qaytarsın. Mәnim burada asudә yaşamağımdan xәbәri yoxdur. İstәyir qardaşlıq mәhәbbәti ilә mәni min cür bәlaya düçar elәsin.”

Bir qәdәr zarafatlaşdıq. Bu vaxt bir nәfәr içәri girib, salamsız-kalamsız dedi:

“Hacı ağa, bu kişi yenә dә boyun qaçırır, sәn allah, mәnim canımı bu zalımın әlindәn qurtar.”

Hacı dedi:

“Ay canım, mәn daha nә elәyim, üç dәfә onun yanına getdim, xahiş elәdim yüz әlli manat sizә versin. Qәbul elәdi, söz dә verdi. Daha indi bu nә başda dolandırmaqdır, mәn bilmirәm. Allah bu tayfaya lәnәt elәsin; nә allahdan utanır, nә dә onun peyğәmbәrindәn haya elәyirlәr. Yetim-yesir malını yemәyә dadanıblar. Siz gedin, mәn bu gün yenә dә yanına gedәrәm. Bәlkә bir tәhәr elәyim ki, siz xilas olasız.”

O kişi Hacının canına dua elәyib getdi. Xәlil Sultan soruşdu:

“Nә xәbәrdir, bu kişi kimdir?”

Hacı dedi:

“Bildir burada bir iranlı vәfat elәdi. Baqqal dükanı var idi. Konsul dükanının şeylәrini satıb, yeddi yüz әlli neçә manat vüsul elәdi. Hamısını özü götürüb, guya әmanәt saxladı. İndi bu adam haman baqqalın qardaşıdır. Әlindә mәmlәkәtin mötәbәr ülәmasından şәhadәtnamәsi vardır ki, ölәnin vәrәsәsi vә qardaşıdır. Gәlib neçә aydır burada mәәttәl olubdur. Konsul ölünün malını qaytarmaq istәmir. Min müsibәtlә danışıb, yüz әlli manata kәsdik. Nainsaf oğlu onu da vermәk istәmir.”

Mәn dedim:

“Konsulu haradan tәyin elәyirlәr?”

“İranın Tiflis general-konsulluğu tәyin elәyir,” -- dedi.

Dedim:

“İndi ki belәdir, Tiflis, general-konsuluna әrizә yazıb, şikayәt elәyin.”

Dedi:

“Allah atana rәhmәt elәsin, elә bu öz dәrsini oradan almışdır.”

Xәlil Sultan dedi:

“Konsul yazığın nә tәqsiri var. Ona ki, maaş vermirlәr, nә elәsin, bәlkә dә rüşvәt, taarüf adı ilә özü bir şey dә verir.”

Dedim:

“Ağa Sultan, sizә nә var, siz ki, hәmkarsınız, ikiniz dә divanda qulluq elәyirsiniz. Әlbәttә, konsulun tәrәfini saxlayacaqsınız. Bәs sizә maaş vermirlәrmi?”

Dedi:

“Vallah, mәn razıyam ki, maaşım onların halal malı olsun. Ancaq bir şey dә mәndәn istәmәsinlәr.”

Dedim:

“Daha bir şey istәmәlәri nә demәkdir?”

Dedi:

“Mәn uzun illәrdir ki, maaş adına bir şey görmәmişәm, sәhldir ki, bir gözәl atım var, iki gözümdәn çox istәyirәm. Bizim sәrtib atı görüb ona tamah saldı. Nә qәdәr işarә, kinayә elәdi, mәn özümü bilmәmәzliyә vurdum. Nәhayәt, işarәdәn keçib, açıq söylәmәyә başladı. Mәn dә möhkәm dayanıb dedim vermәyәcәyәm. Mәnim rütbәmә müştәri tapdı. İstәdi yeddi yüz tümәn rüşvәt alıb, fövcün sultanlığını ona versin. Mәn bir dәstә adamın içindә onunla üz-üzә durub dedim: "Cәnab sәrtib, bu rütbә ata-babamdan mәnә miras qalıbdır. Mәnim babalarım şaha böyük xidmәtlәr elәyiblәr. Mәnim atam Salar bәlvasında Xorasanda iki il torpaq yeyib, neçә yara alıbdır. Әgәr mәnim rütbәmi başqasına versәn bir başa gedәrәm teleqraf ayağına, sәndәn şaha şikayәt elәrәm, özü dә son nәfәsimә kimi atımdan әl çәkmәrәm". Doğrusu, gördüm qaranın üstünә rәng yoxdur. O ki, deyilmәli idi, dedim. Sәrtib fikrini dәyişdi. Mәnә iltifat göstәrdi, xәlәt dә verdi. Ancaq bununla belә mәn atı vermәdim."

Dedim:

“Düzünü deyin görüm, әslәn sizin maaşınız yoxdur, ya onu vermirlәr?”

Dedi:

“Nә buyurursunuz, dövlәtdәn müәyyәn maaş, cirәmiz var. Xәzinәdәn hәmişә verilir. Ancaq onlar yeyirlәr, bizim kimilәrә heç bir şey vermirlәr. Allahın mәrhәmәtindәn mәnim heç bir ehtiyacım da yoxdur. Maaşı böyüklәr alırlar, әldәn-әlә gәzdirirlәr, on-on iki әldәn keçәndәn sonra onun onda biri sahibinә çata, ya çatmaya. Mәn ki, görmәmişәm. Tanıdığım hәmqatarlarım da bir şey görmәmişlәr.”

Mәnzil sahibi dedi:

“Meyliniz varsa gedәk bir qәdәr gәzәk.”

“Nә eybi var,” -- dedim.

Şәhәri gәzmәyә çıxdıq. Gәzib tamaşa elәyә-elәyә dövlәt parkına gәlib çatdıq. Çoxlu izdiham var idi. Gecәdәn yarım saat keçmiş qayıtdıq. Vidalaşarkәn mәnzil sahibinә dedim:

“Bu gün gәmi gәldi, mümkündür sabah sizin qulluğunuza çata bilmәyim. Allahın kömәyi ilә sabah İstambula yola düşürәm. Sizә can sağlığı arzulayıram.”

Hacı dedi:

“Olmaz, mümkün deyil, mәn qoymaram siz sabah gedәsiniz.”

Mәn elә zәnn etdim ki, Hacı taarüf elәyir, dedim:

“Çarә yoxdur, gәrәk gedәk.”

Dedi:

“Yox, yox, saat yaxşı deyil.”

Gördüm xeyr, mәtlәb başqa cürdür. Hacı sadәlövh adamlardandır. Özümü bilmәmәzliyә vurub dedim:

“Saatı sizin mәslәhәtinizlә aldıq. Әgәr pis idi, nә üçün alanda demәdiniz?”

Dedi:

“Yox, o saatı demirәm. Dünәn tәqvimә baxırdım, gördüm bu gün üçün dәniz sәfәrini pis yazıbdır.”

Yenә dә qanım qaraldı, dedim:

“O tәqvimә, onu yazana, ona inanana allah lәnәt elәsin! Ay allahın bәndәsi, heç eyib deyilmi, öz ömrünüzü bu kimi cәfәngiyyata sәrf elәyib, әziz vaxtınızı heçә verirsiniz. Öz evindә baş verәn әhvalatdan xәbәri olmayan dinsizin birisi yazmış ki, filan gün dәniz sәfәri yaxşı deyil, ya filan saat böyüklәrin hüzuruna getmәk yaxşıdır. O köpәk oğlu qoy göyün işini öz halına buraxsın. Oturduğu yerin dәrdinә qalıb, onun işlәrini sahmana salsın. Әvvәlcә İranın әhalisinin miqdarını öz hәmvәtәnlәrinә xәbәr versin. İkincisi, onun sahәsini, sәrhәdlәrinin mәsafәsini xalqa başa salsın, sonra da göylәrin işinә әl atsın. Mәni hamıdan çox yandıran bu münәccimlәr, bir dә onların tәqvimlәridir. Deyәsәn bu dәrd mәni öldürәcәk. Namәrd oğlu varlığını mәrhәmәtinә borclu olduğu şaha da xәyanәt elәyir. Yazır ki, filan gün şahların üzünü görmәk yaxşı deyil. Ay bәdbәxt, şahların üzünü görmәk hәmişә xoşdur. Sәn düz adam olsan, şaha sәdaqәtlә nökәrçilik elәsәn, hәr bir vaxt onun üzünü görsәn sәnin üçün mübarәk vә xoşdur. Әgәr bunun әksinә olaraq dövlәtә vә padşaha xәyanәt elәmisәnsә, әlbәttә, xain hәmişә xoflu olar. Onda heç bir xoş gün, heç bir mübarәk saat sәni mәmlәkәtә vә millәtә etdiyin xәyanәtin cәzasından qutara bilmәz.

Mәn bilmirәm bu oyunbazlıqlar İranda iranlılar arasında nә vaxtadәk davam edәcәkdir. Cәnab Hacı, icazә verin mәn dә sizә bir dәfәlik әrz elәyim: hәr vaxt sizә qüsl, yuyunmaq lazım oldu saatın xoşluğuna, bәdliyinә baxmadan hamama gedib tәmizlәnin. Elә әn xoş saat sizin tәmizliklә mәşğul olduğunuz saatdır. Elәcә dә şәri mәsәlәniz olduqda xoş saat tәyin etmәdәn şәhәrin müctәhidi yanına gedib, sualınızın cavabını alın. Çünki әn xoş saat elә sizin getdiyiniz saatdır hәr vaxt, allah elәmәmiş, xәstәlәndiniz hәkimә gedib müalicә olunun, xurafat mәcmuәsi olan bu tәqvimi kәnara tullayın. Tәqvim sahibinin yazdığı bu axmaq sözlәrә, mәsәlәn, qәndin, inәyin bahalanması, mütrüflәrin halının yaxşılaşması, yalançıların sayının artması, ev sahiblәrinin rifah halı, qadınların köndәlәn oturması, kişilәr arasında xәstәliyin çoxalması vә s. әsla etina etmәyin, onlara heç mәhәl qoymayın. Çünki hamısı başdan-başa hәdyandır.”

Gördüm Hacının halı dәyişdi. Deyәsәn mәndәn incidi.

Dedi:

“Sizin fәrmayişinizә görә, gәrәk tәqvimi ataq getsin. Çox gözәl, әgәr tәqvim olmasa idi, onda hardan bilәrdiniz ki, bu gün ayın neçәsidir?”

Dedim:

“Mәnim canım, gözüm Hacı, mәn demirәm ki, tәqvim lazım deyil, әlbәttә, hәr bir millәtә tәqvim lazımdır. Amma İranın bu tәqvimi heç kәsә lazım deyil. Hәr sәhifәsinin başında yazılıb ki, “bu ayın ovzai pendirin şorluğunu, şәkәrin şirinliyini, pambığın yumşaqlığını, daşın bәrkliyini göstәrir””.

Әlqәrәz, Hacı ilә söhbәti uzatmadım. Sözün istiqamәtini dәyişib vidalaşdım. O gecәni mәnzildә yatdıq. Sәhәr tezdәn durub çay-çörәk yedik. Günәşin çıxıb yayılmasından xeyli keçdikdәn sonra Yusif әmi mehmanxana xidmәtçisinin bәlәdçiliyi ilә tәzkirәlәrimizi İran vә Osmanlı konsulxanalarına aparıb qol çәkdirdi. İran konsulxanasında hәr tәzkirәyә iki manat, Osmanlı konsulxanasında isә bir manat hәştad qәpik almışdılar. Amma Osmanlı konsulxanası tәzkirәlәrin üstünә iyirmi quruşluq marka yapışdırmışdı. Mәlum oldu ki, Osmanlı konsuluna verdiyimiz mәblәğ onun tabe olduğu dövlәtin xәzinәsinә getdi. İran konsuluna verdiyimiz isә düz öz cibinә girdi.

Xülasә, tәzkirәlzrin qol haqq-hesabı qurtarana kimi günün dörd saatını itirdik. Gәminin dayandığı körpüyә getdik. Gördük gәmi hәlә yüklәnir. Ona görә ki, gәmi öz müәyyәn vaxtından gec gәlib çatmışdı. Mәn körpü üstündә gәzişirdim. Fikir-xәyalım o qәdәr pәrişan idi ki, sanki huşumu itirmişdim. Bir vaxt Yusif әminin sәsini eşitdim. Qışqırıb deyirdi:

“Bәy әfәndim, özünә gәl, dәnizә düşәrsәn!”

Onun sәsindәn özümә gәlәn kimi, gördüm doğrudan da atdığım addım düz dәnizin içinә idi. Geri çәkildim. Gördüm yazıq Yusif әmi ikiәlli başına döyür.

Nә isә, orada gәminin hәrәkәt vaxtı çatana kimi gözlәdik. Gәminin içinә girәn kimi gördüm sәyahәtimin әvvәlindә minib bu tәrәfә gәldiyim haman "Azov" adlı rus gәmisidir. Gәmidәki işçilәr mәni tanıdılar. Xoş-beş elәyib, bir-birimizin әhvalını soruşduq. Bu gözәl tәsadüf mәni sevindirdi. Gәmi yola düşdü. Hava çox gözәl, dәniz tamamilә sakit idi. Trabzon, Sinob, Kerson, Samson dayanacaqlarını bir-bir keçib geridә buraxdıq. Beşinci gün sәhәr İstambul boğazına gәlib çatdıq. Boğazın girәcәyindә olan Qovaq karantin mәntәqәsindә hesabladım, gördüm düz sәkkiz ay iyirmi bir gündür ki, buradan müqәddәs Mәşhәdi ziyarәt etmәk vә İran sәyahәti әzmilә çıxmışam.

* * * * *

Ev sahibi deyir:

“Elә ki, o kәdәrli sәyahәtnamәni oxuyub qurtardım, heyrәt dәryasında qәrq oldum. Bir vaxt saata baxıb gördüm günün batmasına on dәqiqә qalır. Heyrәtim daha da artdı. Çünki düz doqquz saat idi ki, sәyahәtnamәni oxuyurdum. Bu müddәtdә nә papiros çәkmişdim, nә bir şey yemişdim, nә dә yerimdәn tәrpәnmişdim. Özümü büsbütün unutmuşdum. Biçarә qonaqlardan da xәbәrsiz idim. Onlar hamama getmişdilәr. İndi isә günün batmasına az qalmışdır. Hәlә onlardan xәbәr yox idi. Hey fikirlәşirdim ki, görәsәn bunlar harada qaldılar, harada nahar elәdilәr? Nökәri çağırdım. Mәni görәn kimi tәәccüblәnib dedi:

“Ağa, siz evdәsiniz? Biz elә bildik ki, siz qonaqlarla birlikdә evdәn çıxmısınız. Xanım indi mәndәn soruşdu ki, bunlar nә üçün gәlmәdilәr.”

“Füzulluq elәmә,” -- dedim. -- “Görürsәn ki, buradayam, daha soruşmağın nә mәnası var? Tez Xan Validәyә gedib, yuxarı mәrtәbәdә, nömrәli otağa baş vur. Gör qonaqlar orada olsalar, özünlә birlikdә evә gәtir, orada olmasalar, mәnzil sahibindәn soruş gör orada olmuşlar, ya yox. Tez qayıt, xәbәr gәtir!”

Nökәr getdi. Mәn yenә dә qonaqlar haqqında düşünüb özümü danlayırdım ki, nә üçün onlarla getmәdim. Az keçmәmiş gördüm ikisi dә gәldi. Dik durub qarşıladım. Gәlib oturan kimi dedim:

“Qardaş, mәni әcәb işә saldın. Bu müsibәtnamәni vә ya sәyahәtnamәni mәnә verib getdin. Mәnim başımı elә qatdı ki, nә özümdәn xәbәrim oldu, nә dә sizdәn. Bu vaxta qәdәr ağzıma bir şey dәymәyib, hәtta papiros da çәkmәmişәm; necә ki oturmuşam, yerimdәn belә tәrpәnmәmişәm. Hәtta arvad-uşaq elә bilir ki, mәn dә sizinlә getmişәm. İndicә özümә gәlib sizin haqqınızda düşünürdüm. Deyirdim görәsәn harada qaldınız.”

İbrahim bәy dedi:

“Biz dә hamamdan çıxan kimi tanış bir hәmvilayәtliyә rast gәldik, bizi mәnzilinә apardı. Naharı, çayı ona qonaq olduq. Yenә dә әl çәkmәdi ki, gәrәk gecәni dә qonaq qalasınız. Min xahiş, iltimasla ondan ayrıldıq. Evә tәrәf gәlirdik. Yolda sizin adama rast gәldik. Dedi ki, bizim dalımızca göndәrmisiniz.”

İSTAMBULA DAXİL OLANDAN SONRA İBRAHİM BӘYİN SӘRGÜZӘŞTİ

Bir qәdәr söhbәt elәdik. Sonra dedim şam gәtirsinlәr. Elә bu vaxt İbrahim bәyin ünvanına Misirdәn mәktub çatması yadıma düşdü. Dedim:

“Qardaş, doğrudan da, yadımdan çıxdı sizә deyim ki, Misirdәn sizә mәktub gәlibdir.”

Kağızı qovluqdan çıxarıb verdim. İbrahim bәy hәdsiz bir şövq ilә mәktubu alıb, ucadan oxumağa başladı.

Mәktubun mәzmunu belә idi:

"Әziz qardaşım, allaha şükür, bütün qohum-әqrәba salamatdır. Ümid edirәm bu günlәrdә allahın pәnahında İstambula varid olubsunuz. Sizdәn o qәdәr nigaranıq ki, demәklә başa gәlәn deyil. Bütün dostlar sizin sәyahәtinizin uzanmasından darıxıblar. Hamımız belә fikirdәyik ki, siz Misir ölkәsindә tam azadlıqla böyümüsünüz, sizin bu halınız İranın vәziyyәti ilә әsla uyğun gәlmәyәcәk. Doğrusu, qorxurduq sәrbәst danışmağınızdan İranda başınıza böyük bәlalar gәlsin. Xüsusilә qoca anan bu babәtdәn çox nigaran idi. Gecә-gündüz işi-peşәsi ağlamaq idi. Ay insafsız, tutalım, dostları tamamilә unutdun, bәs ana-oğulluq mәhәbbәti harada qaldı? Bu uzun müddәtdә sizdәn nә bir mәktub aldıq, nә dә bir teleqram gәldi ki, heç olmasa dostlarını arxayınlaşdırsın, hicran dәrdi ilә taqәtdәn düşmüş ananın ürәyini sakitlәşdirsin. Mәn elә yaxşı bilirdim ki, siz öz mәşuqәniz olan "İran xanımın" camalını görәn kimi tәkcә bizlәri deyil, hәr şeyi unudacaqsınız. Әlqәrәz, allaha şükür ki, neçә gün qabaq sizin Tәbrizdәn teleqrafla xәbәr verdiyiniz hәrәkәt müjdәsi gәlib çatdı. Dostlar bu xәbәri eşidәn kimi çox sevindilәr. Xüsusilә bu müjdә anana tәzәdәn ruh verdi. Şadlığından iki gecә-gündüz ağlayıb, hey sizin teleqramı öpür, iylәyir, gözlәrinә sürtürdü. Tәsadüfәn teleqram elә tez çatmışdı ki, hamımızı heyram etmişdi. Deyәsәn onun da ananın nigaranlığından xәbәri var imiş. Üç saat otuz dörd dәqiqәdә bizә gәlib çataraq sizin salamatlıqla hәrәkәt müjdәnizi xәbәr verdi. Doğurdan da, halal olsun şair Mirzә Rzanın ildırımdan sürәtli qaçan bu çapar haqqındakı şeri:

Nә gözәl vasitәsәn mәzlumlara, ey teleqraf!

Sәn gәdanın halını söylә şaha, ey teleqraf!

Bircә an içrә şüai-şәmsi alәmtab tәk

Son yüz illik mәnzili vurdun başa, ey teleqraf!

Bir baxış quş tәk uçub gözdәn çatınca kirpiyә

Sәn uçub yüz mәnzili kәsdin, yaşa, ey teleqraf!

Tәzә bir xәbәr yoxdur. Dostların hamısı salamatdırlar. Sizi yad etmәkdәn başqa bir söhbәtlәri yoxdur. Söhbәt әsnasında bәzilәri deyirlәr ki, kaş biz dә İranda İbrahim bәyin yanında olaydıq. Bir görәydik o vәziyyәti görüb necә öz-özünә hirslәnir. Görәsәn, indi o qәliz söyüşlәrini kimә yağdırır, kimlәri dinsizlikdә, qeyrәtsizlikdә töhmәtlәndirir. Bu sözlәrdәn hey deyib gülürlәr. İnşallah, tez tәşrif gәtirin, dostların sizinlә çox işi var. Canınızın әllәrindәn xilas olmasını istәyirsinizsә onların deyәcәyi sözlәri özünüz әvvәldәn deyin. Özünüz onlarla birlikdә gülün vә belәliklә canınızı asudә elәyin. Yoxsa işiniz xarab olacaq. Sizi hirslәndirmәk üçün özlәrini yaman hazırlayıblar.

Siz buradan tәşrif aparandan sonra baş verәn tәәssüflü bir hadisә varsa da Hacı Әlibaba Sәlmasinin vәfatıdır. Allah ona rәhmәt elәsin. Onun vәfatına bütün dostları, qәriblәrdәn tutmuş yerlilәrәdәk heyfsilәndilәr. Tәziyәsindәn sonra rus konsulxanasının mәmurları gәlib, nәqdini, әmlakını vә tәlәblәrini siyahıya aldılar. Camaat onun sәrvәti haqqında mübaliğәli sözlәr deyirdi. Ancaq üst-üstә nәqdindәn, mülkündәn, tәlәbindәn otuz dörd min lirә irs qoyub getdi. Sәğir Әlirzanın vә şüurdan naqis olan Mәmmәdәlinin payını banka tapşırdılar. Qәrar qoydular ki, Әlirzanın mәktәb vә başqa xәrclәrinә ayda iyirmi beş lirә, Mәmmәdәliyә isә sәkkiz lirә versinlәr. Hәddi-büluğa çatmış vәrәsәlәrin payını isә özlәrinә verdilәr. Konsulxana mәmurları bir hәftә tamam mәrhumun nәqdini, cinsini bölürdülәr. Konsulxana yalnız beş lirә yarım zәhmәt haqqı vә ya hökumәt haqqı götürdü. Onu da hәddi-büluğa çatmış vәrәsәlәrdәn aldılar. Sәqirlәrin malından bir dinar da götürmәdilәr. Bu hadisәdәn әlavә başqa bir qәribә hadisә dә baş vermişdir. Sizin Süveyş limanında mağazası olan dostunuz ticarәt mәqsәdilә Sudana getmişdi. Deyәsәn, o vaxt siz Misirdә idiniz. Xülasә, bundan bir neçә vaxt qabaq onun ölüm xәbәri gәldi. İran konsulu ... xan Misirdәn bir mәmur göndәrdi. Onun Süveyşdә mağazasını möhürlәyib, adamını da bayıra çıxartdı. Mağazada nәqddәn, cinsdәn, kara gәlәn hәr nә var idi ortalıqda yeyildi. Yazıq mağaza sahibi bilmirәm nә vasitә ilә macәradan xәbәrdar olur. Ölüm xәbәri yayılandan ay yarım sonra özü Süveyşә gәlib çatdı. Mağazasının möhürlәndiyini görüb, Misrә gәldi. İndi nә qәdәr qışqırıb deyir ki, "mәn ölmәmişәm, mağazamı açın, mәnim әmvalımı özümә qaytarın" -- sәsi bir yana çatmır. Cәnab konsul onu başdan elәyir. Biçarә әlacsız qalıb, Xidivi hökumәtinә әrizә verdi. Etina elәyәn olmadı. Qәribә hәngamәdir. Dünәn Ağa Mirzә Abbasla Hacı Xәlil ağa zarafatla deyirdilәr ki: “Ay allahın bәndәsi, kosulxanada sәnin ölümün sübuta yetişmişdir. İndi gәrәk gedib Sudandan tәsdiq olunmuş şәhadәtnamә gәtirәsәn. Orada yazılmalıdır ki, sәn dirisәn. Onda sәnin әrizәnә baxan olar". Yazıq bu sözlәri eşidәn kimi dәli oldu. İndi avarasәrgәrdan gәzir, sonrası mәlum deyil necә olacaq. Misirdәki iranlılar deyirlәr İbrahim bәyin yeri boş görәsәn bu әhvalatı öz gözü ilә görәndәn sonra özünә gәlәrdi, ya yenә dә bizi qeyrәtsiz, damarsız adlandırardı.”

Mәn bir vaxt gördüm İbrahim bәyin әllәri әsir. Әhvalında bir çaşqınlıq göründü. Mәktubu qeyzlә tikә-tikә elәyib bir tәrәfә tulladı. Sonra dedi:

“Heç özüm dә bilmirәm ki, başımın bәlası nәdir. Hәr yerdә bir müsibәt oldu, gәlib mәni tapır. Elә bil bu macәraları mәnim ürәyimi yandırmaq üçün qәsdәn hazırlayırlar. Daha bilmirlәr ki, bu başıbәlalı ürәk bir tikә qan laxtasına çevrilmişdir. İnsafsız oğlu deyәsәn bәs mәni qarşılamaq üçün töhfә göndәribdir. Allaha and olsun, bütün bunlarla birlikdә mәn razıyam ki, İran konsulu mәnim var-yoxumu qarәt elәyib aparsın, özümü dә әn ağır müsibәtlәrә düçar elәsin, ancaq mәn ölәndәn sonra neçә nәfәr çәnәsi qırxılmış kasapapaq xaçpәrәst irsimi vәrәsәlәrimә bölmәk üçün evimә ayaq basmasın. Bu hәr şeydәn xәbәrsizlәr belә güman elәyirlәr ki, Rusiyada zülm yoxdur, onun mәmurları rüşvәt almırlar. Vallah, onlar cilovlarını qırsalar, Molla Nәsrәddinin buzovu kimi, İran mәmurlarından daha iti qaçarlar. Amma dәrd burasındadır ki, bizdә su sәrçeşmәdәn bulanlıqdır. Rus mәmurlarını xәyanәt üstündә tutsalar daha xilas olmaları, lap imperator ailәsinә mәnsub olsalar belә, tәzәdәn işә qayıtmaları mümkün deyildir. Vasitәçi ayağının ortalığa girmәsi dә әsla tәsәvvür oluna bilmәz. Onun tәqsiri müqabilindә mәhkәmәnin verdiyi cәza hökmü artırılıb әksildilmәdәn yerinә yetirilir.... Daha orada rüşvәt bir iş görә bilmәz. İş mәhkәmәyә çatandan sonra hamının haqqında bәrabәr hökm verilir. Әdalәtin mәnası da bundan ibarәtdir. Mәhz buna görә dә aqil adamlar demişlәr: "Bәrabәrcәsinә edilәn zülm -- әdalәtdir". Amma bizim bәdbәxt İranda biri dövlәtә yüz min tümәnlik xәyanәt etdikdә vә ya haman miqdarda başqasının malını mәnimsәdikdә işin üstü açılandan sonra iyirmi min tümәnin rüşvәt ünvanı ilә rәislәrә versә, heç şübhә yoxdur ki, hәr cür cәzadan xilas olacaq, qalanını arxayınlıqla yeyib üstündәn dә su içәcәk.”

Ev sahibi deyir:

“Hәrçәnd ki, mәn әvvәldәn dә İbrahim bәyin milli tәәssübünün nә dәrәcәdә olduğunu bilirdim, amma İranı sәyahәt edib başına min müsibәt gәldikdәn sonra bu tәәssüb alovunun müәyyәn qәdәr sönüb sovuşacağını tәsәvvür edirdim. Ancaq bu halәti görüb, sözlәrinә dürüst fikir verdikdәn sonra zәnnimin xәta olduğunu anladım, yәqin etdim ki, onun milli tәәssübü bir neçә qat da artmışdır. Buna görә dә onun bu xasiyyәtinin tәsadüfi deyil, fitri olduğuna qәlbәn inandım. Belә bir xasiyyәt “süd ilә bәslәnib, can ilә çıxar”.”

Onun köksünü dәrinliklәrindәn bir-birinin ardınca qopub gәlәn ahlar qәlbimi yandırdı. Birdәn-birә köyrәldim, ixtiyarsız ayağa qalxıb, ağlaya-ağlaya onun üz-gözündәn öpüb dedim:

“Qardaaşm, vәtәnpәrvәrlik nemәti sәnә nuş olsun!”

Afәrinlәr sәni doğan anaya,

Әhdü peymanı öyrәdәn ataya.

Doğru deyirsәn, tamamilә düzgün başa düşmüsәn, bizdә su sәrçeşmәdәn bulanlıqdır. Әlbәttә, demәk olmaz ki, bütün müsәlman hakimlәri zalım, qeyri-müsәlman hakimlәri adildirlәr. Bizim dә burada bir konsulumuz var, xaçpәrәstdir. Amma qabaqkı konsullardan min dәfә artıq zalımdır. Elә işlәr görür ki, heç sözlә demәk mümkün deyil. Bilmirәm nә yolla özünü bu sәfirliyә salıbdır. Uzun müddәtdir ki, millәtin bütün tәbәqәlәrinin ixtiyarını bu zalımın әlinә tapşırıb, onu xalqın canına, malına hakim kәsiblәr. Millәtin aciz-avaralarını әzmәkdә, möhtәrәm adamları hörmәtdәn salmaqda o qәdәr cәsarәtli vә qorxmazdır ki, camaat bir nәfәri istisna etmәklә, başqa bütün keçmiş konsullara rәhmәt oxuyur. Dostlarımdan biri deyirdi ki, neçә gün bundan qabaq bir iş üçün konsulxanaya getmişdim. İki nәfәr adi adam gördüm. Biri digәrindәn şikayәtçi idi. Borclu deyirdi: "Borcumu ödәmәyә imkanım yoxdur". Birdәn tәlәbkar özündәn çıxıb qışqırdı: "Xan, qurbanın olum, bu insafsızdan soruş gör mәnim pulum ermәni puludur?" Oradakıların hamısı gülüşdü. Xan özü də gülümsәdi, ancaq mәn özüm gördüm ki, rәngi o saat dәyişildi. Qәribәdir ki, belә bir konsul öz mәmuriyyәtinin sәlahiyyәtinә görә bizim nigah-tәlaq işlәrinә dә baxırdı. Demәli, sәrçeşmәnin xarabalığına bundan artıq dәlil ola bilmәz. Hәr kәs öz әlaltılarından zorla alıb güclülәrә rüşvәt versә, hәr hansı mәmuriyyәti istәsә onu әlә keçirә bilәr. Hәm dә nә qәdәr rәhmsiz olsa hökumәt dәstgahına o qәdәr çox yaxınlaşar. Belә olmasa idi, nәsrani müsәlman qazisi olmazdı.”

Burada Yusif әmi dә söhbәtә qoşulub dedi:

“Mәnim әzizim, bu nә fәrmayişdir ki, elәyirsiniz? Necә ki, yәni su sәrçeşmәdәn bulanlıqdır? Hәr yerdә hәr bir millәtdәn zalım da var, adil dә. Allah Misir general-konsulumuz Әhmәd xana rәhmәt elәsin. O da elә hәmin sәrçeşmәdәn su içirdi. O da İran dövlәtinin qulluqçularından biri idi. Misirdәki tәbәәlәr vә özündәn aşağı mәmurlarla ata kimi rәftar edirdi. O mәrhumun qulluğu zamanı iranlılar xüsusi abır-hörmәtә malik idilәr. Bundan qabaqkı konsulların zülmündәn öz tәbәәliklәrini tәrk etmiş iranlılar peşman olmuşdular. İran rәiyyәtlәrindәn bir nәfәri belә o mәrhumdan, onun işçilәrindәn incimәmişdi. Zavallı hәmişә borclu idi. Әlinә düşәni seyidlәrә, dәrvişlәrә paylardı. Yadımdadır, bir gecә bәyin mәrhum atasına mәktub göndәrib, әlli lirә borc istәmişdi. Rәhmәtlik Hacı o mәrhumun әliaçıqlığını bildiyi üçün haman mәblәği mәnә verib tapşırdı ki, özün apar ver, gör gecәnin bu vaxtında pul nәyinә gәrәkdir. Mәn aparıb pulu verdim. Gördüm evindә üç nәfәr seyid oturubdur. Konsulun peşkarından işarә ilә soruşdum ki, gecә vaxtı bu pul nәyә lazım olubdur? Dedi: "bu üç nәfәr seyidә vermәk üçün. Xa bunlara vәdә vermişdi ki, gedәndә sizә bir nәzir verәcәyәm. İndi gedirlәr, bunlara vermәliyik"".

Doğrudan da, azca keçmәmiş xan onları yanına çağırdı. Pulu onların arasında bölüşdürdü.

Misirdә o mәrhumdan sonra bir-iki konsul әvәz olundu. Nәhayәt, Hacı Mirzә Nәcәfәli xan gәldi. Necә deyәrlәr, mum şamın yerindә neft çırağı yanmağa başladı. O mәrhumun min zәhmәtlә İran dövlәti vә millәti üçün qazandığı şәrf vә heysiyyәti tapdaladı. Elә harınladı ki, camaat Çingiz qoşununa rәhmәt oxudu. Özündәn әvvәl konsul olub zülmdә ad çıxarmış xoylu Hәsәn xanı neçә mәnzil geridә buraxdı. Allah onun ruhunu qiyamәt gününәdәk әzaba düçar elәsin. Demәli, mәlum olur ki, fitri rәhmsizlik adamı zülm etmәyә vadar edir. Sәrçeşmәnin nә günahı var?”

Bu vaxt gәlib dedilәr şam hazırdır. İbrahim bәy dedi:

“Siz şamı hәr gecә belә tez edirsiniz, ya bizim xatirimiz üçün bu gecә belә etmişsiniz?”

“Qardaşım,” -- dedim, -- “bu gün mәn sizin sәyahәtnamәnin dövlәtindәn oruc tutmuşam. Amma heyf ki, namaz qılmadım.”

Qonaqlar güldülәr. Hәqiqәtdә dә belә idi. Namazımı tamamilә unutmuşdum. Süfrә başına getdik. Xörәk başında da bir qәdәr danışdıq. Amma İbrahim bәyin әhvalını çox pozğun gördüm. Bәzi hәrәkәtlәri mәni şübhәlәndirdi. Mәsәlәn, bәzi söhbәtlәri tәzәdәn soruşurdu. Sanki tәzәcә gәlib, söhbәtin әvvәlindәn xәbәrsizdir. Elәcә dә özü bәzi sözlәri tәkrar edirdi. Nә isә, şamı yeyib süfrә başından durduq.

İbrahim bәy dedi:

“Mәn namaz qılmaq istәyirәm.” -- Sonra zarafatla әlavә elәdi: -- “İstәyirsiniz sizin dә günorta, ikindi namazlarınızın qәzasını qılım?”

Mәnimlә Yusif әmi qaldıq. Yusif әmidәn soruşdum:

“Әmican, de görüm sәnin öz kefnn necәdir?”

Dedi:

“Ağa, mәnim kefimi soruşmayın, canım boğazıma yığışıbdır. Bilsәydiniz ki, mәn bu sәfәrdә nә mәşәqqәtlәr çәkmişәm, mәnә rәhminiz gәlәrdi. Tәkcә mәn deyilәm, bu cavan da әriyib qurtarıbdır. Neçә gündür ki, qәribә hәrәkәtlәr elәyir. Hey ah çәkir, gah özü bilmәdәn dodağını dişlәyir, gah da heç bir zahiri sәbәbi olmadan әlini dizinә döyür. Bәzi vaxtlar öz-özünә o qәdәr danışır ki, qәşş elәyәn adamlar kimi ağzı köpüklәnir, gözlәri hәdәqәsindә oynayır, nәhayәt, bütün canını titrәtmә tutur, huşsuz düşüb yatır. Yatanda da rahatlığı yoxdur. Hey öz-özünә danışır, elә bir ucdan "vәtәn, vәtәn!" deyir. Bәzәn görürsәn birinin üstünә qışqırıb deyir: "Vәtәnin fәlakәtinә, hәmvәtәnlәrin pәrişanlırına sәbәb sizsiniz. Vәtәn mәhәbbәtinin mәnasını anlamırsınız". O qәdәr bu kimi sözlәrdәn deyir ki, daha mәn dözә bilmirәm. Yuxudan ayıldıb soruşuram axı bu nә qışqır-bağırdır salımsan, kimlә düşmәnçiliyin var. Deyir heç kimlә. Yenә yatır, yenә dә haman aşdır, haman kasa. Bilmirәm başıma hansı külü әlәyim. Allahdan istәyim budur ki, mәnә ölümdәn o qәdәr möhlәt versin ki, bu cavanı sağ-salamat aparıb Misirdә anasına tapşırım. Ondan sonra daha dünyada heç bir arzum yoxdur. Bu cavanın әhvalı çox xarabdır. Siz dә bir az nәsihәt elәyin, bәlkә tәsir elәyib, huşsuzluq alәmindәn özünә gәlsin.”

Dedim:

“Onun sәyahәt әzmini eşidәn kimi mәn әvvәldәn dә bilirdim ki, sizin başınıza nәlәr gәlәcәk. Amma yenә şükr elә, yenә dә yaxşı qurtarmısınız.”

Bu vaxt İbrahim bәy namazını qılıb gәldi. Salam verib әylәşdi. Dedi:

“Mümkündürsә Misrә bir teleqram yazaq, adamınız aparıb teleqrafxanaya versin.”

“Nә üçün mümkün deyil, çox asan bir işdir,” -- dedim.

Teleqram yazıb göndәrdik. Sonra mәn dedim:

“Yaxşı, qardaşım, indi bir qәdәr danışın, söhbәtlәrinizdәn istifadә elәyәk. Amma xahiş elәyirәm İranın pәrişanlığından bir söz söylәmәyin. Ona görә ki, sizin sәyahәtnamәnizdә onların hamısını oxudum. Әvvәldәn dә müәyyәn qәdәr bilirdim. Siz bir az da vәtәndә gördüyünüz yaxşı cәhәtlәrdәn nәql elәyin.”

Dedi:

“Xoşa gәlәnlәrdәn dә nә görmüşәmsә sәyahәtnamәdә yazmışam. Әlbәttә, oxuyubsunuz.”

Dedim:

“Yaxşı yadımda deyil. Bundan әlavә, istәyirәm sevgilinizin vәsfini sizin öz dilinizdәn eşidәm.”

Dedi:

“Ümumiyyәtlә mәn İranda dörd gözәl şey gördüm. Bunlarla mәn vә bütün vәtәnpәrәstlәr sevinib fәxr edә bilәrik. Birincisi, İmam Rza әleyissalamın müqәddәs mәqbәrәsidir. İkincisi, Şah Abbas Sәfәvinin tikdirdiyi karvansaralar vә bәzi şose yollarıdır. Allah onun qәbrini nurla doldursun. Üçüncüsü, Tehranda "möhtәrәm cәnab" kimi böyük vә bacarıqlı şәxsiyyәtin vücududur. Dördüncüsü, Tehranda Nasiri Darülfünunudur. Vәssәlam.”

Dedim:

“Daha vәssәlam nә üçün? Bu qәdәr gözәl şәhәrlәri sәyahәt elәyib gәzdiniz, sizin gec bәyәnәn tәbinizә yalnız elә dörd şey gözәl göründü? Mәgәr Urmu şәhәrini, onun cәnnәti andıran gözәl yaşıl çәmәnlәrini vә bağlarını gәzmәdiniz ki, havası vә nәsimi hәr tәrәfdәn müşk-әnbәr kimi әtir saçır. Oranı görmüş olan adamlar deyirlәr ki, o gözәl şәhәr behiştin bir nümunәsidir. Bağ-bostanında o qәdәr rәngarәng güllәr var idi ki, Çin nәqqaşxanası ona hәsәd aparır. Torpağı hәr yerdә әnbәr kimidir. Sәn allah, gör heç insafdır ki, yer üzünün gülüstanı olan o şәhәri tәriflәmәmiş keçәsәn?”

Dedi:

“Mәn bağları, bostanları solmuş, bağbanları yuxuya dalmış gördüm. Çiçәklәrinin hamısı solub saralmış, bağlarını toz-torpaq basmışdır. Nә gülüstanında bir sevinc, nә dә güllәrindә bir tәravәt gördüm. Xәzan lәşgәri onun hәr tәrәfini talamışdır. Belә bir xәzandan sonra baharın gәlәcәyini zәnn etmirәm. Orada il on iki ay yalnız xәzandır.”

Dedim:

“Sizin söhbәtlәrinizdәn mәlum olur ki, İrandan çox incimisiniz.”

İbrahim bәy dedi:

“Ola bilmәz ki, mәn öz sevgilimdәn inciyim. "Mәn aşiqi-sadiqәm, bu yoldan dönmәm". Mәnim hәyatım o müqәddәs torpaqdan asılıdır. Mәnim bu qәm bәslәyәn könlümün bütün incikliyi bağbanın qәflәtinә görәdir. Yoxsa bağın tәqsiri nәdir? Özün tәriflәdiyin kimi, Urmu şәhәri vә İranın başqa şәhәrlәri yüz belә tәrifә layiqdir. Mazandaran cәngәli yer üzünün behiştidir. Bütün yer üzündә o gözәllikdә hava, o münbitlikdә torpaq tapmaq olmaz. Tәәssüflәr olsun ki, bağbanın qәflәti üzündәn neçә illәrdir ki, әcnәbi divlәri oraya tökülüb fәrәhgәtirәn havasına qәm torpağı sәpmişlәr. O namәrdlәrin baltasının yarası vәtәnpәrvәrlәrin qәlbindә qiyamәtәdәk yer elәyәcәk. Axı mәn hansı külü başıma әlәyim?! Bu müqәddәs torpaq sahibinin nә kimi yaxşı xüsusiyyәtlәrindәn bәhs açım. O müqәddәs torpağın bir neçә limanında öz dövlәtimizin vә millәtimizin qüdrәti vә varlığının timsalı olan şiri-xurşid bayraqlı gәmilәr nә üçün gәrәk olmasın?! Dövlәt başçılarımız Avropaya etdiklәri üç sәyahәtin xәrcini ölkәnin abadlığına sәrf elәsәydilәr bu gün dövlәt xәzinәsi haman abadlıq üçün qoyulmuş xәrc qәdәr mәnfәәt aparardı. Belә olsaydı, mәmlәkәtin zәruri xәrclәri üçün daha xalqı talamağa mәcbur olmazdılar. Vәtәn torpağı hәr bir yerdә fәryad edib deyir ki: "Ey iranlılar, ey mәnim naxәlәf övladlarım, mәndәn qafil olmayın! Mәn öz qәlbimdә sizin üçün saysız-hesabsız xәzinәlәr hazırlamışam. Sәy edin, hümmәt göstәrin, mәndәn feyziyab olun!" Amma onun fәryadlarını heç kәs eşitmir. Onları ucadan sәslәyirlәr, ancaq onlar eşitmirlәr.”

Dedim:

“Belә mәlum olur ki, siz ölkәnin әhalisindәn, yәni öz vәtәndaşlarınızdan incimisiniz. Sizin söhbәtlәrinizdәn dә, sәyahәtnamәnizdәn dә bu mәtlәb mәlum olur. Ancaq mәn sizә nәsihәtlә deyirәm ki, bu xülyadan әl çәkәsiniz. Çünki İbrahim adlı bir cavanın qüssә elәyib vәtәnin vәziyyәtini islah etmәk arzusu ilә öz xәyalını pәrişan etmәsinin, vәtәnin işlәrindә heç bir nizam-intizam olmadığına görә daima kәdәrlәnmәsinin heç bir sәmәrәsi yoxdur. "Olan olar, sәnә qәm-qüssә qalar"....

Bәlayә düşәndә ağlama әsla,

Ağlamaq könlünü edәr pәrişan....

Bu fikir pәrişanlığının, allah elәmәmişdәn, sәnin vücuduna vә sağlamlığına sәdәmә vuracağından qorxuram. Sәnin bu halәtin öz canına qәsd elәmәk kimidir. Bu özü dә böyük günahlardan biridir. Axirәtdә isә allahın qәhrinә sәbәb ola bilәr. Özünә rәhm elәmirsәnsә, o qoca anana yazığın gәlsin. Çünki bu gün yer üzündә onun sәndәn başqa bir adamı yoxdur. Hәyatı sizin hәyatınızla bağlıdır. Bu sәyahәtnamәdә yazdığın vә ürәyini ağrıdan mәsәlәlәr heç kәsdәn gizli deyildir. Hamı hәr gün onu öz gözü ilә görür. Bu vәziyyәtә hamı artıq alışmışdır. Bütün bunlar camaatın nәzәrindә büsbütün aşkar olduğundan öz әhәmiyyәtini itirmişdir. Ancaq bununla belә bu vәziyyәtә son dәrәcә tәәssüflәnmәk lazımdır. Fәqәt nә etmәli? Bu nöqsanlar sәnin, mәnim ölümümlә aradan qaldırılacaqdırsa, buyur, bismillah, әvvәl mәn, sonra sәn özümüzü öldürәk. Madam ki, bu dәrdlәrin çarәsi sәninlә mәnim әlimdә deyil, yanmalı vә dözmәliyik. Bәlkә allah özü üzümüzә bir fәrәc qapısı aça, dövlәt vә millәt başçılarını qәflәt yuxusundan oyada.”

İbrahim dedi:

“Qardaşım, mәn müxaliflәrin әlinә bәhanә vermәmәk, onların mәzәmmәtinә düçar olmamaq üçün vәtәndә gördüklәrim xoşagәlmәz cәhәtlәrin hamısını yazmamışam. Doğrusu, qorxmuşam ki, onlar öz ağır şәmatәtlәri ilә mәnim işıqlı gündüzümü qaranlıq gecәyә çevirsinlәr.”

Qeyrәtimdәn deyә bilmәm mәni kim öldürdü,

İstәmәm xalq bilә çün adını sevdigimin.

Bu әsnada qapı döyüldü. Nökәr gedib qapını açdı. Ülәma zümrәsindәn olan başı әmmamәli bir iranlı otağa girdi. Deyәsәn gecә söhbәtinә gәlmişdi. Adi xoş-beşdәn sonra dedi:

“Filankәs, doğrusu, sizә bir әziz qonağın tәşrif gәtirmәsini eşitdim. İstәdim sәhәr qulluğunuza çatım. Sonra düşündüm ki, gecәlәr uzundur. Elә yaxşısı budur ki, gecә gәlim, doyunca söhbәtlәşәk.”

Dedim:

“Çox әcәb elәmisiniz, xoş gәlib sәfa gәtirmisiniz.”

Mәclis bir qәdәr sükutla keçdi. Molla dedi:

“Mәclisinizin çox soyuq keçdiyini görürәm. Söhbәtiniz mәhrәmanәdirsә, mәn bir stәkan qәhvә içib, mürәxxәs ola bilәrәm.”

Dedim:

“Xeyr, bu nә sözdür, bizim hörmәtli qonaq İrandan tәzә gәlib, orada şahidi olduğu bir para xoşagәlmәyәn hadisәlәr ürәyinә dәymişdir. Yoxsa bu mәclisin soyuqluğu nә sizdәndir, nә dә mәndәn.”

Molla üzünü İbrahim bәyә tutub dedi:

“Qonaq qardaş, İranda nә xәbәr var, mәgәr nә hadisә üz vermişdir ki, sәnin xatirinә dәymişdir? Deyin, biz dә bilәk.”

İbrahim bәy dedi:

“Heç bir xәbәr yoxdur.”

Molla yenә dә tәkid elәdi. İbrahim bәy dedi:

“Mәnim incikliyimin әn böyük sәbәbi sizsiniz.”

Molla tәәccüblә dedi:

“Mәn?!”

İbrahim bәy dedi:

“Ya siz olun, ya da sizin qardaşlarınız, nә tәfavütü var.”

Molla dedi:

“Mәn vә ya mәnim qardaşlarım sizә nә pislik elәmişik?”

“Mәnә heç bir pislik elәmәmisiniz, amma başqa qardaşlarımın hüququnu tapdalamısınız.”

Molla dedi:

“Nә hüquq, sizin hansı qardaşlarınızın hüququnu?”

İbrahim bәy dedi:

“Mәnim vәtәn qardaşlarımın hüququnu.”

Molla dedi:

“Doğrusu, bir şey anlamıram.”

İbrahim bәy dedi:

“İndi mәn bircә-bircә әrz elәrәm, siz anlayarsınız. Cәnab axund, Şahrudda bir bәhanә tapıb, sizin qulluğunuzda әylәşmiş bu Yusif әmi ilә mәn mәdrәsәsi olan bir mollanın yanına getdik. Yusif әmi satıcı oldu, mәn alıcı. Molla bir sәnәd yazaraq Yusif әminin evinin müәyyәn mәblәğ müqabilindә mәnә satılmasını tәsdiq etdi. Bizdәn aldığı bircә qran yazı haqqı müqabilindә mәsәlәnin hәqiqәtinә varmadan, onun doğruluğunu öyrәnmәdәn әsası olmayan, mövhum bir müamilәnin sәnәdinә möhür basıb, şәhadәt verdi. Ola bilsin ki, bu Yusif әmi başqasının malını tәqәllüblә mәnә satır. Haman molla bizi tanımadan o sәnәdә necә qol qoydu? Hansı şәri dәlilә әsasәn müamilә şәrtnamәsinә şәhadәt verdi?”

Molla istehza ilә dedi:

“Bәh-bәh, ağa can, bu da oldu söz?! Yazanın nә tәqsiri var. Siz gedib iqrar etmişsiniz, o da sәnәd yazıb sizә vermişdir.”

İbrahim bәy dedi:

“Әgәr satılan ev özgәninkidirsә vә vermirsә, onda neylәmәk lazımdır?”

Molla dedi:

“Heç nә elәmәk lazım deyil.”

İbrahim bәy dedi:

“Evi vermәsә mәn gedib hakimә şikayәt elәrәm.”

Molla dedi:

“Özün bilәrsәn, get şikayәt elә!”

İbrahim bәy dedi:

“Mәn hakimә şikayәt etdikdә o, fәrraşbaşısına buyuracaq ki, mülkü alıb mәnә versinlәr. Belә olduqda hәr iki tәrәfdәn hey rüşvәt, peşkәşdir ki, alacaqlar. Bir vaxt xәbәr tutacağıq ki, ikimiz dә var-yoxdan çıxmışıq. Tutalım ki, bu mәktәb mollası idi, onunla işimiz yoxdur, bәs fitva verәn yekә-yekә müctәhidlәrinizә nә buyurursunuz? Әli ilә Vәli arasında olan bircә dava haqqında eyni adam bir-birinә zidd neçә hökm verir. Nәhayәt, dava qurtarmır, hәr dәfә hakim dәyişilәndә dava da tәzәlәnir. Elә buna görә tәrәflәrin mәnsub olduğu tayfalar bir-biri ilә qanlı-bıçaq olurlar. Aralarında elә bir düşmәnçilik odu alovlanır ki, yaşı da, qurunu da yandırır. Bu kimi yaramaz işlәr ülәmanın yüksәk şәninә layiqdirmi? Bәndәlәrin hüququnu ayırd elәmәk üçün allahın hökmü, şәriәtin әmri mәgәr nasix-mәnsux şәkildә tәtbiq edilmәlidir? Bir mülkün üstündә olan davanın uzun illәr davam etmәsinin sәbәbi nәdir?”

Molla dedi:

“Mәn bir alimin rüşvәt aldığını gözümlә görmәyincә onun haqqında füzulluq elәyә bilmәrәm.”

İbrahim bәy dedi:

“Mәn dә belә demirәm, amma bunu deyirәm ki, bir şәhәrin әhalisinin mәrcәi olan bir alimin xalqın davasını kәsmәk üçün әlindә nә üçün gәrәk müntәzәm şәri bir tәlimat olmasın? Xalqın mәhkәmәlik dava-mürafiәlәrini ayırd etmәk üçün nәyә görә o, xüsusi bir yer vә vaxt tәyin elәmәsin, onun möhürünün ixtiyarı özgәlәrin әlindә olsun? O, evindә möhürlәyib tәrәflәrin birinә verdiyi hökmün ziddinә olaraq iki gündәn sonra mehrabda, iki namaz arasında, başqa bir hökmә möhür basıb, o biri tәrәfә verir. İş o yerә gәlib çatır ki, hökumәt dә onlara gülür. Mәn deyirәm İranda bütün ruhani vә cismani işlәr nә üçün gәrәk qaydasız vә intizamsız olsun? Nә üçün gәrәk elmi mәqamlar vә mülki mәnsәblәr irsi olsun? Necә rәvadır ki, bir adam, mәhz atası qazi olduğu üçün, heç bir lәyaqәti vә sәlahiyyәti olmadan qәzavәt kürsüsündә әylәşsin? Yaxud birinin atası sәrtib imiş, ölәndәn sonra onun әlini ayağından ayırd edә bilmәyәn on sәkkiz yaşlı oğlu nә üçün gәrәk sәrtib olsun? Bunların hamısı millәtin vә mәnim vәtәn qardaşlarımın hüququdur ki, tapdalanır.”

Molla dedi:

“Ağa can, sizin fәrmayişinizә görә gәrәk millәtin bütün ülәması xanәnişin olsun.”

İbrahim bәy dedi:

“Әstәğfürullah, mәn nә müşavirәm, nә dә ixtiyar sahibiyәm, hökmüm vә nüfuzum da yoxdur. Amma milli tәәssüb belә yerlәrdә mәni sakit dayanmağa qoymur, nahaq vә düzgün olmayan sözlәrә cavab vermәyә vadar edir. Hökmü nüfuzlu olan böyüklәrin icazәsi ilә әrz edirәm ki, bu gün bizim әlimizdә bütün ilahi ehkama şamil olan bir qanun yoxdur.... Bu gün hökmlәr әqli vә әnәnәvi dәlillәrә әsaslanır. Bizim hәr şeydәn artıq şәri ehkam vә qanunları icra edәnә ehtiyacımız var. Әvvәlcә onu axtarıb tapmalıyıq. Onu tapmaq yolu da belәdir ki, bütün alimlәr mәrcәinin hökmü ilә millәtin tәqva sahibli ülәmasının böyük bir mәclisi tәşkil olunsun. O mәclis vilayәtlәrin böyüklüyü vә şәhәrlәrin әhalisi nisbәti ilә camaatın әrizәsinә yetişmәk vә hüququnu ayırd etmәk üçün hәr vilayәt vә şәhәrә neçә nәfәr alim lazım olduğunu müәyyәnlәşdirәr. Bunu müәyyәnlәşdirdikdәn sonra ümumun mәrcәi olan rәisin yanında öz danışıq qabiliyyәti vә fәsahәti, dәyanәti vә allah tanıyanlığı, elmi vә şәriәt ehkamına bәlәdçiliyi ilә üstün mövqe tutan alimlәr seçilib oraya göndәrirlәr. Hüquqa ticarәt mәsәlәlәrinә şamil olan fiqh kitablarını da sadә vә asan fars dilinә tәrcümә edib, nәşr etmәk lazımdır ki, hәr kәs onları oxusa, özünә aid hüquqi mәsәlәlәrdәn müәyyәn dәrәcәdә baş çıxarsın. Belә olduqda, mәmlәkәtin adil qazisi tәrәfindәn verilәn hәr bir hökm öz-özünә icra olunar.... İndi millәt alimlәrinin pak şәriәt ehkamını hiylә vә tәzvir yolu ilә pozmaları vә "hiyleyi-şәri" sözünü dilә gәtirmәlәri tam insafsızlıqdır. Mәgәr allah hәr bir şeyi bilmir? Ona nә kimi hiylә işlәtmәk olar? Bunlardan әlavә, mәgәr elm dörd arşın bezdәn ibarәtdir ki, hәr kәs onu başına sәrisә biz dә onu alim tanıyaq, ona alimlәr kimi qulaq asaq? Elmin mәsnәdindә әylәşәnin gәrәk mәlumatı, tәqvası vә hәr bir şeyi o müqәddәs mәqamın şәnindә olsun. Әks tәqdirdә ona alim demәk mümkün deyil.”

Bu vaxt ev sahibi söhbәtә qarışıb İbrahim bәyә dedi:

“Sizin milli tәәssübdә bu qәdәr inad göstәrmәyinizin mәnası yoxdur. Camaatın eybini gözünün içinә demәkdәn, xalqın qәbahәtlәrini aşkara çıxarıb, böyük-kiçiyә irad tutmaqdan heç bir sәmәr hasil olmaz. Yalnız sәbәbsiz yerә camaatı özünüzә düşmәn edib, hamını özünüzdәn qaçırmış olarsınız. Qanınızı bica yerә qaraltmayın, dilinizin qılıncını qınında saxlayın -- “Palaza bürün, elnәn sürün!””

İbrahim bәy dedi:

“Möhtәrәm qonaqçı, әvvәla siz özünüz yaxşı bilirsiniz ki, bu sözlәri demәkdәn mәnim heç kәslә qәsd-qәrәzim yoxdur. Mәn şәxsәn hamı ilә müdara etmәk fikrindәyәm. Bu sözlәri mәnә dedirәn yalnız milli tәәssüb vә vәtәn dәrdidir. Hәr kәs bu xoşagәlmәz vәziyyәti görüb sükut elәsә onun adını vәtәnpәrvәrlәrin sırasından çıxarmaq lazımdır. Mәnim alәmimdә elә bir adam mәnhus "mәnә nә" lәfzini işlәdәnlәrin cәrgәsindәdir ki, mәn bu sәyahәtnamәmin neçә yerindә onların adını lәnәt vә nifrәtlә yad etmişәm. Әgәr bütün hәmvәtәnlәrimiz әlli ildәn bu tәrәfә şәxsi mülahizәlәri bir tәrәfә atıb pisә-pis, yaxşıya-yaxşı desәydilәr, bu gün bir çox yaramazlıqlar aradan qaldırılardı, indi artıq bu bәdbәxt millәt bir ovuc fәrraşbaşı, darğanın әlindә әsir olmazdı, savadsız mәktәbdarlar, cahil mollalar bizim ixtiyarımızı öz әllәrinә ala bilmәzlәr.

Mәlumdur ki, bir millәtin arasında pis adәtlәr vә әxlaqa zidd әmәllәr büruz etdikdә o millәtin aqil adamları hәmin adәt vә әmәllәrin qәbahәtini açıb göstәrmәsәlәr onlar ümumilәşәcәk vә o millәt getdikcә әcnәbilәrin tәnә-tәmәsxürünә mәruz qalacaq, onun etibarı vә şәrәfi dost-düşmәn arasında mәhv olub aradan gedәcәkdir. Demәli, millәtin bilikli vә ağıllı adamlarının vәzifәsidir ki, xalqın bütün nöqsanları vә eyblәrini, bәdәmәllәrin tutduqları mövqelәrdәn asılı olmayaraq, açıq şәkildә söylәsinlәr. Belәliklә dә pis әmәl sahiblәri öz eyblәrini eşitdikdә ağıla gәlsinlәr, yaxşı işlәrә can atsınlar, qәbahәtә mürtәkib olmaqdan çәkinsinlәr. Belә olduqda tәdricәn yaxşılıq pisliyin yerini tutar, xoşagәlmәz cәhәtlәr getdikcә aradan qaldırılar.

Mәn necә sakit oturub demәyim ki, müqәddәs islam dini bizi әdalәtә, bәrabәrliyә çağırmışdır. Bizim hakimlәr vә qazilәr şikayәtlәrә yetişәndә hәqqaniyyәtlә hökm vermәlidir, birinin xatiri üçün vә ya rüşvәt tamahı ilә allahın, peyğәmbәrin buyruğunu unudub, mәzlumların haqqını bilә-bilә tapdalamamalıdırlar. Bütün bu xilaf işlәrdәn sonra müsәlmanlıq iddiasında olub demәmәlidirlәr ki, biz axirәz-zaman peyğәmbәrin ümmәtindәnik. Misirdәn bir neçә mötәbәr İran taciri vardır. Onların vücudu, doğrudan da, millәtin iftixarına sәbәb olur. Tez-tez dәyişilәn İran mәmurları onlara o qәdәr tәzyiq göstәrdilәr ki, әlacsızlıq üzündәn xarici dövlәtlәrin himayәsi altına keçmәyә mәcbur oldular. Bu biçarәlәrin nә tәqsiri var idi ki, öz dövlәtlәrindәn üz çevirib, әcnәbi bayrağının altına keçmәli oldular? Mәgәr İngiltәrә mәlәkәsi onları dәvәt elәmişdi, yaxud rus imperatoru onlar üçün mәvacib, maaş kәsdirmişdi? Heç bir nәfәr onlardan soruşdu ki, nә üçün tәbәәliyinizi tәrk etdiniz? Nә elәsinlәr, dadlarına çatan yoxdur. Tәbәәlәr yalnız mülki hüquqdan deyil, bәşәri hüquqdan belә mәhrumdurlar. Hәr şәhәrdә bir neçә hökumәt var, hәrәsi dә bir bәhanә ilә xalqı çapır. Rәiyyәtdәn kimin haqqı var ki, firon xasiyyәtli hakimlәrin başdan-ayağa zülmdәn ibarәt olan hökmlәrinә etiraz edib desin ki, bu nә üçün belәdir. O saat başına bir qapaz çaxıb, muzdunu ovcuna qoyacaqlar. Haqq tamamilә tapdalanıb aradan getmişdir. Hakimlәrdәn hәr birisinin könlü necә istәyir elә dә edir. Kimin ki, qәlyanbaşısı qızıldan, iki nәfәr pişxidmәti, dörd nәfәr fәrraşı, bir dә tirmә cübbәsi oldu xalqın canının, malının sahib-ixtiyarı olacaq. İndi iş o yerә gәlib çatmışdır ki, ülәmanın çoxu da özlәrini hakimlәrә oxşadıb cәlal, dәbdәbәdә onları da keçmişlәr. Böyüklәrdәn rәiyyәti çapıb talamaqla daha rәhmsiz olanı bacarıqlı vә lәyaqәtli hesab olunur.

Ürәyindә az-maz allahdan qorxusu olan bacarıqsız vә aciz adlandırılır. Hansı axundun әmmamәsi yekә, qolunun dәstәyi uzun oldu, alimlәrin alimi sayılır. Yalan toxunmaqda daha artıq cәsarәtli olan bir adam әn qüdrәtli şair hesab olunur.

Siz elә xәyal etmәyin ki, mәn vәtәndә gördüyüm xoşagәlmәz cәhәtlәrin hamısını yazmışam. Yox, әziz canınıza and olsun, çoxlarına göz yummuşam. Yәni әslindә özüm dә bezikmişdim. İcazә versәniz onlardan birini sizә nәql edәrәm. Günlәrin birindә mötәbәr bir yerdә qonaq idim. Yәni mәni bir dostum vasitәsi ilә oraya çağırmışdılar. Mәclisә daxil olduğum vaxt otaq ağzınadәk dolmuşdu. Qapının ağzında hamıdan aşağıda әylәşdik. Әslindә elә bizim yerimiz ora idi. Çünki mәclisdәkilәrin hamısı mәşhur ülәma, böyük xanlar vә mötәbәr tacirlәrdәn ibarәt idi. Bir vaxt gördüm on-on iki nәfәr әli qәlyanlı-çubuqlu sәs-küylә, dallarınca qorxunc düşmәn atlıları gәlirlәrmiş kimi, tәlәsә-tәlәsә otağa daxil oldular. Otağın içindә dә hәr birisi özünü qabağa vermәk istәyirdi. Belә ki, az qalırdı bir-birlәrinә toxunub yıxılsınlar. Onların hәrәkәtindәn otağın dәr-divarı titrәyirdi. Mәn tәәccüblә bu vәziyyәtә baxırdım. Qәlyan-çubuqları ağalara payladılar. Qәlyanlar çәkildikdәn sonra yenidәn onları götürüb bayıra çıxdılar. Bu vaxt gördüm qәhvәxanadan qalmaqal sәsi gәlir. Hey qәliz söyüşlәr, ağır yamanlar idi ki, müxtәlif sәslәrdә rәddü bәdәl olunurdu. Mәn bu küçә bazar söyüşlәrini eşitdikdә tәәccüblәndim. Mәclis qurtarandan sonra evә qayıdarkәn dostum yolda dedi ki, o hay-küy, yaman-söyüş ağaların nökәrlәri arasında rәddü bәdәl olunurdu. Çünki onların hәr birisi istәyirdi ki, öz ağasına o birilәrdәn әvvәl qәlyan versin. Ona görә ki, hәr kәsin qәlyanı әvvәlcә mәclisә gәtirilsә bu onun mәqamının vә şәninin yüksәkliyi әlamәtidir. Ağaların özlәri dә nökәrlәrindәn elә bunu gözlәyirlәr. Mәhz buna görә dә belә mәclislәrdә hәmişә qabağa düşmә üstündә nökәrlәr arasında qalmaqal olur. Hәtta çox vaxt iş yaman-yoğuzdan döyüşmәyә çәkir. Belә bir vәziyyәt, sizin bu gün gördüyünüz kimi, ağalara әslәn tәsir etmir, sәhldir ki, heç üzlәrinә belә gәtirmirlәr.

İndi özünüz insaf elәyin, görün bizim bәdbәxtliyimiz nә dәrәcәyә gәlib çatmışdır. Millәtin başçıları bu kimi uşaqcasına oyunlarla mәşğul olduqda daha avamdan nә gözlәmәk olar? Başqa millәtlәrin başçıları nә ilә mәşğuldurlar, bizim ruhani vә dünyәvi başçılarımızın fikri nәyә mәşğuldur? İndi ki, zaman millәtә aid işlәrin hәllini bu ağaların iradәsinә tapşırmışdır, onlar insanlıq vә tәrbiyәnin iqtizasınca xoşrәftar, tәvazökar olmalı, başqalarını da bu xasiyyәtlәrә malik olmağa çağırmalıdırlar. Onlar mәzlumların, haqqı tapdalanmışların dadına çatmalı, millәti birliyә, qardaşlığa sövq etmәlidirlәr. Ancaq onlar belә etmirlәr. Hәvavü hәvәs üzündәn, heç bir mәqul sәbәb olmadan, bir dәstә avam camaat arasında düşmәnçilik törәdir, özlәri dә bir-birlәrinә kin-küdurәt bәslәyirlәr. Özlәri xirtdәyә qәdәr şәxsi-qәrәz bataqlığına batdıqları halda әdalәt vә insafla hökm vermәyә daha haradan fürsәt tapacaqlar? Onlar mәzlumun dadını zalımdan necә ala bilәcәklәr? Millәt ülәmasının әsas mәqsәdi xalq arasında әdalәti bәrqәrar etmәk, birlik vә ittihadı möhkәmlәndirmәkdәn ibarәt olmalıdır. Çünki yeri-göyü yaradan allahın peyğәmbәrlәri göndәrmәkdә mәqsәdi öz bәndәlәri arasında әdalәti bәrpa etmәk mәzlumların dadına çatmaqdan başqa bir şey olmamışdır.

Neçә il bundan qabaq Misirdә İranın mәşhur әdiblәrindәn biri mәrhum atama bu haqda bir şer oxudu. Mәn dә o şeri әzbәrlәmişәm. Allah o şer deyәnә qәni-qәni rәhmәt elәsin. Çox yaxşı demişdir. Yersiz olmadığına görә istәyirәm hәmin şeri sizә oxuyam, şayәd tәsir elәyә.

Şer budur:

Şaha qüdrәt verdi o adil tanrı,

Әdalәt elәsin ölkәdә barı,

Çatmasa padşah xalqın dadına,

Çatmayacaq xaliq onun dadına.

Әdalәtlә etdi sәninlә rәftar,

Әdalәt sәninlә olsun gәrәk yar.

Mәzlumun dadını sәn bu gün eşit,

Sorğu-sual günün unutma, yad et.

Adil ol, bil yәqin, o ulu tanrı

Әdl üçün göndәrdi peyğәmbәrlәri.

Dünyada әnbiya bir iş gördülәr:

Әdalәt binasın möhkәmlәtdilәr,

Әdalәtlә olar mәmlәkәt abad,

Dünya әdalәtsiz olardı bәrbad.

Zülm edib nәsihәt qәbul etmәsәn,

Onda get Babilә, Mәdainә sәn.

Nәzәr sal şahların qәsrinә bir an,

Ya kәrpicdәn olsun, ya da poladdan,

Әdl ilә ucalan daima durur,

Zülm ilә tikilәn tarmar olur.”

İbrahim bәy şeri oxuyub qurtarandan sonra molla dedi:

“Elә şer demәyin özü böyük günahlardan biridir. Mәn belә sözlәrә qulaq asmaram.”

İbrahim bәy cavab verdi:

“İndi ki, siz qulaq asmırsınız, hәm dә sizin etiqadınıza görә, şer demәk günahdır, onda mәn başqa bir şer dә oxuyaram. Bu şeri şair o adamların haqqında deyibdir ki, savadları yoxdur, amma özlәrini alim cildindә xalqa göstәrirlәr. Yaxud elmlәri var, ancaq ona әmәl etmirlәr. O şer budur:

Fahişәyә bir şeyx dedi: sәrxoşsan,

Hәr gecә bir kişi ilә sәn xoşsan!

Qadın dedi: Hәr nә desәn elәyәm,

Bәs sәn özün göstәrdiyin kimisәn?

Bu şeri eşitdikdә molla hirslәnib dedi:

“Ülәma haqqında füzulluq elәmәk sәnә borc deyil!”

İbrahim bәy dedi:

“Cәnab ağa, özlәrinin yüksәk mәqamlarının hörmәtini dәrk edib, o müqәddәs mәsnәdin heysiyyәtini qoruyan alimlәrdәn bәzisini mәn tanıyıram. Allahdan istәrdim ki, mәnim ömrümü qısaldıb, onların ömrünün üstünә qoysun. Әgәr o müqәddәs vücudlar aramızda olmasaydılar, biz tamamilә mәhv olardıq. Bizim varlığımız onların әziz vücudundan asılıdır. Mәn burda göstәrib arpa satanları, alimi-biәmәllәri, yaxşıların adını korlayan bәzi bәdnamları deyirәm.”

Molla dedi:

“Bunlar nә sözdür, alimlәrin hamısı bir cürdür, aralarında heç bir tәfavüt yoxdur. İndi ki, sәn ülәmanın adını hörmәtsizliklә yad elәdin, mürtәdsәn, bütün nicat qapıları sәnin üzünә bağlıdır.”

İbrahim bәy dedi:

“Mürtәd o adamdır ki, elmi yoxdur, amma özünü alim paltarında camaata göstәrir. Bizim vә bütün iranlıların başına gәlәn bәlaların әsil baisi elә bu naxәlәflәrdir.”

Ev sahibi deyir: Gördüm "mürtәd" sözünü eşidәn kimi İbrahim bәyin sifәtinin rәngi dәyişildi, әl-ayaqı titrәmәyә başladı, gözlәri bәrәldi. Sonra dedi:

“Elә böyük bir mәmlәkәti bu kimi sözlәr xarab qoymuş, qocaman, güclü bir millәti ayaqdan salmış, xalqı mәişәt elmini öyrәnmәyә qoymamış, cәhalәti bütün ölkәdә hakimi-mütlәq elәmişdir. Bu sözlәr xalqı yoxsulluğa, fәlakәtә salmışdır. Elmi "Zәrәbә Zeydün Әmrәn" qәlәmә verib, camaatı mәmuli elmlәri vә fәnlәri öyrәnmәyә qoymadılar. Belә ki, hәr tәrәfdәn bir adam baş qaldırıb, şöhrәtpәrәstlik vә mәqampәrәstlik üzündәn müqәddәs vә pak şәriәtin bir para qanunlarını dәyişdirmәyә cәsarәt etdilәr vә müxtәlif adlarla özlәrini irәliyә soxdular. Biri dedi: "mәn şeyxiyәm", başqası cәsarәtlәnib ondan daha yüksәk iddialara әl atdı. Dedi: "mәn babiyәm". Camaat da cәhalәt vә nadanlıq üzündәn onların çağırışına sәs verib, dörd tәrәfdәn başlarına toplaşdı....”

İbrahim bәy burada özündәn çıxıb, oturduğu yerdәn dizi-dizi mollanın yanına qәdәr gedib dedi:

“Siz o adamlarsınız ki, elmi mübahisәlәr zamanı cәhalәt üzündәn kitabları bir-birinizin başına çırpıb, ağzınıza gәlәn hәrzә-hәdyanı danışırsınız. Elm öyrәnmәk dava istәmir. Bunların hamısı cәhalәt әlamәtidir. Elә bu alim görkәmli cahillәr millәtin dövlәtdәn, dövlәtin millәtdәn ayrılıb, bir-birindәn zәhlәsi getmәsinә sәbәb olmuşlar. Mövhum kimyagәrlik mәşqinә düşmәyin, arsızlığa düçar olmağın, tiryәk çәkmәyә adәt etmәyin sәbәbi ancaq әhalinin mәişәt elmindәn xәbәrsizliyidir....”

İbrahim bәyin sәsi get-gedә ucaldı. O qәdәr qışqırdı ki, ağzı qızmış nәr dәvә kimi köpüklәndi. Hәrarәtinin şiddәtindәn hey tәr tökürdü. Mәn onun bu halәtini görüb mat qalmışdım. İbrahim bәy dedi:

“Axı mәn hansı külü başıma әlәyim! Bu adam alimlik iddiasında olduğu halda iki kәlmә hәqq söz demәyimә görә mәni mürtәd adlandırdı.”

Bunu deyib birdәn iki әlli başına vurdu. Papağını çıxarıb dәli kimi yerә çırpdı. Papaq yerdәn qalxıb yaxınlığında olan çırağa dәydi. Çıraq düşüb sındı, nefti yerә dağıldı. Neft piltәdәn alışdı. Bircә anın içindә otağın hәr tәrәfini şölә bürüdü. Bu çәkiş-bәrkişdә mәn böht alәmindәn özümә gәlib gördüm İbrahim bәy huşunu itirmiş halda düşüb qalmışdır. Otağın da fәrşi od tutmuşdu. Var gücümlә qışqırdım: "Uşaqlar, gәlin, yandıq!"

Yusif әmi ilә nökәrlәr gәldilәr. Mәn Yusif әmiyә dedim:

“Sәnin başına dönәrәm, İbrahimi tez otaqdan çıxarın, oddan xilas elәyin, otaq yansa da yanıb, becәhәnnәm!”

İki-üç yandan kömәklәşib İbrahimin cәsәdini bayıra çıxardıq. Bu әsnada molla istәdi qaçıb öz canını oddan qurtarsın. Әtәyi yanmağa başladı. Qışqırıb dedi: "Yandım, amandır, su, su, su!" Mәn dә qışqırıb ucadan dedim: "Yanğın var!"

Qonşular tökülüb gәldilәr. Hәr tәrәfdәn odun üstünә su sәpmәyә başladılar. Birdәn gördüm otağın pәrdәsi alışdı. Alov pәncәrәnin çәrçivәsinә, otağın tavanına keçdi. Qışqırıb dedim: "Pәrdәni çәkin, çәrçivәlәri sındırın!"

Camaat pәrdәdәn tutub "Ya Әli, ya Hәsәn, ya Hüseyn" deyib çәkdi. Pәrdә yerә düşdü. Yanğın söndü.

Kәnara vurdu dözüm pәrdəsin könül, indi

Zəmanә pәrdә dalından görәk nәlәr çıxarır!

SONLUQ

Bu sәyahәtnamәnin çap olunması imkanını mәnә nәsib etmiş olan allah şükr, olsun ki, vәtәn eşqi uğrunda ağır zәhmәtlәrә, mәşәqqәtlәrә qatlaşan bu hörmәtli başıbәlalı sәyyahın yüksәk adını ruzigarın lövhәsindә yadigar qoymağa müvәffәq oldum.

Müqәddimәdә әrz olduğu kimi, böyük zәhmәt vә mәxaric istәyәn bu sәyahәtnamәnin nәşri xüsusi qazanc üçün olmamışdır. Mәn öz fikrimcә bu işi bir növ vәtәnpәrvәrlik, millәtpәrvәrlik, dövlәtpәrәstlik kimi hesab edib, onun bütün zәhmәt vә mәxaricini könüllü olaraq öz öhdәmә götürdüm. Qoy hörmәtli oxucular onun mündәricәsinә insaf gözü ilә baxsınlar, vәtәnin eyblәri vә nöqsanlarını aradan qaldırmaq üçün hümmәt göstәrsinlәr. Bәlkә dә onların birliyi vә uca hümmәti nәticәsindә getdikcә bütün fәsadlarımız aradan qaldırıla, hәr bir sahәdә islahat başlana.

Hazırkı vәziyyәtdәn tamamilә mәyus olmaq da düzgün deyil. Çünki millәtin sәyi vә әmәli müqabilindә heç bir çәtinlik müqavimәt göstәrә bilmәz. "Kişilәrin hümmәti ilә dağı-dağ üstә qoymaq olar" -- demişlәr. İşlәrin islahı üçün әlbir hәrәkәt etmәk lazımdır ki, çәtinliklәrә qalib gәlmәk mümkün olsun.

Millәt başçılarının xarlıq vә zәlilliyi özlәri üçün rәva görmәyәcәklәrinә, keçmişdәn ibrәt almaqla vәtәnin xoşbәxt gәlәcәyi naminә ümumi asayiş üçün lazım olan tәdbirlәri işә salacaqlarına ümid bәslәyirәm. Bu tәdbirlәrin sayәsindә әziz vәtәnimiz hәqiqi mәdәniyyәt işığı ilә aydınlığa çıxacaq, elm, hünәr, әdalәt, bәrabәrlik nәsiminin әsmәyә başlaması ilә cәhalәt vә tәnbәllik buludları dağılacaq, yer üzünün әn gözәl nöqtәlәrindәn olan mәmlәkәtimizin üfüqlәrindәn zülm vә әsarәt silinib çәkilәcәkdir. Zülm vә cәfadan bir әsәr qalmayacaq, bütün şәhәrlәrdә, qәsәbәlәrdә, әziz vәtәnimizin bütün sәrhәdlәrindә dövlәt binalarının üzәrindә әdalәt bayrağı nәhayәt iftixarla dalğalanacaqdır. Şәhәrlәrin mәrkәzindә dә әzәmәtli imarәtlәrdә yerlәşmiş әdalәt mәhkәmәlәrinin qapıları bütün әhalinin üzünә açıq olacaqdır. Әdalәt mәhkәmәsi hakimlәrinin nәzәrindә varlı, yoxsul, әsir, әmir bәrabәr olacaqdır. Allah bәndәlәrinin hüququ qoluzorluların tәcavüzündәn qorunacaqdır.... İndi baxın görün XII әsrin axırlarında bizim babalarımızın başı bu zülmkar hakimlәrin cәfasından, darğa, fәrraşbaşı, fәrraş vә onların quyruqlarının әluzunluğundan nәlәr çәkmәmişdir. Yırtıcı xasiyyәtli bir adamın sәrxoşluq alәmindә elәdiyi bir işarә ilә onların canları, malları mәhv olub tәlәf edilirdi. Onlar mәmlәkәt vә millәtin güclü düşmәnlәrinin hücumundan olmazın әziyyәtlәrә düçar olmuşlar.... Bu gün biz keçmiş tariximizә baxanda vәhşi tayfaların sevimli vәtәnimizdә törәtdiklәri xarabalıqlara vә babalarımıza qarşı mürtәkib olduqları cinayәtlәrә görә mütәәssir olduğumuz kimi, әlbәttә, xәlәflәrimiz dә bizim yaşadığımız dövrün tarixini görәcәklәr. Belә olduqda, biz elә hәrәkәt etmәliyik ki, özümüzdәn onlara müsibәtnamә miras qoyub getmәyәk. O zamanla indnki dövr arasında çox fәrq var. O vaxt bütün yer üzünü bu günә nisbәtәn vәhşilik bürümüşdü. Tayfaların vә xalqların daxildә vә xaricdә vuruşmaqdan, bir-birinin qanını axıtmaqdan başqa bir işlәri yox idi. Bütün yer üzәrindә tәrәqqi vә mәdәniyyәt asarı görünmürdü. Buna görә dә babalarımız o dağıdıcı selin müqabilindә möhkәm bir sәdd çәkә bilmәdiklәrinә görә üzürlü idilәr. Amma bu gün mәdәniyyәt günәşinin işığı hәr tәrәfә yayılmışdır. Hәr bir tayfa onun işığından faydalana bilәr. Ona görә dә gәlәcәk nәsillәr bizim üzrümüzü heç bir vәchlә qәbul etmәyәcәklәr.

İnsafla demәk lazımdır ki, bu gün İrandan başqa heç bir mәmlәkәtdә bir nәfәr mötәbәr tacir hәyasız bir fәrraş tәrәfindәn tәhqir olunmur, onun әlindә әsir deyildir. Hәr yerdә bir haqq-hesab var. Hakimin dә, mәhkumun da ixtiyarı vә vәzifәsi müәyyәn olunubdur. Ancaq İranda belә deyil. İrandan başqa hәr bir ölkәdә dövlәt vergisi әhalidәn bәrabәr şәkildә toplanır. Bizdәn başqa hәr bir dövlәtin tәbәәsi özünün müәyyәn edilmiş vergisini vaxtlı-vaxtında aparıb, xahiş-iltimasla hökumәtә tәhvil verir. İrandan başqa hәr bir mәmlәkәtdә dövlәt vә millәt vәtәni әlbir qoruyurlar. İrandan başqa dünyanın heç bir yerindә ruhani başçılar ölkәnin siyasi işlәrinә dәxalәt etmirlәr. İrandan başqa yer üzünün heç bir nöqtәsindә müqәddәs mәkanlar, ülәmanın evi, böyüklәrin tövlәsi oğrunun, әyrinin, qatilin pәnahgahı vә sığınacağı deyildir. Demәli, fürsәti fövtә vermәdәn bütün bu xoşagәlmәz vәziyyәtә son qoymaq üçün çarә axtarmaq lazımdır. Bu deyilәnlәr nә әfsanәdir, nә dә qondarma bir xәyal. Hamının hәr gün gördüyü vә şahidi olduğu hәqiqәtlәrdir. Bu yaramaz vәziyyәti görürkәn dostlar kәdәrlәnir, düşmәnlәr isә sevinirlәr. Düşmәnlәr qәdim vә nәcib bir millәtin yüksәk adını mәsxәrә ilә çәkib, teatr tamaşaxanalarında bu vәziyyәtin şәbehini çıxarırlar. Rәvadırmı ki, bu qәdәr tәhqiri qәbul edib, tәrәqqi vә mәdәniyyәtә doğru bir addım atmayaq, bu yaramaz vәziyyәtin islahına çalışmayaq?

Qorxuram dünyanın işığa bürünmәsinә baxmayaraq, bu gün yenә dә hәmvәtәnlәrimdәn bәzisi bu sәyahәtnamәni oxuyandan sonra sәyyaha vә onu çap elәyәnә qarşı istehza ilә gülsün, bizi axmaq vә dәli adlandırsın. Heç uzaq deyil ki, bәzilәri bununla da kifayәtlәnmәyib, bizi mürtәd vә dinsiz hesab elәsinlәr. Mәn hәr halda onları halal elәyirәm, onlara dua elәmәkdәn başqa bir söz demәyәcәyәm. Ancaq bunu tam cәsarәtlә әrz elәyim ki, әgәr qırx-әlli il bundan qabaq hәr bir mәzlum zalımın әlindәn şikayәt edib fәryad qoparsaydı, zülmü özünә vә özgәlәrinә rәva görmәsәydi, zülmdәn kәnarda qalanlar isә mәzlumların halına etinasız yanaşmasaydılar, hәr bir sәyyah yaxşıdan-pisdәn vә gördüklәrini qәrәzsiz-mәrәzsiz yazıb nәşr etdirsәydi, bu gün vәtәnimizdә olan bu dәrin yaralar sağalmışdı, mәmlәkәt vә millәt düçar olduğu xәstәliklәrdәn şәfa tapmışdı. Çox tәәssüflәr olsun ki, hamı "mәnә nә" deyib keçdi. Ancaq çox keçmәz, onlar görәrlәr ki, hәr nә olub onların özlәrinә olubdur. Әgәr o vaxt әllәrini uzaqdan oda tutmuşdularsa, indi özlәri odun içinә düşmüşlәr.

İranın başçıları, mütәfәkkirlәri, şair vә әdiblәri o qәdәr xәrc-mәxaricdәn sonra Avropaya birinci sәyahәtin mәmlәkәtә vә millәtә heç bir xeyir vermәdiyini nәzәrә alıb, әlbir şәkildә ikinci vә üçüncü sәyahәtlәrin qarşısını alsaydılar, mülayim nәsihәtlәr vә tәsirli nәzm vә nәsr ilә şahın niyyәtinә mane olsaydılar, әlbәttә, Avropada hәdәrә gedәn o pullar mәmlәkәtin xәzinәsindә qalardı. Millәt dә o sәfәrlәrdә törәnmiş biabırçılıqlardan qorunmuş olardı. Heyf ki, bizim mәmlәkәtimizdә millәt başçıları hәlә fikir azadlığı vә qәlәm sәrbәstliyinin lәzzәtini dadmamışlar. Onlar bilmirlәr ki, bu böyük nemәt nә dәrәcәdә ölkәnin abadlığına, dövlәt vә millәtin başıucalığına sәbәb olar. Doğrudan da çox tәәccüblü bir haldır ki, hamı bu hәqiqәti dәrk edib etiraf etdiyi halda yenә dә lәzzәtini bilmәk üçün onu hәyata keçirib sınaqdan çıxarmaq istәmirlәr. Tәәssüflәr olsun ki, bәdbәxtliyimizdәn hәr bir işdә "mәnә nә" deyib keçirlәr. Tәrәqqi vә mәdәniyyәtә can atmaq insanın vәzifәsidir. Nә kimi yollarla olur-olsun, әdәb vә insaniyyәt dairәsindәn kәnara çıxmamaq şәrtilә xәyal, fikir vә qәlәm azadlığına nail olmaq lazımdır. Yalnız bu yolla başqa mәdәni xalqlar arasında başıucalıqla yaşamaq hüququna malik olmaq mümkündür. Әgәr bunun xilafına rәftar edilәrsә, әcnәbi millәtlәrin nәzәrindә xar vә zәlil olacağıq, necә ki, bu gün olmuşuq. Bu mәtlәbin heç bir subuta ehtiyacı yoxdur.

Qәrb ölkәlәri xalqlarının nә kimi nailiyyәtlәr әldә etmiş olduqları vә nә dәrәcәdә yüksәk iftixarla yaşadıqları gün kimi aşkardır. Onlar bizim kimilәri heç adam yerinә dә qoymurlar. Onların tәrәqqisinin sәbәblәrini düzgün aramış olsaq, fikir vә qәlәm azadlığından başqa bir şey tapa bilmәyәcәyik. Mәlumdur ki, layiqincә tәhsil edәn, tәrbiyә olunan, müasir elm vә fәnlәri lazımınca mәnimsәmiş olan bir millәt fikir vә qәlәm azadlığına da malik olsa, xoşbәxtlik hәr tәrәfdәn o millәtә doğru ikiatlı çaparaq gәlәr. Biz şam, şәkәr mәsrәf elәmәk mәcburiyyәtindә olub, mahud çit paltar geymәli, kağız işlәtmәli olduğumuz bir halda bunları istehsal edәn sәnayeni dә öyrәnmәliyik. Bu sәnayeni öyrәnmәk isә elmsiz mümkün deyil. Elm olandan sonra da әmin-amanlıq vә әdalәt lazımdır. Fikir vә qәlәm azadlığı olmadan isә bunların heç biri heç kәsә müyәssәr olmamışdır.

Qәrb ölkәlәrindә qәlәm sahibi olan hәr bir kәs lap dәli olsa belә, milli mәnafe naminә bir mәqalә yazıb qәzetlәrә versә, onun sabahı günü millәtin bütün ağıllı adamları o dәlinin mәqalәsini oxuyacaq, mәqul bir şey nәzәrlәrinә çatdıqda ona әmәl edәcәklәr. Әks tәqdirdә üzlәrini turşutmadan, qaşqabaqlarını tökmәdәn onun üstündәn keçәcәklәr. Bizim ölkәdә isә bunun tәrsinәdir. Bir ağıllı adam bu xüsusda bir söz desә vә ya yazsa, fikir mәhdudluğu vә hövsәlәsizlik üzündәn qışqır-bağır salıb deyәcәklәr: "Baba, dünyada belә şey ola bilmәz". Hәm dә o qәdәr hay-küy salacaqlar ki, ağıllını da dәli edәcәklәr. Bizimlә Qәrb millәtlәri arasında fәrq ondan ibarәtdir ki, bir adam bir söz deyәndә, lap ağlasığmaz bir fikir olsa belә, onlar axıra qәdәr qulaq asacaq, sonra o xüsusda öz fikirlәrini bildirәcәklәr. Biz isә bu yarı-yarımçıq düşüncәmizlә, ölçmәdәn, biçmәdәn, o adamın sözünü yarıda kәsib qışqıracağıq ki, bu, mahaldır, ola bilmәz. Fikir söylәyәn adam dünya malından mәnim kimi әliboş olduqda mәsәlә xüsusilә aydındır. Bundan әlavә, birinin bәxti yar olsa vә öz faydalı sözünü bütün bu çәtin mәrhәlәlәrdәn keçirә bilsә belә, müftә afәrindәn başqa ona vә millәtә bir xeyri olmayacaq. Bilmirәm fikir vә qәlәm azadlığının dövlәtә vә millәtә nә kimi bir zәrәri ola bilәr ki, danışanların dilini bağlamış, yazanların qәlәmini sındırmışlar. Görünür, azadlığın mәnasını dürüst başa düşmәmişlәr. Bәli, dövlәt vә millәtә xәyanәt edәn hәr bir qәlәmi, әlbәttә, sındırmaq lazımdır. Elәcә dә adamlara iftira deyәn, onun-bunun heysiyyәtinә toxunan hәr bir ağızı da qıfıllamaq lazımdır. Ancaq bu o demәk deyil ki, zalım hakimi tutub tәnbeh etmәk әvәzinә onun özbaşınalığını yazıb ifşa edәn bir bәdbәxt qәzeti qadağan edәlәr. Bir para cahil tәәssübkeşlәr fikir mәhdudluğu üzündәn deyirlәr ki, bu eyblәri vә qәbahәtlәri kağız üzәrinә gәtirmәk vә әcnәbilәrә göstәrmәk milli qeyrәt vә tәәssübün yoxluğu әlamәtidir. O yazıqlar elә xәyal edirlәr ki, bizim mәmlәkәtin idarә vәziyyәtindәn, hakimlәrimizin zülmündәn, başqalarının әxlaq pozğunluğundan әcnәbilәrin xәbәri yoxdur. Allaha and olsun, onların bu fikri tamamilә batil bir xәyaldır. Hal-hazırda bizim heç bir şeyimiz әcnәbilәrdәn gizli deyil. Onlar bizim nöqsanlarımızı bizim özümüzdәn yaxşı bilirlәr. Bundan әlavә, bütün aqil adamların qәnaәtinә görә hәr kәs bu eyblәrin üstünü örtsә dinә, dövlәtә, mәmlәkәtә vә millәtә xәyanәt etmiş olar.

Sәnin xeyirxahın o kimsәdir ki,

Desin yol üstündә filan tikan var....

Doğru danışana ona görә sәdaqәtli adı vermişlәr ki, sәninlә doğru danışsın, sәnin eyblәrini üzünә söylәsin, sәni o eyblәrdәn çәkindirmәyә çalışsın. Әgәr bu sifәtdә bir adam tapsan onun әtәyindәn tutub buraxma, çünki o sәnin sәdaqәtli dostundur.

Demәli, mәlum olur ki, vәtәninә mәhәbbәti olan, vәtәndaşlarını sevәn hәr bir adam vәtәndaşlarında bir çatışmayan cәhәt gördükdә mülayim dillә onlara deyib göstәrmәlidir. Ola bilsin o sözlәrin biri tәsir etsin, camaat xoşagәlmәyәn işlәrdәn getdikcә әl çәksin, nadanlıq vә cәhalәtin sәmәrәsi olan zülm vә nadürüstlük aramızdan qaldırılsın, onun yerindә düzlük vә әdalәtin tәntәnәsi başlansın.

Bu günәdәk ömrünü zalımlara mәdh demәklә tәlәf edәn şair vә yazıçılarımızın artıq indi vәtәn eşqi, vәtәnpәrvәrlik haqqında әsәr yazıb yaratmaq vaxtı gәlib çatmışdır. Bir müddәt hәr bir müsibәtә ağladığımız kimi, qoy bir zaman da vәtәn mәrsiyәsi oxuyub ağlayaq. Ona görә ki, әgәr vәtәnimiz olmasa, bizә heç bir ayin vә mәrasim icra etmәyә icazә vermәzlәr. O yazıçı vә şairlәr uzun illәr boyu vәtәnpәrvәrlәri mәzәmmәt edib hәcvә qoyduqları kimi, qoy indi bir müddәt dә xainlәrin әmәlini şerlә vә nәsrlә pislәsinlәr. Uzun illәrdir ki, cәhәnnәm odundan qurtulmaq üçün ağlayıb yalvarırıq. Gәlin bir az da zülmdәn qurtulub, әdalәt vә insafa nail olmaq haqqında dua edәk. Әsrlәr boyu hәvayi-nәfs üzündәn bir-birimizlә düşmәnçilik edib, aramıza nifaq salmışıq. Gәlin bir neçә vaxt da bütün xoşbәxtliklәrin ilk rәhni olan mәhәbbәt vә qayğı ilә rәftar edәk. Burada şah Abbasa nisbәt verilәn bir mәsәli nәql etmәyi münasib görürәm. Deyirlәr cәnnәtmәkan şah Abbas Sәfәvi at üstündә bir yerә gedirdi. O dövrün mәşhur alimlәrindәn zatı pak olan Mir Mәhәmmәdbağır Damad vә yüksәk mәqamlı Şeyx Bәhaüddin Amili dә şahı müşayiәt edirdilәr. Şah Abbas o iki möhtәrәm alimi sınayıb, aralarında rәqabәt vә paxıllıq olub-olmadığını yoxlamaq istәdi. Mәrhum Seyidin atı çox atılıb düşür, oynayırdı. Şah Abbas Şeyxin qulağına yavaşca dedi: "Seyidin atı çox oynaqdır, belә atlar alimlәrin şәninә uyğun deyil". Şeyx әrz elәdi ki, "At öz minәnini tanıyıb bilir ki, nә qәdәr alim vә böyük adamdır. Ona görә ona nәsib olan xoşbәxtlikdәn oynayır vә buna haqqı da var".

Bir qәdәr yol getdikdәn sonra o tәdbirli padşah üzünü ali mәrtәbәli Seyidә tutub dedi: "Şeyxin atı çox tәnbәldir, addımını addımından qabağa qoymaq istәmir. Şeyxin özü dә at minә bilmir". Seyid cavab verib dedi: "Xeyr, Şeyxin atı tәnbәl deyil, o qәdәr fәzilәt vә elm yükünü onun necә çәkmәsi tәәccüblüdür".

Padşah bu iki böyük alimin incә vә gözәl sözlәrini eşitdikdәn sonra deyir: "Allaha şükür ki, mәnim şahlıq etdiyim dövrdә millәtin ülәması bir-biri ilә bu dәrәcәdә mehribandır. Bunun özü bütün millәt arasında birlik vә mәhәbbәtin varlığına sübutdur".

Biz dә mehriban allahın dәrgahından gecә-gündüz yalvarıb istәmәliyik ki, mәmlәkәtin xarabalığı, millәtin pәrişanlığına sәbәb olan nifaq vә әdavәti bizim başçılarımızın vә bütün hәmvәtәnlәrimizin arasından götürüb, onları bir-birinә mehriban elәsin. Belә olarsa, әl-әlә verib vәtәnin abadlığı, vәtәndaşların asayişi vә başıucalığı üçün lazım olan şәrait yaranar. Onda hamı birlikdә dövlәt vә millәtin heysiyyәtini qorumağa başlar, bu gün әlamәtlәri görünәn neçә min illik sәltәnәtin zavala uğramasının, öz xәlәflәrinin zillәtә vә tәhqirә düçar olmasının qarşısını alarlar. Belә olarsa, özlәri dә bu beş günlük dünyada gözәl ad qoyub gedәr, onları hәmişә yaxşılıqla yad edәrlәr....

davamı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG