Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:30

Gədəbəy divarlarındakı şüar məsələsi böyüyür


Divara status yazmaq olmaz. Çünki bu, «Facebook»-dakı yox, daşdan hörülmüş divardır. Bu divara yazı yazanı polis axtarır, üstəlik yazının məzmunu siyasi çalarlı olanda məsələ yoğunlayır. Necə ki, gədəbəyli müəllim yazmadığını iddia etdiyi divar yazısının badına gedib. Çünki bu divar yazısında «Demokratiya! Azadlıq!», «Azad mətbuat», «Diktaturaya son» , «İlham, istefa” şüarları yazılıb. Gədəbəyli müəllim Mehman Əliyev də bu şüarları görüb. Onun şüarları gördüyünü də kimlərsə görüb və nəticədə müəllimlə polisin «dueti» başlayıb.

Mehman Əliyev AzadlıqRadiosuna deyir ki, aprelin 8-də səhər saat 10 radələrində o, polisə dəvət olunub. Onun sözlərinə görə, rəsmi bildiriş tələb eləsə də, qapısına gələn polis əməkdaşı ona ərkyana münasibət göstərib və Mehman Əliyev də polis idarəsinə gedib:

- Mənə izahat yazdırdılar. Saat 11-in yarısında gəldim, neçə saatdır ki, ordaydım. Deyirəm ki, 160 təzyiqim var, məni buraxın, amma neçə saat məni orda saxlayıblar.

Mehman Əliyevin sözlərinə görə, polis ondan divara şüarı onun yazıb-yazmadığını soruşub:

- Dedim ki, mən yazmamışam. Mənim 41 yaşım var, divara şüar yazan çağımdırmı? Düzdür, haqsızlığa qarşı danışıram, fikirlərimi gizlətmirəm, amma divara şüar yazmaq uşaq işidir.

Mehman Əliyevin sözlərinə görə, şüarın nə vaxt, kim tərəfindən yazıldığını görməyib, amma yerli rəhbərlik şüarların üstünü rəngləyəndə görüb və şəklini çəkib.

Gədəbəy rayon polisindən AzadlıqRadiosuna əvvəlcə demişdilər ki, divarda yazını M. Əliyevin yazıb yazmadığını dəqiqləşdirmək üçün bölmədə onun xəttini yoxlayacaqlar.

Amma Mehman Əliyev bölmədə ekspertiza aparılmadığını, yalnız izahat yazdığını deyir.

«BİZİ DİVARIN YAZILMASI MARAQLANDIRIR»


Gədəbəydə divara yazılan şüar
Gədəbəy rayon polis idarəsinin rəis müavini Bəhmən Məmmədov da deyir ki, şəhərdə bir neçə binanın divarına şüar yazılması barədə polisə rəsmi məlumat daxil olub və bu işdə Mehman Əliyev və bir neçə şəxsin adı hallanıb, ona görə də araşdırma aparmaq üçün onları polisə dəvət ediblər:

- Burda narahatçılığa əsas yoxdur. Araşdırma aparılmalı idi, onlar da dəvət olunublar.

- Onların dəvət olunması şüarın məzmununa görədir, ya yazılmasına görə?

- Məzmuna görə yox. Azad fikir deyə bilər. Ancaq yazılmasına görə ki, kim yazıb.

Mehman Əliyev
AzadlıqRadiosuna bildirib ki, onu aprelin 8-də günortadan sonra təkrar polisə çağırıblar. Əgər Mehman Əliyevdən izahat alınıbsa, onun polisə yenidən çağrılmasına nə zərurət var? Bəhmən Məmmədov bu sualı şərh etmədi, yalnız dedi ki, narahatçılığa əsas yoxdur.

Mehman Əliyev isə hesab edir ki, polisə təkrar çağırılması təzyiqdir: «İstəyirlər ki, mən boynuma götürüm ki, şüarı mən yazmışam, amma mən yalandan necə deyim ki, mən yazmışam?» deyən müsahibimiz ona təklif olunan vəkildən də imtina etdiyini, ehtiyac yarandığı təqdirdə isə özünə vəkil tutacağını deyir.

İntiqam Əliyev
DİVAR KORLAYAN UZAQBAŞI CƏRİMƏ ÖDƏYƏ BİLƏR


Divara yazı yazan adam inzibati məsuliyyətə cəlb oluna bilər. Bunu hüquqşünas İntiqam Əliyev deyir:

-Yəni burda divarın korlanması, şəhərin görkəminə xələl gətirilməsindən söhbət gedə bilər. Bunun üçün də məhkəmə divarı korlayan adama qarşı inzibati qaydada cərimə tətbiq edə bilər.

Hüquqşünas Mehman Əliyevin bir neçə saat polisdə saxlanmasını və eyni gündə yenidən çağrılmasını ona qarşı təzyiq kimi qiymətləndirir.

DİVAR ŞÜARLARI AKSİYA NÖVÜ KIMI

Küçə aksiyaları divar şüarlarına keçə bilər. Bunu isə Jurnalist Şahvələd Çobanoğlu deyir. Onun sözlərinə görə, adətən divar şüarları qəfil peyda olur və müəllifləri naməlum qalır:

-Müasir dünyada divarlara, yollara şüarların yazılması həm də siyasi hərəkətliliyin, demokratik özünü ifadə etməyin bir formasıdır, aksiyadır. Hətta mən inanıram ki, divara şüar yazmaq bir aksiya növü kimi qanuna da düşəcək.

Şahvələd Çobanoğlunun fikrincə, Gədəbəy polisinin adi divar yazısının araşdırılmasına bu dərəcədə ciddi-cəhdlə girişməsi onun şüarın məzmunundan narahatçılıq keçirdiyini göstərir, bu isə söz və ifadə azadlığına təzyiq kimi dəyərləndirilməlidir.
XS
SM
MD
LG