Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:41

Yaxşı ki Mirzə Cəlil bu dövrdə yaşamır!


Bəs yaşasaydı, axırı nə olardı?

«Hər bir dövrdə və cəmiyyətdə yaxşı hallarla bərabər irəliləyişə mane olan işlər, ünsürlər də var. Amma bunları qabardıb üzə çıxaran insanlar- təpərli oğullar olmalıdır».
Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olan Cəlil Məmmədquluzadənin mənzil muzeyinin direktoru Pərixanım Mahmudova söylədi.

«MOLLA NƏSRƏDDİN» GÜLÜŞ JURNALI DEYİLDİ!

«Can Bakı»nın şöhrətli «Molla Nəsrəddin» jurnalının 105 illiyinə həsr edilmiş «Azərbaycan nə vaxt satirik jurnala ehtiyac duyur?»- mövzusunda açdığı müzakirəyə qoşulan Pərixanım Mahmudova bəzi araşdırıcıların «Molla Nəsrəddin»i gülgü jurnalı hesab etmələri ilə razılaşmadı: «Biz muzey işçiləri bunu gülüş saymırıq. Bu gülüşün arxasında dərin təfəkkür var. O milləti oyatmaq istəyirdi. Millət özünə gülə-gülə ayılırdı ki, əcəba bu nə haldır? Ona görə Mirzə Cəlil bizim üçün indi də qiymətlidir».

ÇAĞDAŞ, YOXSA NİMDAŞ?

P. Mahmudova
P. Mahmudova aparıcının «2011-ci ilin 7 aprelindən baxanda, 1906-cı ilin 7 apreli necə görünür- çağdaş, yoxsa nimdaş» sualını belə cavabladı: «Çağdaş görünür! Bu bəlkə də «Molla Nəsrəddin» səpgidə çıxan qəzet və jurnalımız olmadığı üçün belədir».

HƏRDƏN «MOLLA NƏSRƏDDİN» OXUYUN!

Muzey direktoru insanları bu jurnalı hərdən əlinə alıb oxumağa səslədi. «Çox şey öyrənərlər! Ölkənin hər yerində bu jurnalları tapmaq olar. Dükanlarda «Molla Nəsrəddin» kitab halında da var. Məsləhət görərdim ki, oxusunlar».

JURNALIN MÖVZULARI İNDİ DƏ AKTUALDIR


Səadət Qarabağlı da «Molla Nəsrəddin»i çağdaş gördüyünü təsdiqlədi. «Mirzə Cəlil və ətrafındakılar elə mövzulara müraciət edirdilər ki, o mövzular bu gün də aktualdır. Oxuyuruq və düşünürük. Arzu edərdim ki, belə jurnalımız indi də olsun».

MİRZƏ CƏLİL HƏLƏ DƏ YAZIR!

Yazıçı-jurnalist Tahir Abbaslıya elə gəlir ki, Mirzə Cəlil hələ də yazır!

Tahir bəy «Molla Nəsrəddin»in hər gün mətbuatımızda, xalqın təfəkküründə, ümumi işimizdə, ictimai məsələlərə baxışımızda iştirak etdiyini düşünür. «Biz türkün sözü ifadəsini çox işlədirik. Əslində isə, tez-tez deməliyik ki, Mİrzə Cəlil demişkən, Mirzə Cəlil sözü». Sovet dövründə Mirzə Cəlil haqqında «Allahsız», «mollalar əleyhinə» bir imic yaradıldığını deyən Tahir Abbaslı «molla» sözünə Mirzə Cəlil qədər xeyir verən ikinci adamın olmadığını iddia etdi. «Çünki dünyaya, elə özümüzə də anlatdı ki, molla təkcə yas yerində məclis başında oturan adam deyil, həm də xalqın canını, cismini üzə çıxara bilən böyük bir müdrikdir!».

Tahir Abbaslı
ƏN BAXIMSIZ MƏZAR—MİRZƏ CƏLİLİN MƏZARI...


Satirik yazar Zamin Hacı «Mirzə Cəlil elə bir zirvə, elə örnəkdir ki, ona baxanda papağımız yerə düşür»- dedi. Zamin bəy dinləyicilərin diqqətini Mirzənin Fəxri Xiyabandakı məzarına çəkdi. «Hərdən oranı ziyarət edirəm. Xiyabanda ən baxımsız məzarlardan biridir. Bu da indiki rejimin münasibətinin göstəricisidir. Mirzə Cəlil son illər Azərbaycanda təbliğ olunmur. Bayaq muzeyin direktorunun dediyi toplu kitab da çox baha qiymətə satılır- 50-60 manata...»

YAXŞI Kİ, MİRZƏ CƏLİL BU DÖVRDƏ YAŞAMIR!

Zamin Hacı Mirzə Cəlilin bu dövrdə yaşamadığına sevindiyini də dilə gətirdi. «İndiki hökumətin jurnalistlərə münasibəti baxımından deyirəm. Əgər Mirzə «Molla Nəsrəddin»i indi buraxsaydı, uzağı bir il davam edə bilərdi. Yəqin ki, islah-əmək koloniyasında idi. Onun cibinə ya narkotik atacaqdılar, ya da bir qadın üzünə duracaqdı ki, mənə sataşmısan... Çünki bu ölkədə jurnalistika ilə məşğul olmaq çox təhlükəlidir». Zamin Hacının dediyinə görə, çar hökuməti Mirzə Cəlilin jurnalını senzura etsə də, onu döydürmürdü, zindana atmırdı. «Bəlkə də, bu ondan irəli gəlirdi ki, Mirzə Cəlil hakimiyyətin tənqidinə ciddi girişmirdi, xalqın mentalitetində, məişətində olan qüsurları daha çox tənqid edirdi».

Zamin Hacı
BİZDƏ BELƏ NƏŞR OLUB- «ÇEŞMƏ» QƏZETİ!


Zamin Hacı «bizdə niyə belə nəşrlər yoxdur»- sualı ilə də razılaşmadı. «90-cı illərin ortalarında bizdə bu cür nəşr olub- «Çeşmə » qəzeti. Üslub və məzmun baxımından «Molla Nəsrəddin»ə bənzəyirdi. Heydər Əliyev hakimiyyətə gələn kimi naşir Ayaz Əhmədovu həbs elədilər. Bir il zindanda yatandan sonra mühacirət etməyə məcbur oldu...»

MİRZƏ ƏLƏKBƏR- MİRZƏ SAKİT...


Zamin Hacı «Molla Nəsrəddin» jurnalında öz dəsti-xətti olan şair Sabiri xatırlatdı. «Müqayisə qüsurlu olsa da, indi bizdə Mirzə Sakit adlı satirik şair var. Mirzə Sakiti şeirlərinə görə üç il həbsdə saxladılar. Amma Sabir o dövrdə həbs olunmayıb».
Zamin bəy elə bu səbəbdən Azərbaycanda satirik-publisistik üslublu nəşrlərin olmadığını dilə gətirdi və bu işi «çox təhlükəli» adlandırdı.

«KİRPİ » JURNALI ÇIXIR, AMMA...

Səadət Qarabağlı bir neçə il öncə ölkədə «Tək səbir» adlı bir qəzetin çıxdığını, amma maliyyə çatışmazlığı ucbatından bağlandığını xatırlatdı. «Bu gün «Kirpi» jurnalı çıxır. 1952-ci ildən əsası qoyulub. Amma «Molla Nəsrəddin» səviyyəsində deyil. Bəlkə də cəsarət çatışmır. Kəskin qələm olmalıdır. Amma belə bir jurnala ehtiyac var».


- Tahir Abbaslı informasiya bolluğunun belə nəşrləri bəzən gərəksiz etdiyini necə əsaslandırdı?

- Gündəlik, həftəlik nəşrlərə pul tapmağın çətinliyini necə izah etdi?

- Niyə indi ölkədə bütün yazarları başına toplayacaq bir adama ehtiyac olduğunu- Mirzə Cəlil şəxsiyyətinin çatışmadığını dedi?

- Səadət Qarabağlı «Molla Nəsrəddin»ə olan təqibləri necə sıraladı? Onun ətrafındakıları hansı yüksəkliyə qoydu?

- Tahir Abbaslı ««Çeşmə» qəzetinin baş yazarı Vətəndə qalsaydı nə baş verərdi?»- dedi?

- Tahir bəyin «bütün milləti qızdıran, isidən, hərarətləndirən bir adam sonda uşaqlarının canını qızdırmaq üçün əlyazmalarını yandırdı»- sözünə Pərixanım Mahmudova nə cavab verdi? Muzey direktorunun fikrincə, əlyazmalar canı qızdıra bilərdimi? Elə isə, yanan nə idi?

- Zamin Hacı 97-98-ci illərdə, hələ senzura ləğv olunmadığı vaxtlarda Mirzə Cəlilin bir felyetonunu qəsdən özününküləşdirib senzuraya göndərdiklərini necə danışdı? Sizcə, üstündən 90 il keçəndən sonra çar hökumətinin senzurasından çıxan yazı müstəqil Azərbaycanın senzurasından keçdi-keçmədi?

- Zamin bəyin «bugünkü Azərbaycan qadını Həmidə xanım kimidirmi?»- sualına qonaqlar necə reaksiya verdilər?

-Pəri xanım «Həmidə xanımın jurnalın maliyyə məsələlərində əvəzsiz rolu olub» deyənlərlə niyə razılaşmadı?

Ən yaxşısı, 105 il əvvəlki tariximizə işıq salan bu maraqlı söhbəti özünüz eşidin. Mirzə Cəlilin verilişin sonunda səsləndirilən «Yol» felyetonuna qulaq verin və üstündən bir əsrdən çox keçməsinə baxmayaraq, felyetondakı fikirlərin indiki Azərbaycan reallığına necə uyuşduğuna bizim kimi təəccüblənin...Və «Molla Nəsrəddin»i çıxaran o böyük Kişiyə rəhmət oxuyun!

Həmçinin oxu
Cəlil Məmmədquluzadə. Povest, Pyeslər, Felyetonlar
XS
SM
MD
LG