Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

«The New York Times» 2 aprel aksiyasından yazdı


Şənbə günü Bakının mərkəzində polisin etirazçılara qarşı sərt münasibətinə baxmayaraq Azərbaycan müxalifəti aksiyaları genişləndirmək niyyətindədir.

«The New York Times» qəzeti yazır ki, Yaxın Şərqi bürüyən etirazlardan həvəslənən hökumət opponentləri «Facebook» və digər sosial şəbəkə saytlarından aksiya təşkil etmək üçün istifadə edir. Onlardan biri də aprelin 2-də prezident İlham Əliyev hökumətinə qarşı keçirilib.

ETİRAZÇILAR VƏ POLİSLƏRİN SAYI

Qəzetə müsahibəsində «Azərbaycanda kriminal, avtoritar və korrupsiyalaşmış rejim olduğunu» deyən Müsavat başqanı İsa Qəmbər əlavə edib ki, «beynəlxalq səviyyədə, xüsusilə ərəb ölkələrində gedən proseslər insanları azadlıqları uğrunda mübarizəyə həvəsləndirib».

İsa Qəmbər müxalifətin növbəti dəfə aprelin 16-da aksiya keçirəcəyini bildirib.
Bu arada müxalif İslam Partiyası da cümə günü nümayiş keçirəcəyini elan edib.

Yazının müəllifi Michael Schwirtz qeyd edir ki, xalqın bu etiraz hərəkatını dəstəkləyib -dəstəkləmədiyini ölçmək çətindir. «Son nümayişə ən çoxu bir neçə yüz adam qoşulsa da, bu rəqəm onları dağıtmaq üçün göndərilən polislərin sayına çata bilməzdi».

Müəllif şahidlərə istinadən yazır ki, şənbə günü Fəvvarələr Meydanında keçirilən aksiyada polis nümayişçilərə dəyənək və yumruqla hücum edib, xəsarət alanlar olub. Polisin etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etdiyi barədə də məlumatlar var.

Aksiya təşkilatçılarının dediyinə görə, həmin gün 200-ə yaxın adam həbs olunub. Əksəriyyəti sərbəst buraxılsa da, azı 20 nəfər müxtəlif ittihamlarla 10 günə qədər həbs cəzası alıblar. Azı 15 fəal isə aksiyadan bir neçə gün əvvəl həbs olunub.

Aprelin 4-də məhkəmə 4 müxalifət liderini ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin təşkilində təqsirli bilib. Bu ittihama görə, 3 ilə qədər azadlıqdan məhrumetmə gözləyir.

Emin Huseynov
«BEŞ İLDƏN BƏRİ ƏN CİDDİ İTTİHAM»


«The New York Times»-a aksiyanı şərh edən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov beş ildən artıqdır hökumətin opponentlərinə qarşı belə ciddi ittiham irəli sürmədiyini deyib:

Onun fikrincə, hökumət ərəb ölkələrində baş verənlərin təkrarlanacağından narahatdır və həbslər qorxu yaratmaq üçün edilib.

Qəzet yazır ki, hakimiyyəti atasından miras alan prezident İlham Əliyevi opponentləri neftdən özünü və ailəsinin mövqeyini gücləndirmək üçün istifadə etməkdə günahlandırır: «Son illər müxalifət jurnalistləri, bloqqerlər həbs olunub və siyasi opponentlər hakimiyyətdən sıxışdırılıb çıxarılıb».

«BAKIDA HƏRARƏT ARTIR»

Bəzi müşahidəçilər Azərbaycanla Misir, Tunis arasında bu qədər paralellər aparılmasının da tərəfdarı deyil. «The New York Times» qeyd edir ki, bir sıra çatışmazlıqlarına baxmayaraq bəziləri prezident Əliyevin Sovet İttifaqı dağılandan sonra müharibə və iqtisadi çətinliklər yaşamış ölkədə sabitlik yaratdığını düşünür. O, həmçinin Avropanı enerji ilə təchiz edərək, Amerikanın Əfqanıstanda apardığı əməliyyatlarda tranzit rolu oynayaraq Qərblə isti münasibətlər saxlayıb.

Bu arada hökumət rəsmiləri son aksiyalarda iştirak edənlərin sayına işarə ilə xalqın müxalifəti dəstəkləmədiyini bildirib.

Müəllif Michael Schwirtz yazır ki, hər halda belə görünür son hadisələr prezident Əliyevi inandıra bilib ki, etirazçıların şikayətlərinə diqqət yetirsin. Bir müddətdir ki, hökumət anti- korrupsiya kampaniyasına başlayıb və bir neçə məmur rüşvətxorluğa görə işindən uzaqlaşdırılıb. Ərzağın qiymətinin bahalaşması ilə bağlı narazılıq yarananda prezident şəxsən yumurtanın qiymətinin aşağı salınmasına dair göstəriş verib.

«The New York Times» qəzetinə danışan bloqqer Əli Novruzov da «Bakıda hərarətin artdığını, etirazlar başlayandan dəyişikliyə ümid yarandığını» deyib.

Sayta hazırladı: Sevinc Hüseynzadə

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG