Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:47

Azərbaycan Yunanıstana qaz verəcək?


Aprelin 4-də Bakıya gələn Yunanıstan prezidenti Karolos Papouliasın Azərbaycana səfəri iki gün çəkəcək. Yunanıstan prezidentini hökumət nümayəndə heyəti və bir qrup biznesmen müşayiət edir.

Aprelin 5-də prezident İlham Əliyevlə Karolos Papoulias arasında geniş tərkibdə danışıqlar olub. Danışıqların əsas mövzusu enerji, iqtisadi və mədəni əməkdaşlıq məsələləridir.

İlham Əliyev deyib ki, «iki ölkə arasında enerji sahəsində əməkdaşlığın gözəl ənənələri var. Yaxın zamanlarda bu əlaqələr yeni mərhələyə qədəm qoyacaq».

Yunanıstan prezidenti Karolos Papoulias isə deyib ki, «səfərim münasibətlərimizin inkişafına yeni təkan verəcək, bizim münasibətlərimizin gələcəyi parlaqdır».

ARDNŞ VƏ DEPA ANLAŞMA MEMORANDUMU İMZALADI

Danışıqlardan sonra Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Yunanıstan Dövlət Qaz Şirkəti (DEPA) arasında anlaşma memorandumu, «Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair saziş», «Dəniz nəqliyyatına dair saziş» «2011-2013-cü illər üçün elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair proqram» la bağlı sənədlər imzalanıb.

İmzalama mərasimindən sonra iki ölkə prezidenti birgə bəyanatla çıxış edib.
İlham Əliyev bir daha iki ölkə arasında yaxşı əlaqələrin olmasında danışıb. Enerji sahəsində əməkdaşlığın əhəmiyyəti haqqında bunları deyib:

«Artıq bir neçə ildir ki, Azərbaycan qazı Yunanıstana nəql edilir. Bu gün imzalanmış sənədlər əminəm ki, gələcəkdə bu sahədəki əməkdaşlığı daha da geniş edəcək, imkanlarımızı daha da genişləndirəcək. Azərbaycan Yunanıstana qazın həcminin artırılmasına maraqlıdır. Biz gələcəkdə Yunanıstanın tranzit imkanlarından da istifadə etmək istəyirik. Bu sahədəki əməkdaşlıq nəinki ikitərəfli əlaqələrimizin inkişafına xidmət edəcək, eyni zamanda Azərbaycanla Avropa ölkələri arasında qaz sahəsində əməkdaşlığa da çox ciddi təkan verəcək».

Yunanıstan prezidenti isə enerji əməkdaşlığı sahəsində əlaqələrin yaxşı olduğunu, Azərbaycandan təbii qazın nəqlində maraqlı olduqların bildirib.

İlham Şaban
«KONSENSUS ƏLDƏ OLUNMAYIB»


Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, Dövlət Neft Şirkəti ilə Yunanıstanın Dövlət Qaz Şirkəti DEPA arasındakı memorandum onu göstərir ki, tərəflər hələlik qaz alqı-satqısı ilə bağlı hansısa konsensus əldə edə bilməyiblər. İlham Şaban deyir ki, ortada hansısa bir kommersiya müqaviləsinin olunmaması bunun əsas göstəricisidir:

«2009-cu ildə Azərbaycan prezidentinin Afinaya rəsmi səfəri zamanı hər iki ölkənin energetika nazirlikləri arasında memorandum imzalanmışdı. İndi isə bu daha da konkretləşdi. Artıq həmin memorandumlar dövlət şirkətləri arasında imzalandı. Bu nəyə dəlalət edir? Baxmayaraq ki, 2007-ci ildə Yunanıstan Avropanın ilk ölkəsi idi ki, hökumət səviyyəsində Azərbaycandan qaz idxal etmək niyyətini elan eləmişdi. Yunanıstanın ağır iqtisadi durumda olmasının burda rol oynamasını görürük. Yunanıstan heç də o maraqda deyil ki, Rusiyanın Qazprom şirkətindən aldığı qiymətlərlə Azərbaycandan qaz idxal etsin. Digər tərəfdən də Azərbaycan nə qədər razıdır ki, öz qazını dünya bazarı qiymətindən aşağı qiymətə daşıma risklərini öz üzərinə götürməklə Yunanıstan bazarına çıxarıb ucuz qiymətə satsın?»

İlham Şaban bildirir ki, imzalanan bu memorandum istənilən halda müsbət addımdır. Tərəflərə gələcəkdə danışıqları davam etdirmək üçün imkan yaradır.

Aprelin 6-da Yunanıstan-Azərbaycan biznes-forumu keçiriləcək.

Azərbaycan prezidenti 2009-cu ilin fevralında Yunanıstana getmişdi. Həmin vaxt iki ölkə arasında texnologiya, kommunikasiya, turizm və aviasiya sahələrində sazişlər imzalanmışdı. Afinada da danışıqların əsas mövzusu enerji əməkdaşlığı olmuşdu.
XS
SM
MD
LG