Keçid linkləri

2025, 21 Mart, Cümə, Bakı vaxtı 00:31

Bəxtiyar Hacıyev barəsində 1 aylıq həbs-qətimkan tədbiri başa çatır


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Gənc fəal Bəxtiyar Hacıyev barəsində seçilən 1 aylıq həbs-qətimkan tədbiri aprelin 4-ü başa çatır. Amma onun vəkilləri müdafiə etdikləri şəxsin aprelin 4-də sərbəst buraxılacağını az ehtimal edirlər.

Vəkil Əlayif Həsənov deyir ki, 1 aylıq müddət başa çatsa da, qətimkan tədbirinin seçilməsinin müddətindən asılı olmayaraq, iş məhkəməyə göndərilibsə, onun buraxılması məhkəmə araşdırmasından asılı olacaq:

«İş məhkəməyə göndəriləndə elə bil ki, o həbsin müddəti dayanır. Yəni o müddət keçə də bilir, keçməyə də. Azərbaycan qanunvericiliyinə görə də, bu qanun pozuntusu sayılmır».

Vəkildə olan qeyri-rəsmi məlumatlara görə, B. Hacıyevin işi ilə bağlı məhkəmə prosesi aprelin 7-də keçiriləcək:

«Bizə hələ ki, hər hansı rəsmi məlumat verilməyib, amma deyilir ki, sizə poçtla məlumat veriləcək».

Martın 28-də B. Hacıyev barəsində açılmış cinayət işi Gəncə şəhər Nizami rayon Məhkəməsinin hakimi Emin Axundovun icraatına verilib.

B. Hacıyev barəsində yanvarın 24-də Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınma) maddəsi üzrə cinayət işi açılıb. Bu maddə üzrə 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

2 saylı İstintaq Təcridxanasında saxlanan B. Hacıyev barəsində martın 4-də Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə 1 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Gəncə şəhərini tərk etməmək barədə iltizamnamənin qaydalarını pozmaqda təqsirləndirilib.
XS
SM
MD
LG