Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:37

Lal yazıçının sevgisi


Filmə səssiz vaxtlarında “Böyük lal” deyirdilər.

Bu lalın filmidir, lal film deyildi.

Oturub maşınında qəzet oxuyur lal yazıçı.

Motosikletli bir gənc maşının pəncərəsini döyür.

Film səssizdir, əl hərəkətlərindən görünür ki, yolu soruşur.

Yazıçı işarəylə izah edir ki, laldır.

Motosikletçinin üzündə təəssüf.

Qəzet oxumağa davam...

Amma gözləyir o qızı.

Eşqini necə etiraf edəcək ki?

Sevgilisi ilə arasında deyilməmiş ikicə söz var.

Amma o bir hərf də deyə bilmir ki.

İçində yüzlərlə səhifəni doldurmağa qadir olan sözlər.

Amma dilə qədər gələ bilmir ki.
Yolda ölürlər.

Havanı cıza-cıza danışır lal yazıçı.

Kağız üzərində isə dağ çayı kimi gur cümlələr, parlaq fikirlər...

Amma o yazıçıdır axı.

Dülgərin xammalı taxtadır, onunku söz.

Havanı cıza-cıza eşq elanı yapılmaz ki.

Səhər idmanına çıxıb qız.

Qaça-qaça gəlib yanından keçir lal yazıçının.

Yazıçı ona baxa-baxa qabaqda park edilən maşına toqquşur.

Bir kağız yazıb maşının şüşəsinə qoyur.

Artıq günlərdir ürəyindən daş kimi sallanan o sözü heç olmasa kağıza yazıb onu göstərmək istəyir.

Və ardınca qaçır qızın.

Bir əlində qələm, o birisində sarı kağızlar.

İlk cümləsi “Mən danışa bilmirəm, amma eşidə bilirəm”.

Qaça-qaça yazır və sonra da yazdığı kağızları göyə atır.

İkinci kağıza yazır: “Siz çox gözəlsiniz”.

Üçüncü cümlədə: “Mən yazıçıyam”.
Film səssizdir.

Arxa fonda Nazım Hikmətin şeirinə bəstələnmiş mahnı..

“Sevirəm səni
Gecə qızdırma içində oyanıb
Ağzımı kranta dayayıb su içər kimi”

Qız qaçır, arxasınca yazıçının boz plaşı yellənir, kağızlar göyə uçur.

Sonrakı kağızda bir ümid yazılıb: “Bəlkə də məni tanıyırsınız”.

Yazıçıdır axı, kitabları satılır mağazalarda.

Bəlkə də qız bir gecəsini o kitabların biri ilə baş-başa keçirdib.

Qalın kitablar yazan yazıçı bir kompliment tapıb yaza bilmir, bir bədii cümlə istehsal edə bilmir.

“Bəzən ulduzlar, bəzən” yazır, amma ümidsiz bir ifadə ilə kağızı küləyə verir.

Sonra “saçların” yazır kağıza, atır saçları dalğalandıran küləyin ağuşuna.

“Bu gün mən” adlı yarımçıq və mənasız bir cümlə yazılan kağız da göyə sovrulur.

Nəfəsi daralıb, bilinmir həyəcandandır, yoxsa qaçmaqdan.

Ürəyindən keçəni kağıza yazır: “Nə olar, dayan”.

Ardınca “Nə olar, bir az yavaşla”.

Qız amma dayanmır ki.

Təntiyir lal yazıçı.

Ağaca da dəyir başı.

Hər şey pis olmaz ki.

Əzdiyi maşın qızındır.

Arxasınca qaçdığı qızın.

Qız maşının şüşəsinə sancılan kağızı oxuyur:

“Maşınınızı mən vurdum. İndi qayıdacam. Parkda qaçan qızı tutmalıyam. Deyəsən, aşiq olmuşam”.

Bundan sonra qarşılıqlı təbəssümlər...

Arxasını yazmağa gərək varmı?

***
Bu yazı qısa metrajlı film haqdaydı.

Nə deyirdi böyük şair:
“Səndə mən imkansızlığı sevirəm
Fəqət ümidsizliyi əsla”

Lent.az

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG