Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Rasim Qaraca 20-liyi tənqid edərək kimlərin adını çəkdi?


(soldan sağa) Şair Rasim Qaraca, tənqidçi Tehran Əlişanoğlu və Azadlıq Radiosunun əmədaşı İlqar Rəsul, AzadlıqRadiosunun "Pen klub" verilişi, Bakı, 24 mart, 2011
(soldan sağa) Şair Rasim Qaraca, tənqidçi Tehran Əlişanoğlu və Azadlıq Radiosunun əmədaşı İlqar Rəsul, AzadlıqRadiosunun "Pen klub" verilişi, Bakı, 24 mart, 2011
Azadlıq Radiosunun "Pen klub" proqramında Kitab Mükafatının 20-liyini müsabiqənin eksperti, tənqidçi Tehran Əlişanoğlu, 20-liyə keçməyən yazıçı Alik Nağıoğlu və müsabiqəyə qatılmaqdan vaz keçmiş Azad Yazarlar Ocağından şair Rasim Qaraca müzakirə edir.


Tehran Əlişanoğlu:

Bizim müsabiqədə 20-liyi müəyyənləşdirməyimiz rahat oldu. Ekspertlərin müəyyən etdiyi 20 əsər üst-üstə düşdü. Yalnız 3 nəfərin müzakirəsi gedib.

Əvvəldən də şərtləndiyi kimi əsərin bədii dəyəri, bədii keyfiyyətləri əsas götürülüb və bu qayda ilə 20-liyin seçimi nisbətən rahat olub.

Rasim Qaraca:

Biz AYO-çular keçən il yol verilən bir sıra qeyri-obyektivliklərə görə qərara gəldik ki hələləik bu müsabiqəyə qatılmayaq.

Əgər gələcəkdə bu mötəbər bir müsabiqəyə çevrilsə, orada iştirak məsələsi AYO-nun idarə heyətinin qərarından asılı olacaq.

Onu da demək istəyirəm ki, AYO-çuların iştirak etməməsi müsabiqənin gedişatına kifayət qədər təsir edib.

Çünki 20-likdə əsas imzalar yoxdur. Yerdə qalanlar –yəni bir az kobud çıxmasın, 2-ci, -3-cü dərəcəlilər də artıq öz aralarında müsabiqədə 1-cilik uğrunda yarışmaya qoşulublar.

Bu elan olunan 20-liyə baxanda zahirən məndə yaranan təsəvvür ondan ibarətdir ki, burada yaxşı bir ədəbiyyat şorbası əmələ gəlib.

Yaşlı-cavan, rusdilli-azərbaycandıllı, tanınan-tanınmayanlardan ibarət qəribə bir mozaika. Bunları necə yarışdırmaq olar.

Bu onu göstərir ki müsabiqənin konkret konsepsiyası yoxdur. Və siyahıya baxanda burada tapşırılanlar, arxasında adam olanlar şübhəsiz ki var. Yəni adamın adamları aydın görünür.

Tehran Əlişanoğlu:

O siyahının bizim bu günkü ədəbi mənzərəni tam əks etdirməməsinin başlıca günahı bu müsabiqəni boykot eləyənlərdədir.

Tehran Əlişanoğlu
İlk növbədə də AYO-da. AYO-nun bu cür qərar qəbul etməsi ədəbiyyatın xeyirinə deyil. Biz də təəssüflənirik ki, bir sıra maraqlı əsərlər bu prosesdə iştirak etmədi.

Rasim Qaraca:

Bu 20-likdə Azər İsaakı tanıyıram, fantastika janrında əsərlər yazır. Kitabından oxumuşam, öz yaşına görə uğurlu bir əsərdir. Sonra... Bu Azər Abdulla məlumdur, bundan mən heç nə gözləmirəm. Yaşlı bir adamdı...

Azadlıq:

Yəni oxumusunuzmu?

Rasim Qaraca:

Düzü bəzi şeirlərini oxumuşam. Mühafizəkar bir yazıçıdır. Hər halda əsərlərinə görə yox, bu yaşda insanın müsabiqəyə qatılmasını təqdir etmirəm. Gənclərə yol açmalı idi.

Aslan Quliyevi tanıyıram, Yardımlıda yaşayır, kifayət qədər peşəkar yazıçıdır. Amma o da yaşına görə gərək gənclərə meydan verəydi. Azad Qaradərəlinin də 50-dən çoxu yaşı var, o da gənclərə yol verməli idi.

Cavid Zeynallı gənc yazıçıdı, təzə kitabı da çıxıb, amma oxumamışam. Etimad Başkeçid orta nəslin nümayəndəsidir.

Elşad Əliyevi tanımıram. İnternetdə axtarış da verdim, bir şey tapa bilmədim, o adda bir prorektor çıxdı... "Odlar Yurdu" Universitetinin. Amma bəlkə də o deyil.

Azadlıq:

Olmazmı prorektorun yazması?..

Rasim Qaraca:

Mən elə bir yazıçı tanımıram. Amma əgər o prorektordursa, deməli orda başqa maraqlar var.

Mirmehdi Ağaoğlu, Kəramət Böyükçöl - ortalıqda olan gənc yazıçılardır. Məqsəd Nuru tanıyıram. Bunların hekayələrindən oxumuşam.

Azadlıq:

Yəni hekayələrini oxuduqlarınız haqda nə düşünürsüz?

Rasim Qaraca:

Rasim Qaraca
Yəni ki böyük yaş və təcrübə fərqi var 20-liyə düşənlər arasında. Məsələn Mirmehdi ilə Məqsədi bir tərəziyə qoymaq olmaz. Mirmehdi təzə başlayan yazıçıdır, Məqsəd çoxdanın yazıçısıdır.

Yaxud Natiq Rəsulzadə. Birincisi, rusca yazır, ikincisi də çox məşhur yazıçıdır.

- Rəşad Məcid elə bizim verilişimizdə demişdi ki, onun fikrincə, qalib elə Natiq Rəsulzadə olacaq. Düzdü, zarafatla demişdi, amma demişdi...

Rasim Qaraca:

Natiq Rəsulzadəni yəqin tapşıranlar da var, AYB-ni təmsil edir. Münsiflər Heyətindən Rəşad Məcid onun arxasında durur, Nigar Köçərli də yəqin ona dəstək verəcək.

Yəni burda proteksiya ilə gələnlər şübhəsiz ki var. Adamın adamları - hamısı açıq gözlə görünür.

Natella Osmanlı rusca yazan, rus saytlarında müəyyən reytinqi olan yazardır. Nərgiz Bağırzadə - deyəsən bankda işləyən bir xanımdır...

Tehran Əlişanoğlu:

Mənə elə gəlir ki, Rasim bəyin bu 20-liyi təftişi heç cür baş tutmur, buna görə mən çox sevinirəm. Görünür bizim işimiz çox uğurludur.

O ki qaldı kimin kimin adamı olmasına, Nigar xanım bizim qarşımızda belə şərt qoymayıb, şərt bu olub ki, mətnlərə qiymət verək, belə də etmişik.

Azadlıq:

Bu cür yanaşırıqsa, onda bəs Pərviz kimin adamıdır? Onun "Yad dildə" romanı axı kifayət qədər tanınır...

Rasim Qaraca:

Yox, əstəğfürullah, lap elə də yanaşmıram mən. Mən siyahını gözdən salmaq da istəmirəm, amma çox dalğavari bir siyahıdır. Çox tanınanlar, az tanınanlar bir yerdədi.

Sahilə İbrahimova, Svetlana Quliyeva - çox az tanınan müəlliflərdir...

Alik Nağıoğlu: (telefonla)

Bir əyalət yazıçısı, uzun müddət bu işlə məşğul bir adam olaraq bu müsabiqədə bir işıq ucu görüb “hekayələr toplusu” ilə qatıldım.

Açığı əyalətdən baxanda mərkəzdə hər şey çılpaqlığı ilə görünür.

Müsabiqənin keçirilməsini müsbət hal kimi dəyərləndirirəm. Amma bu prosesdə müşahidə etdiyim müəyyən söz-söhbətlər məni nagüman elədi.

Əgər müsabiqəni keçirənlər deyirsə ki, kimlərsə zəng edib özünü tapşırır, təsəvvür edin ki, belə söhbətlər əyalətdə necə təəssürat yaradır.

45 ildir bu ədəbi əsərləri daim mütaliə edən bir adam kimi deyirəm, keçən müsabiqədə 1-ci yeri tutan o əsərin 5 sahifəsini oxuya bilmədim.

Digər əsərlərdə də cümlə qüsurları müşahidə olunur.

Heç olmasa bu əsərlərin seçimində bir qədər ədalətli olmaq lazımdır ki, insanların yazıçılıq, o müsabiqəyə qoşulmaq ruhunu ən azından gələcəkdə zədələməsinlər.

Mən özümə söz verirəm ki, bundan sonra hər hansı bir müsabiqədə iştirakdan özüm yayınaram.

Amma o demək deyil ki, bu mənim yazmaq ruhumu öldürəcək.

Tehran Əlişanoğlu:

Mən Alik Nağıoğlu imzasını bu müsabiqədən tanıdım.

Və çox maraqlı da hekayələriniz var. Amma bir xeyli yazıçılar var idi ki, bu müsabiqəyə sizinki qədər diqqəti cəlb edən hekayələr təqdim etmişdilər.

Sizin 2000-ci ilədək dövrdə çap olunmuş hekayələriniz müsabiqədən kənarda qalıb. Çünki son 10 ildə yazılmış əsərlər qəbul olunur.

2000-ci illərdə yazılmış hekayələri də oxumuşuq. Xəbərimiz var. Hesab edirik ki, o cür həkayələr yazan yazıçılar bu müsabiqədə iştirak etməlidirlər.

Və sağ olun ki, iştirak etdiniz. Amma mən sadəcə sizə təklif edərdim ki, 20-liyə düşən hekayələri oxuyun və özünüzünkülərlə müqaisə edin.

Ancaq onu da deyirəm ki, çoxlu əsərlər var ki, 30-luqda olub, 20-liyə düşməyib. Hər halda bizə 20-liyi müəyyən etməyi deyiblər və işimizin nəticəsi budur.

Bir var iş, bir də var onun ətrafında yaranan söz-söhbətlər. Məncə biz söz-söhbətlərə daha çox meyilliyik.

Azadlıq:

Verilişimizdə iştirak edənlərin hamısı deyir ki, müsabiqə təşəbbüsü çox yaxşıdır, amma onu daha da təkmilləşdirmək olar...

Rasim Qaraca:

Burda məqsəd aydınlaşmalıdır. Əgər Nigar xanımın məqsədi pul qazanmaq, kommersiya maraqlarıdırsa, sponsorlar cəlb etməkdirsə, bunu açıq desin.

Desin ki əsas budur, adamları isə mən ortalıqda yalandan fırladıram, adlarını hallandırıram.

Ciddi ekspertlər də var. Bir az da müsabiqəyə ədalət payı qarışdırır ki, kənardan pis görünməsin.

Əgər məqsəd budursa, bunu açıq deyək. Yox əgər məqsəd həqiqətən də gənc və istedadlı müəlllifləri üzə çıxarmaqdırsa, bunu da açıq demək lazımdır.

Yəni suya südün qatılması dərəcəsi var da. 50 faizdən artıq sudu, yoxsa süd. Bu kriterini beynimizdə müəyyənləşdirməliyik.

Azadlıq:

Sizcə, onluq ədalətli olacaqmı?

Tehran Əlişanoğlu:

Biz əlimizdən gələni edəcəyik ki, 10-luq ədalətli olsun. Ondan sonra seçimi biz yox, münsiflər edəcək.

Rasim Qaraca:

Mən hesab edirəm ki, 3-cü yer ədalətli olacaq, 1-ci, 2-ci yerlər tapşırıqla olacaq.


Bu, verilişdə səslənən fikirlərin bir hissəsidir,
PROQRAMA TAM ŞƏKİLDƏ BURDA BAX
(Prodüsser: Maarif Çingizoğlu, Fotolar və Veb-TW: TURXAN)

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG