Keçid linkləri

2026, 18 İyun, cümə axşamı, Bakı vaxtı 23:00

ABŞ İranla çərçivə sazişinin şərtlərini açıqlayıb

ABŞ-İran sülh sazişinin ardınca Beyrutda bir motosikletçi üzərində "Təşəkkürlər, İran" yazılan banerin qarşısından keçərək əli ilə qələbə rəmzi nümayiş etdirir.
ABŞ-İran sülh sazişinin ardınca Beyrutda bir motosikletçi üzərində "Təşəkkürlər, İran" yazılan banerin qarşısından keçərək əli ilə qələbə rəmzi nümayiş etdirir.

ABŞ-ın yüksək vəzifəli rəsmiləri İranla Parisdə imzalanmış çərçivə sazişinin detallarını açıqlayıblar. İyunun 17-də qapalı brifinqdə açıqlanan sənədə əsasən, bu anlaşma Livan daxil olmaqla bütün cəbhələrdə döyüşlərin dayandırılmasını, Hörmüz boğazının ticarət gəmiləri üçün yenidən açılmasını və ABŞ-ın İrana qarşı dəniz blokadasının ləğvini nəzərdə tutur.

Saziş rəsmi şəkildə imzalandıqdan sonra tərəflər 60 gün ərzində yekun razılaşmanın hazırlanması öhdəliyini götürəcəklər. Həmin sənədlə İranın nüvə proqramına məhdudiyyətlərin qoyulması və ABŞ sanksiyalarının qaldırılması nəzərdə tutulur.

"Bu, Hörmüz boğazının dərhal açılmasına şərait yaradan, İranın üzərinə nüvə materialları ehtiyatını məhv etmək öhdəliyi qoyan və bizə təsir rıçaqları verən bir razılaşmadır", – yüksək vəzifəli ABŞ rəsmisi bildirib.

ABŞ rəsmiləri sazişi mühüm diplomatik fürsət kimi təqdim etsələr də, Tehranın niyyətlərinə ciddi şübhə bəslədiklərini dəfələrlə vurğulayıblar. Onlar hərbi və iqtisadi təzyiqlərin qısa müddətdə yenidən tətbiq oluna biləcəyi barədə xəbərdarlıq ediblər.

İkinci yüksək vəzifəli ABŞ rəsmisi bildirib ki, əsas sınaq bu həftəsonu İsveçrədə keçiriləcək danışıqlar olacaq. Həmin görüşlərdə memorandumun icrası üçün konkret mərhələli planın hazırlanması nəzərdə tutulur.

Hörmüzdən ödənişsiz keçid və ABŞ blokadasının ləğvi

Sazişin ən mühüm müddəalarından birində İrandan Hörmüz boğazından kommersiya gəmilərinin 60 gün ərzində ödənişsiz və təhlükəsiz keçidini təmin etmək tələb olunur. Həmin müddətdə Oman və Fars körfəzi ölkələri ilə birlikdə, gələcəkdə dəniz nəqliyyatını daimi qaydaya salmaq üçün danışıqlar aparılacaq.

Sənədə əsasən, ABŞ rəsmi imzadan dərhal sonra dəniz blokadasını mərhələli şəkildə qaldırmağa başlayacaq və 30 gün ərzində onu tamamilə ləğv edəcək. Rəsmilər bu qərarın artıq müsbət təsirlərini göstərdiyini vurğulayıblar.

"Münaqişənin son 100 günü ərzində ilk dəfədir ki, İran heç bir gəmiyə atəş açmayıb", –rəsmilərdən biri söyləyib.

Saziş həmçinin İran neftinin ixracının bərpasına imkan verən istisnaları nəzərdə tutur. Bəzi mühafizəkar siyasətçilərin tənqidlərinə baxmayaraq, ABŞ rəsmiləri bu addımı iqtisadi baxımdan praqmatik qərar kimi müdafiə ediblər.

İranın nüvə materialları ehtiyatı

Nüvə ilə bağlı müddəalar sazişin ən həssas və strateji baxımdan ən vacib hissəsi sayılır. ABŞ rəsmilərinin sözlərinə görə, İran nüvə silahı əldə etməyəcəyini və inkişaf etdirməyəcəyini bir daha təsdiqləyir, həmçinin zənginləşdirilmiş uran ehtiyatını təmizləyib zəiflətməyə və onu atom bombası düzəltmək üçün yararsız hala salmağa razılıq verir.

"Bu, minimum tələbdir. Bundan daha artıq addımlar atılması üçün çalışacağıq", – rəsmilərdən biri vurğulayıb.

Digər yüksək vəzifəli ABŞ rəsmisi bildirib ki, Vaşinqton yoxlama prosesində əsasən Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) və ABŞ-ın texniki mütəxəssislərinə güvənəcək.

"Biz etimada əsaslanan fəaliyyət göstərmirik", – o deyib.

Rəsmi əlavə edib ki, lazım gələrsə, ABŞ mütəxəssisləri nüvə materiallarının fiziki şəkildə ölkədən çıxarılmasına kömək etməyə hazırdır.

ABŞ rəsmiləri onu da bildiriblər ki, son hava zərbələri İranın nüvə obyektlərinə ciddi ziyan vurub və Tehranın həmin materialları qısa müddətdə bərpa etmək imkanlarını xeyli məhdudlaşdırıb.

Sanksiyaların ləğvi

Saziş Birləşmiş Ştatların İrana bütün əsas və ikinci dərəcəli sanksiyaların gələcəkdə ləğvini nəzərdə tutur, amma bu, yalnız yekun razılaşma çərçivəsində mümkün olacaq. ABŞ mərhələli şəkildə dondurulmuş İran aktivlərindən milyardlarla dolların qaytarılmasına da razıdır. Bu proses rəsmilərin ifadəsi ilə desək, İranın yaxşı davranışından asılı olacaq.

Razılaşmada azı 300 milyard dollar həcmində yenidənqurma və inkişaf fondunun yaradılması nəzərdə tutulur. Vaşinqton və regional tərəfdaşları fondu dəstəkləyəcək, amma ABŞ rəsmiləri vurğulayıblar ki, Vaşinqton birbaşa maliyyə vəsaiti ayırmayacaq. Bunun əvəzində sanksiya istisnaları sayəsində Fars körfəzi ölkələrinin investorları və digər xarici sərmayədarlar İranda müxtəlif layihələri maliyyələşdirə biləcəklər.

XS
SM
MD
LG