Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putin qalib gəlib. O, protokolların 99 faizi hesablandıqdan sonra 87.3 faiz səs toplayır. Bu, onun 2030-cu ildə başa çatacaq beşinci prezidentlik müddəti olacaq.
Səsvermə bülletenində dörd namizəd var idi. Putin müstəqil namizəd kimi çıxış edirdi. Kommunist Partiyasından Nikolay Xaritonov 4.3 faiz, "Yeni adamlar" partiyasından Vladislav Davankov 3.8 faiz, Liberal-Demokrat Partiyasından Leonid Slutski 3.2 faiz səs toplayıb. Bülletenlərin 1.4 faizi etibarsız sayılıb.
Müharibəyə qarşı çıxan namizədlər - Rjevdən olan jurnalist Yekaterina Duntsova və Dolqoprudnıdan bələdiyyə deputatı Boris Nadejdin seçkilərə buraxılmayıb. Duntsovaya imza toplamağa icazə verilməyib. Nadejdin onu dəstəkləmək üçün 200 mindən çox imza toplasa da, MSK onlarda qəbuledilməz "qüsur" tapıb.
Putinin nəticəsi onun 2000-ci ildən bəri Rusiya prezidenti postuna irəli sürüldüyü beş dəfə ərzində ən yüksək göstəricidir. Əvvəlki 2018 il seçkilərində o, 76.7 faiz səslə yenidən seçilmişdi. 2020-ci ildə Putin ona daha iki müddət hakimiyyətdə qalmağa imkan verən Konstitusiya dəyişiklikləri ilə bağlı fərman imzalayıb.
Hökumətə bağlı VTsIOM və FOM-un ekzit-pollarının nəticələrinə görə, Putin 87 faizdən çox nəticə ilə lider idi. Nadejdinin komandası və müstəqil sosioloji "ExtremeScan" layihəsi daha aşağı nəticələr əldə edib – seçicilərin müvafiq olaraq 76 faiz və 55 faizi Putinə səs verib.
İlkin seçici fəallığı 74.2 faiz təşkil edib.
İşğal olunmuş ərazilərdə səsvermə
Rusiya prezidenti üçün səsvermə Ukraynanın işğal olunmuş ərazilərində, həmçinin ilhaq edilmiş Krım və Sevastopolda da keçirilib. Qərb ölkələri işğal olunmuş ərazilərdə seçkilərin keçirilməsini pisləyib. Orada səsvermənin nəticələri tanınmayacaq. Yerli sakinlər səsvermədə iştirak üçün onlara təzyiq göstərildiyini bildiriblər. Rəsmi məlumatlara görə, oradakı seçicilərin təxminən 90 faizi Putinə səs verib.
"Qolos" seçicilərin hüquqlarının müdafiəsi hərəkatı səsvermə və səslərin hesablanması zamanı baş verən bir sıra pozuntulardan, o cümlədən "karusel səsverməsi" və dövlət işçilərinin mərkəzləşdirilmiş səsverməsindən yazır. Prezidentlik kampaniyasının özünü "Qolos" müasir Rusiya tarixində "ən mənasız" adlandırıb. "Namizədlər hətta seçkilərdə iştirak və səslər uğrunda mübarizə aparmaq üçün əsl istəyi təqlid etməyə belə çalışmırlar", - hərəkatın hesabatında deyilir.
60-dan çox cinayət işi
Səsvermənin üç günü ərzində bir neçə dəfə bülletenlərin zədələnməsi halları qeydə alınıb: müxtəlif rayonlarda seçicilər qutulara "zelyonka" və ya boya töküblər, yandırmağa cəhdlər olub. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 60-dan çox cinayət işi başlanıb, 150-dən çox inzibati protokol tərtib edilib. Cinayət işlərinin əksəriyyəti terror aktı barədə bilərəkdən yalan xəbər vermək və seçicilərin hüquqlarının həyata keçirilməsinə mane olmaq maddələri ilə açılıb.
"OVD-İnfo" xəbər verir ki, Rusiyada prezident seçkilərində səsvermə zamanı 21 şəhərdə yüzdən çox insan saxlanılıb. Ən çox saxlanılanlar Kazan və Moskvadadır.
"Günorta Putinə qarşı"
Rusiya müxalifəti Vladimir Putinin siyasəti ilə razılaşmayan hər kəsi səsvermənin son günü, martın 17-də eyni vaxtda – saat 12-də seçki məntəqələrinə gəlməyə, hazırkı prezidentin əleyhinə səs verməyə və ya bülleteni korlamağa çağırıb. Aksiya "Günorta Putinə qarşı" adlandırılıb. Bu zaman Rusiyanın bir çox şəhərlərində - Moskva, Sankt-Peterburq, Yekaterinburq, Tomsk, Perm, Çelyabinsk, Novosibirskdə səs vermək istəyənlərin böyük növbələri düzülüb.