Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:44

Vəkil Elçin Sadıqov: 'Mənimlə bağlı cinayət təqibi davam edir, ona görə...'


Elçin Sadıqov
Elçin Sadıqov

Bir çox ictimai-siyasi fəalın hüquqlarını qoruyan vəkil Elçin Sadıqovun “Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının məhkəməsinə məcburi gətirilməsinə qərar verilmişdi.

E.Sadıqov dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Zeynallının işi üzrə prosesə gəlsə də, şahid qismində ifadə verməkdən boyun qaçırıb.

Ə.Zeynallı ötən ilin sentyabrında “Baku Steel Company” MMC-nin (poladəritmə zavodunun) keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət almaqda suçlanaraq həbs olunub. O zaman işadamının vəkili E.Sadıqov da bu cinayətə vasitəçilik ittihamıyla həbs edilmişdi.

Cinayət işinin materiallarında iddia olunur ki, E.Sadıqov “Xural TV”də müvəkkilinin əleyhinə olan materialların yayımının dayandırılmasından ötrü onun həyat yoldaşı Mehriban Məmmədovadan 20 min manat alaraq, Ə.Zeynallıya çatdırıb.

E.Sadıqov həbsindən bir həftə sonra – sentyabrın 17-də ev dustaqlığına buraxılıb. Ə.Zeynallının işi məhkəməyə göndəriləndə isə onun haqqındakı cinayət işi ayrılıb.

“Mən bura gəlmək istəmirdim”

E.Sadıqov bildirib ki, onun haqqında cinayət işinə xitam verilməyib, hələ də təqsirləndirilən şəxs statusundadır. Bu üzdən, şahid kimi dindirilməsi düzgün deyil. Onun sözlərinə görə, istintaqdakı bütün ifadələri təqsirləndirilən şəxs statusundadır və həmin ifadələri də təsdiqləyir:

“Mən bura gəlmək istəmirdim, ancaq görünür, qarşı tərəf bundan sui-istifadə edir, haqqımda danışır. Mən istintaqa verdiyim ifadəmi təsdiqləyirəm. Hazırda mənimlə bağlı cinayət təqibi davam edir. Şahid qismində verdiyim ifadə sonradan əleyhimə istifadə oluna bilər. Ona görə şahid kimi ifadə vermək istəmirəm”.

Hakimlər də bu arqumentlə razılaşıblar. Qərar verilib ki, E.Sadıqov şahid statusunda dindirilməsin, amma onun istintaqdakı ifadəsi elan olunsun.

Həmin ifadədə E.Sadıqov bildirib ki, müvəkkili Rasim Məmmədovun özü və ailəsi haqqında “Xural TV”də tənqid və təhqir xarakterli fikirlər səsləndirilirdi. O iddia edir ki, Ə.Zeynallı belə materialları dayandırmaq üçün pul istəyib. Vəkilin sözlərinə görə, R.Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova Ə.Zeynallıya çatdırmaqdan ötrü sürücüsüylə zərfdə 20 min manat göndərib:

“Mən sentyabrın 3-də Əvəz Zeynallı ilə görüşüb, sürücünün mənə verdiyi 20 min manatı ona çatdırdım”.

Vəkil əlavə edib ki, bir neçə gün sonra yenə Rasim Məmmədov haqqında danışıb. Buna görə, söz-söhbət yaranıb:

“Mehriban Məmmədova pulu tələb edəndə Əvəz Zeynallı qaytarmadı. Mən öz hesabıma 20 min manatı qaytardım. Bu günədək də o pul mənə ödənilməyib”.

Cinayət işinin materiallarında Ə.Zeynallı ilə vəkil arasında danışığın səsyazısı var. Orada sənədlərin qaytarılmasından danışılır. E.Sadıqov söyləyir ki, əslində, pul nəzərdə tutulurdu, sadəcə, üstüörtülü şəkildə belə deyilib.

E.Sadıqov bu ifadəni məhkəmədə də təsdiqləyib.

“Ramiz Mehdiyevi “mənəvi atası” adlandırır”

R.Məmmədovun həyat yoldaşı M.Məmmədova da bu işdə şahid kimi tanınıb. Amma dəfələrlə çağrılsa da, məhkəməyə gəlməyib. Məktub göndərib ki, ölkədə yoxdur, yeni ildən sonra qayıdacaq. Ə.Zeynallı və vəkilləri onun məhkəməyə gəlməsini tələb ediblər.

Amma hakim M.Məmmədovanın istintaqdakı ifadəsini elan edib:

“Əvəz Zeynallı həyat yoldaşımı cinayətkar adlandırır, metallurgiya sənayesini məhv etməkdə günahlandırırdı. Hətta övladlarımı da hədəfə almışdı. Deyirdi ki, “Rasim Məmmədov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevi “mənəvi atası” adlandırır, oğlunun adını da ona görə Ramiz qoyub”.

O iddia edir ki, bu cür materiallara son qoymaqdan ötrü 20 min manat verməyə razılaşıb.

Ə.Zeynallı R.Məmmədovun ailəsindən qətiyyən pul almadığını, bu barədə cinayət işinin materiallarında yazılanların şər-böhtan olduğunu deyir.

Ə.Zeynallı Məmmədovlar ailəsindən rüşvət almaqda suçlanıb həbs olunsa da, sonradan ona başqa ittihamlar da verilib. Cinayət işinin materiallarında iddia edilir ki, Sumqayıtda, Sabunçuda obyekt tikmək istəyən və s. adamlardan “Səda TV” Youtube kanalının idarəedicisi Elnur Şükürov vasitəsilə pul alınıb. Ə.Zeynallı həmin adamların məsələsinin həllini səlahiyyət sahiblərindən xahiş edib və beləliklə, onların xeyrinə qərar verilməsinə nail olub.

“Xural TV” rəhbəri siyasi sifarişlə həbs olunduğunu deyir

Ə Zeynallı və indi onunla birlikdə mühakimə olunan E.Şükürov bu ittihamları rədd edirlər. “Xural TV” rəhbəri siyasi sifarişlə həbs olunduğunu deyir. Bildirir ki, məqsəd bu yolla onu susdurmaqdır.

E.Şükürovsa deyir ki, ondan Ə.Zeynallının əleyhinə ifadə vermək tələb olunur. Buna razılaşmadığına görə həbs edilib.

XS
SM
MD
LG