Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 19:45

Soledarda nə baş verir?


Xarkov vilayəti raket zərbəsindən sonra, 9 yanvar, 2023-cü il
Xarkov vilayəti raket zərbəsindən sonra, 9 yanvar, 2023-cü il

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 11-də gecə verdiyi məlumatda ölkənin şərqindəki Soledar uğrunda döyüşlərin davam etdiyini bildirir. Rusiya rəsmiləri bu şəhərin artıq ələ keçirildiyini xəbər veriblər.

Ukrayna tərəfinin məlumatında deyilir ki, “düşmən Soledar şəhəri və qoşunlarımızın təchizat xətləri üzərində nəzarəti ələ almağa çalışır, amma ağır itkilər verir və döyüşlər davam edir”.

Ukrayna prezidenti Volodimir Zelenski özünün ənənəvi gecə müraciətində deyib ki, “Rusiya təbliğatçıları səfərbərliyi dəstəkləmək və təcavüzə tərəfdar olanlara ümid vermək məqsədilə şəhərin tutulması barədə məlumatlar yayırlar”.

Zelenski əlavə edib ki, döyüşlər davam edir və Donetsk istiqamətində müdafiə möhkəm dayanıb.

Priqojin, yoxsa Rusiya ordusu?

Rusiyanın Wagner özəl hərbi şirkəti muzdlularının başçısı, oliqarx Yevgeni Priqojin yanvarın 11-də axşam deyib ki, Soledar tamamilə onun əsgərlərinin nəzarətindədir.

Onun sözlərinə görə şəhər uğrunda döyüşlərdə 500-dək Ukrayna əsgəri həlak olub və əsir düşənlər var.

Bugünlərdə sosial media şəbəkələrində Priqojini şəhər yaxınlığındakı mədən şaxtalarında görüntüləyən foto və videolar yayılıb.

Putinin yaxın çevrəsinə daxil olan oliqarx iddia edir ki, Soledarı onun muzdlu döyüşçüləri tutublar. Amma Rusiya Müdafiə Nazirliyi şəhərin Rusiya ordusu desantçıları tərəfindən blokadaya salındığını bəyan edib.

Döyüşlərin getdiyi şəraitdə hər iki tərəfdən verilən xəbərlərin səhihliyini yoxlamaq mümkün deyil.

ABŞ-ın CNN telekanalı yanvarın 11-də Soledar ətrafında çəkilmiş videosüjeti efirə verib.

Bu süjetdə görünən Ukrayna əsgərləri Soledarın təslim edildiyinə dair xəbərləri təkzib etsələr də, vəziyyətin son dərəcə gərgin olduğunu bildirirlər.

CNN-nin həmsöhbətlərindən biri deyib ki, Rusiya qoşunları Soledardakı Ukrayna əsgərlərini mühasirəyə salmağa çalışır.

Kiyev Rusiyanın 500 yeni qurban verdiyini iddia edir

Ukraynanın Müdafiə Nazirliyi Soledar duz mədənləri şəhərini tutmağa çalışan Rusiya qüvvələrinin “nəhəng itkilər” verdiyini bildirir.

Milad atəşkəsi dövründə Rusiya əsgərlərinin Donetsk vilayətindəki Soledarı tutmaq üçün yenidən qruplaşdığı bildirilir. Soledar ətrafında təxminən 200 km-lik istifadə olunmayan tunellər də hədəf zona sayılır.

Yanvarın 11-də səhər Ukrayna baş Qərargahının açıqladığı məlumata görə, Rusiya bir gün öncə 490 itki verib. Bununla da Rusiyanın indiyədək müharibədə verdiyi ölü sayının 113 minə yaxınlaşdığı iddia olunur.

Soledarın tutulması...

Ancaq AzadlıqRadiosunun münaqişə zonasında itkilərlə bağlı tərəflərin açıqladığı məlumatları dəqiqləşdirmək imkanı yoxdur.

Soledar hücumunun önündə gedən “Vaqner” muzdlu qrupunun başçısı Yevgeni Priqojin yanvarın 10-da iddia edib ki, demək olar, şəhəri ələ keçiriblər, ancaq şəhər mərkəzində bir yerdə ağır döyüşlər gedir.

Ukrayna rəsmiləri Soledar uğrunda hələ də döyüşlərin getdiyini bildirirlər.

Soledar və duz mədənlərinin tutulması Rusiya üçün simvolik, hərbi və kommersiya dəyəri daşıyacaq, Moskvanın son aylar ərzində ən böyük uğuru sayılacaq.

“Mazoxistlər ölkəsidir. Nəhəng itkilər verməyinə baxmayaraq, Rusiya hələ də manyakcasına Soledarı – Avropanın ən böyük duz mədənini tutmağa çalışır”, – Ukraynanın Müdafiə Nazirliyi tvitində yazıb.

Belarusda uçuş təlimi

Baş Qərargah yanvarın 11-də səhər bildirib ki, üç şərq vilayətində Rusiyanın hücumları dəf olunub.

Britaniyanın Müdafiə Nazirliyi isə gündəlik kəşfiyyat bülletenində qeyd edib ki, Rusiya və Belarus yanvarın ikinci yarısında birgə taktiki uçuş təlimi keçəcəklər.

10 aydır davam edən münaqişənin genişlənməsi sarıdan narahatlıqlara gəlincə, bülletendə deyilir ki, Ukraynanın şimal qonşusu Belarusa Rusiyanın yeni təyyarələrinin yerləşdirilməsi “Ukraynaya qarşı əlavə hücum əməliyyatlarına hazırlıqdan daha çox əsl təlimə bənzəyir”.

Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka Ukraynadakı müharibədə öz rejiminin rolunu danmağa çalışsa da, Rusiyanın işğalına hazırlıq qismən Belarus ərazisində aparılıb.

Dörd deputatın vətəndaşlığı alınıb

Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 10-da vətənə xəyanətdə şübhəli bilinən dörd deputatın vətəndaşlığını ləğv etdiyini bildirib. Onların üçü qadağan olunmuş rusiyapərəst partiyanın üzvləridir.

Andrey Derkaç, Taras Kozak, Renat Kuzmin və Viktor Medvedçuka qarşı bu addım “Ukrayna Təhlükəsizlik Xidməti və Dövlət Təhlükəsizlik Xidmətinin hazırladığı materiallar əsasında” atılıb, Zelenski deyib.

Bu şəxslərin azı üçü ölkədə deyil, onlara qarşı vətənə xəyanət ittihamıyla hüquqi araşdırma aparılır.

Prezident bunun “son belə qərar olmadığını” da sözlərinə əlavə edib.

Adıçəkilən şəxslər Ukrayna parlamentinə – Verxovna Radaya hazırda qadağan olunmuş “Müxalifət platforması – Həyat uğrunda” partiyasından seçiliblər.

Yarım milyon dollar qarşısılığında...

Derkaç iyirmi ilə yaxın deputat olub. Təhqiqatçıların versiyasına görə, o, “2019-2022-ci illərdə Ukraynada təxribatçı hərəkətlər” qarşılığında Rusiyanın hüquq-mühafizə və kəşfiyyat agentliklərindən yarım milyon dollardan çox vəsait alıb. Derkaç fevraldan bəri parlamentin iclasına qatılmayıb.

Rusiya Prezidenti Vladimir Putinin Medvedçukun qızının xaç atası olduğu deyilir. O, apreldə saxlanıb, sentyabrda məhbus mübadiləsi ilsə Rusiyaya verilib.

Kozak 2021-ci ildə Ukraynadan gedib.

Dördüncü deputat Kuzminin isə mediada “Ukraynanın ziyanına propaqanda materialları yerləşdirdiyi” bildirilir.

Adları çəkilən dörd nəfərin heç biri Zelenskinin açıqlamasına rəsmi münasibət bildirməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG