Ən son Harri Potter filminin Çində nümayişinə başlayan "Warner Bros." gey münasibətlərlə bağlı iki replikanı filmdən çıxarıb.
"Fantastic Beasts: The Secrets of Dumbledore" filmində altı saniyəlik dialoqda iki kişi qəhrəman - Cud Lounun oynadığı Albus Dambldor ilə Mads Mikkelsenin oynadığı Qellert Qrindevaldın romantik münasibətlərindən söz açılırdı. Dialoqda "mən sənə aşiq idim" və "mən aşiq oldum" kimi ifadələr işlənirdi.
Bazardaxili amillər
Film üç həftə öncə Çində nümayişə çıxarılıb. Çin dünyanın ən böyük kino bazarı olsa da, burada hökumət medianı ciddi senzuraya məruz qoyur.
"Warner Bros."un sözçüsü CNN Business-ə açıqlamasında şirkətin buraxdığı hər filmin bütövlüyünün qorunmasına sadiq olduğunu deyib. O, həmçinin müxtəlif bazardaxili amillərə həssas cavab vermək üçün müəyyən şeyləri kəsməyin zəruri olduğu hallardan da danışıb.
"Dambldor" ABŞ-da aprelin 16-sı ekrana çıxıb. "Warner Bros." studiyası CNN kimi "Warner Bros. Discovery" şirkətinə məxsusdur.
"Filmin ruhu toxunulmamış qalır"
"Biz bədii filmlərimizi bütün dünyada onların yaradıcılarının təqdim etdiyi formada göstərməyə ümid edirik. Ancaq tarixən yerli bazarlarda kiçik dəyişikliklər etmək zərurəti ilə üzləşdiyimiz hallar olub. … "Fantastic Beasts: The Secrets of Dumbledore" filminə gəldikdə isə, bizdən altı saniyəni kəsməyi xahiş etdilər və "Warner Bros." yerli tələblərə cavab vermək üçün bu dəyişiklikləri qəbul etdi. Ancaq filmin ruhu toxunulmamış qalır", –studiya bildirib. Filmdə sözügedən iki gey personajın sevgi münasibətlərində olduğu bu dialoq olmadan da bilinir.
"Warner Bros." dünyanın hər yerində tamaşaçıların bu filmi görüb ondan zövq almasını istədiyini deyib. Bu film Harri Potter prekvelinin "Fantastic Beasts" seriyasından üçüncü filmidir.
"Çinli auditoriyanın da bu təcrübəni yaşaması bizim üçün əhəmiyyətlidir. Hətta kiçik dəyişikliklərlə olsa belə", – studiya sözçüsü deyib.
"Qərb həyat tərzi"
2016-cı ildə Çinin media tənzimləyici qurumu yeni qaydalar dərc edib. Bu qaydalara görə, Qərb həyat tərzini təbliğ edən TV proqramları qadağan edilir. "Qərb həyat tərzi" adlandırılan kateqoriyaya içki içmə, siqaret çəkmə və homoseksuallığın təsviri də daxildir. Bu qadağa nəticəsində Çin filmlərdəki LGBTQ replikalarının kəsilməsini tələb edib. Bu ilin fevralında Çinin iri striminq platformaları 1990-cı illərin hit TV serialı olan "Friends"dən bütöv bir süjeti kəsməli olmuşdular. "Friends" pərəstişkarlarına yaxşı tanış olan bu seriyada Ross arvadı Kerolun lezbiyan olduğunu öyrənir və onlar ayrılırlar. Bundan sonra Kerol başqa bir qadınla yaşamağa başlayır.
2019-cu ilin martında isə Freddi Merkurinin həyatına həsr olunmuş "Bohemian Rhapsody" filmindən iki dəqiqəlik LGBTQ kontenti silinmişdi. Bu kontentin içində kişilərin öpüşməsini əks etdirən səhnələr və "gey" sözünün işlədilməsi də var idi.
Çində homoseksuallıq
BBC yazır ki, Harri Potter kitablarının müəllifi Coan Roulinq hələ 2007-ci ildə Dambldorun gey olduğunu demişdi. Ancaq daha öncə çəkilən filmlərin yaradıcıları nədənsə bu mövzuya toxunmayıblar.
Çində homoseksuallıq 20 ildir ki, qanuni sayılır. 2001-ci ildən bəri Çin psixiatriyası homoseksuallığı psixi xəstəlik hesab etmir. Ancaq eynicinsli evliliklər qəbul edilmir. BMT İnkişaf Proqramının 2016-cı ildə dərc etdiyi hesabatda deyilir ki, Çində LGBTQ fərdlərinin 15 faizindən azı bu haqda öz ailə üzvləri ilə açıq danışa bilib.