Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:49

C.K.Roulinq bu dəfə Potterdən yazmayıb


C.K.Roulinq
C.K.Roulinq

"С.K.Roulinqin sonuncu "Harry Potter" kitabını nəşr etdirməsindən 13 il keçib. Bu silsilə uşaqların bütöv bir nəslini oxucuya çevirib və bir valideyn nəslinə uşaq olmağın nə qədər həyəcanlı və gözəl olduğunu xatırladıb", – "The New York Times" qəzetinin yazarı Sara Layell yazır.

Bu yaxınlarda bəlli olub ki, Roulinq pandemiya vaxtından yararlanaraq yeni, bu dəfə Harri Potterə aid olmayan bir uşaq kitabı yazıb. Əlbəttə, o bu müddətdə başqa layihələrlə də məşğul olub. Üstəlik, başı transgender haqları ətrafında xoşagəlməz mübahisəyə qarışıb.

Yeməklərə görə adlar

"İkaboq" (The Ickabog) adlı yeni kitab əvvəlcə adi nağıl kimi görünür – xoş və səthi. Hadisələr Kornukopiya adlı xoş bir krallıqda cərəyan edir. Krallığı Qorxmaz Fred adlı şöhrətpərəst, lakin ziyansız kral idarə edir. O, "Qorxmaz" (Fearless) ləqəbini "Fred" adı ilə qəşəng səsləndiyi üçün götürüb. Üstəlik, o, bir dəfə bir eşşək arısını heç kimin köməyi olmadan, özü tutaraq öldürə bilib! Beş nökər və bir xidmətçini nəzərə almasaq, bunu özü tək bacarıb!

Roulinq sözlərlə oynamağı və yerlərə və insanlara məzəli adlar qoymağı sevir. O, Kornukopiyanın bölgələrinə onlara aid olan yemək növlərinə görə adlar qoyub. Şirniyyatları ilə tanınan regiona Şuvilla, pendiri ilə tanınan bölgəyə Kördsburq, əti ilə tanınan bölgəyə Baronstoun, şərab istehsal edən bölgəyə isə Jerobom adını verib. Əslində, Kornukopiyanın özünə də antik mifologiyada tükənməz nemətlər daşıyan buynuza deyilir.

Bədniyyət əyanlar

Şimalda isə Marşlends adlı xoşagəlməz bölgə yerləşir. Burada xəstə qoyunlar və İkaboq adlı qorxunc varlıq yaşayır. Onu heç kim görmədiyi üçün görünüşü və gücünü hərə öz bildiyi kimi nəql edir. Ancaq o, uşaqları qorxudan və gecələr yuxularına girən bir xortdandır.

Kral Fredin baş dərzisi çox işləməkdən öləndə krallığın sakit həyatı təlatümə gəlir. Nəticədə qartopu oyunu başlayır və bu hadisə Kornukopiyanın tarix kitablarına "bütün bəlaların başlanğıcı" kimi düşür. Bu, doğrudan da bəla idi. Çünki krallıqda hakimiyyət iki bədniyyət saray əyanının əlinə keçir. Lord Spittlvort arıq və hiyləgər, Lord Flapun isə sərxoş və yaltaqdır. Onlar İkaboqun real olması haqda xəbər yayıb insanları qorxu altında saxlayırlar. Özləri də deyirlər ki, əhalini qorumağın yeganə yolu hərbi vəziyyət tətbiq etməkdir. Qısa zamanda Kornukopiya zorakılıq və qorxu məkanına çevrilir. Artıq etiraz edənlər həbs edilir, uşaqlar ailələrindən ayrılır, vətəndaşlar əxlaqsız rejimi dəstəkləmək üçün kütləvi yalan danışmalı olurlar.

Pandemiya dövründə yazmağa başlayıb

Roulinq kitabın ön sözündə yazır ki, nağılda hansısa məqam tanış gəlsə, bilin ki, bu, təsadüfdür. O, uşaqlar üçün axşam nağılı kimi nəzərdə tutduğu bu kitabı hələ illər əvvəl yazmağa başlayıb.

Ancaq yalnız pandemiya başlayanda çardaqdan yarımçıq əlyazmasını götürüb və yenidən onun üzərində işləməyə başlayıb. İşlədiyi müddətdə də yeni materialı öz saytında pulsuz dərc edərək yeniyetmələrin üzərində "sınaqdan keçirib".

Kitabın fəsilləri qısadır. Kitab daha çox ucadan oxunmaq üçündür. İçindəki illüstrasiyalarsa kitabı daha da maraqlı və həyəcanlı edir. İllüstrasiyalar ötən yay keçirilən müsabiqəyə rəsmlərini göndərən 7-12 yaşlı uşaqların işləridir.

Yazıda deyilir ki, Roulinq gözəl yumor hissi və təxəyyül gücünü qoruyub saxlayıb, üstəlik, uzun və ətraflı təsvirlərdən qaçmağı, aydın yazmağı daha yaxşı öyrənib. Nağılın bəzi yerləri qorxulu olsa da, müəllif doğrunun tərəfini tutmaqla bizə sonda hər şeyin yaxşı olacağı hissini ötürür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG