Keçid linkləri

2025, 16 Mart, bazar, Bakı vaxtı 10:40

Etirazları Facebook-da canlı göstərən qadın saxlanıb


Kərimə Xaydarbəyova
Kərimə Xaydarbəyova

O, minlərlə insanın toplaşdığı mərkəzi meydandan aksiyanı, çıxışları canlı yayınlayıb.

Yanvarda Qazaxıstanda hökumətə qarşı etirazları Facebook-da canlı yayınlayan qadın fəal uzunmüddətli həbs təhlükəsi ilə üzləşib.

40 yaşlı Kərimə Xaydarbəyova adi vətəndaşların acınacaqlı durumunu “hakimiyyətin nəzərinə çatdırmaq” üçün yanvarın 4-də ölkənin cənubundakı Şimkent şəhərində nümayişlərə qoşulduğunu deyir.

O, minlərlə insanın toplaşdığı mərkəzi meydandan aksiyanı, çıxışları canlı yayınlayıb. Dinc nümayişlər zorakı xarakter alandan sonra təhlükəsizlik qüvvələri tərəfindən amansızlıqla yatırdılıb.

İttihamlar

İğtişaşlarda 227 nəfərin öldürüldüyü bildirilir. Prezident Kasım-Jomart Tokayev təhlükəsizlik işçilərinə xəbərdarlıqsız atəş açmaq əmri vermişdi.

Xaydarbəyova yanvarın 8-də həbs olunub. Hakimiyyət fəalların, hökumətin tənqidçilərinin ovuna çıxıb, onları itaətsizliyi qızışdırmada suçlayır.

Xaydarbəyova hökumət nümayəndəsinə hücumda, dövlət əmlakına qəsdən ziyan vurmaqda, rəsmi binalara hücumda ittiham edilir.

Birinci ittihamda maksimum 15 il həbs, digər ikisində isə uyğun olaraq iki ildən yeddi iləcən həbs nəzərdə tutulub.

Etirazlardan sonra bu avtoritar Orta Asiya ölkəsində onlarla fəala ittihamlar irəli sürülüb. Tənqidçilər məqsədin digərlərinə dərs vermək olduğunu deyirlər.

Altı uşağını tək böyüdən Xaydarbəyova ittihamları rədd edir, heç kəsə hücum etmədiyini, heç bir əmlaka ziyan vurmadığını deyir.

Yürüşdə çıxış edib

O, adamların sosial və iqtisadi problemlərdən narazılıq bildirmək, siyasi dəyişiklik tələb etmək üçün küçələrə çıxdığını bildirir. Xaydarbəyova yürüşlərdə çıxış edib, hökuməti adamların tələblərini dinləməyə çağırıb.

“Xalq böyük qüvvədir. Xalqı heç kəs məğlub edə bilməz”, – o, yanvarın 4-də çıxışında deyir, etirazçılar isə onu alqışlayırdı.

Yanvarın 2-də qərbi Janaozen şəhərində yanacağın bahalanmasına kiçik etiraz sonradan digər şəhərlərdə nümayişlərə keçdi. Amma onların çoxu zorakılıqla müşayiət olundu. Hökumət etirazçıları polisə hücumda, rəsmi binaları tutmaqda suçladı. Təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açmasına da məhz bu səbəb göstərilir.

Bir çox etirazçılar isə nümayişlərin dinc keçdiyini, yalnız naməlum qrupların talana başladığını, təhlükəsizlik qüvvələrinə hücum etdiyini deyirlər.

Bəzi etirazçılar hakimiyyətin nümayişləri “dağıtmağa bəhanə” üçün “provokatorlar”dan istifadə etməsindən şübhələnir.

“Onlar bir silahsız şəxsi vurdular”

Xaydarbəyova həbsindən öncə AzadlıqRadiosu-na deyib ki, o, polisin dinc adamlara atəş açmasının, bir sıra etirazçıları yaralamasının şahidi olub.

“Sonadək yürüşdə idim. Onlar bir silahsız şəxsi vurdular. Səhər isə polis su şırnaqlarından istifadə edərək kütləni dağıtdı”, – o bildirib.

Xaydarbəyova Şimkentdə etirazların birinci günü hər kəsin zorakılığa qarşı olduğunu deyir.

“Biz Janaozendə etirazçıların tələblərini dəstəkləyirik, amma on il qabaqkı qanlı hadisələrin təkrarlanmasıın istəmirik”, – Xaydarbəyova deyib. 2011-ci ilin dekabrında Janaozendə polislə toqquşmalarda azı 14 etirazçı öldürülmüşdü.

“Təkcə yanacağın deyil, ərzağın da qiyməti qalxır və bu problemlər təkcə Janaozendəki əhaliyə deyil, bütün ölkəyə təsir göstərir”, – o vurğulayıb.

Xaydarbəyovanın altı övladından ikisi əlildir və o, övladlarına baxmaq üçün işdən çıxıb. Qadın ailənin dövlətin hər ay verdiyi 100 dollardan asılı olduğunu deyirdi. Bu pul isə əsas ərzaq məhsullarına güclə çatır.

Uşaqlara nənə baxır

Hazırda istintaq təcridxanasında saxlanan Xaydarbəyovanı ailə üzvlərinin, dostlarının ziyarət etməsinə icazə verilmir. O, yalnız dövlətin təyin etdiyi vəkillə təmasda olur.

Yaşlı anasının AzadlıqRadiosu-na dediyinə görə, dövlət qadının həbsindən sonra azyaşlı övladlarını uşaqlar evinə vermək istəyib. AzadlıqRadiosu bu iddianı müstəqil təsdiqlədə bilməyib, yerli rəsmilər də şərh verməyiblər.

Hazırda uşaqlara nənə baxır, müvəqqəti qəyyumluq almaq üçün rəsmilərə yazıb.

“Uşaqlar analarını soruşurlar, mən də böyüklərə durumu izah eləmişəm. Amma balacalara nə deyəcəyimi bilmirəm”, – nənə söyləyir.

Etirazlar vaxtı və sonradan 12 mindən çox adam saxlanıb. Onların çoxu bir neçə gündən sonra buraxılsa da, onlarla fəal hələ də həbsdədir, çoxlarına ittihamlar irəli sürülüb.

XS
SM
MD
LG