Rusiyada bir qrup deputat xarici IT şirkətlərindən yerli filial yaratmağı tələb edən qanun layihəsi hazırlayıblar. Əks halda onlar cərimələnə bilərlər.
Bu, Moskvanın İnternetdə informasiya axınına nəzarəti gücləndirməyə çalışdığı dönəmdə baş verir. Rusiyada internet Kremlə meydan oxuyan bir alətə çevrilməkdədir. Prezident Vladimir Putin bu səbəbdən diqqətini sosial media şirkətlərinə yönəldib.
2019-cu ildə qəbul olunmuş “suveren internet” qanunu məmurlara onlayn trafiki məhdudlaşdırmaq imkanı verib. Hətta fövqəladə hallarda ölkə interneti dünyadan təcrid oluna bilər.
Data transferi
Qanun layihəsi mayın 21-də parlamentə təqdim olunub.
Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin başçısı Aleksandr Xinşteyn layihə müəlliflərindəndir. Onun sözlərinə görə, qanunvericilik əsasən şəxsi datanın sərhədlərarası transferini nəzərdə tutur.
Qanunvericilikdə Rusiyada gündəlik 500 min, yaxud daha çox istifadəçisi olan xarici IT şirkətlərindən tələb olunur ki, filiallar quraraq Rusiya qanununun pozuntusuna görə məsuliyyət daşısınlar və hökumət agentlikləri ilə əməkdaşlıq etsinlər.
Xarici şirkət buna əməl etməzsə, xidmətlərinin reklamına, ödənişlərinin yığılmasına qadağa qoyula, yaxud ölkədəki fəaliyyətləri tam, yaxud qismən məhdudlaşdırıla bilər.
Xəbərdarlıq
İnformasiya siyasəti komitəsinin üzvü Anton Gorelkin isə Telegram-da yazıb ki, bu qanunvericilik texnologiya nəhənglərini Rusiyanın tələblərinə daha diqqətli yanaşmağa vadar edəcək.
Moskva dəfələrlə xəbərdarlıq edib ki, ölkədə iğtişaşlar ciddi miqyas alarsa, “suveren internet” qanunundan istifadə oluna bilər.
Yanvarda və fevralda hökumətə qarşı nəhəng yürüşlər Facebook, YouTube və TikTok kimi platformalarda fəal şəkildə təbliğ olundu. Müxalifətçi Aleksey Navalnı və tərəfdarları bu platformalarda kontent yaya bildilər.
Martdan Rusiya Twitter sosial şəbəkəsinin sürətini azaldır, YouTube daxil digər platformalara da xəbərdarlıq edib ki, qanunsuz hesab etdiyi kontent silinməsə, oxşar addımla üzləşəcəklər.