Keçid linkləri

2024, 18 Sentyabr, çərşənbə, Bakı vaxtı 03:19

Ermənistan Azərbaycan hərbçilərinin Xoznavar kəndinə girdiyini deyir


Xoznavar kəndi, arxiv fotosu
Xoznavar kəndi, arxiv fotosu

Sakinlərdən Mqer Qriqoryanın radioya deməsinə görə, hazırda vəziyyət nəzarətdədir, sakinlər arasında narahatlıq yoxdur

Ermənistanın Müdafiə Nazirliyi sərhəddə vəziyyətin dəyişmədiyini deyir

Ermənistanın Müdafiə Nazirliyi bildirir ki, mayın 21-də günortaya qədər Azərbaycanla sərhəddə vəziyyət dəyişməyib.

Nazirliyin məlumatına görə, ötən axşam Qaragöl (Sevliç) yaxınlığında yaranmış qarşıdurma komandanlıq tərəfindən yoluna qoyulub. Qarşıdurmaya Azərbaycan və Ermənistan sosial mediasında və kütləvi informasiya vasitələrində yayılmış, hər iki tərəfdən hərbçilərin olduğu deyilən videoroliklərin səbəb olduğu bildirilir.

Qurum belə videomaterialları yaymamağa çağırır, onların münaqişənin dinc yolla həllinə xidmət etmədiyini, yalnız gərginliyi qızışdırdığını qeyd edir. Nazirlik sərhəddə vəziyyətin sabit olduğunu, durumu tam nəzarətdə saxladığını vurğulayır.

***

Ermənistan tərəf Azərbaycan hərbçilərinin mayın 20-də axşam Sünik vilayətinin Xoznavar kəndi istiqamətində göründüklərini bildirir. Bu haqda AzadAvropa/AzadlıqRadiosu-nun Ermənistan xidməti – Azatutyun xəbər yayıb.

Kənd sakinlərinin sözlərinə görə, yerli çobanlar hərbçilərin təhdidindən sonra ərazidən çıxmalı olublar. Xoznavar kəndi Qaragöl (Sev Liç) yaxınlığında yerləşir.

Ermənistan Azərbaycanın sərhədi pozaraq Qaragöl ərazisinə girdiyini iddia edir. Azərbaycan isə iddiaları rədd edir, sadəcə, sərhədlərin demarkasiyası prosesinin getdiyini bildirir.

Sünikin qubernatoru Melikset Poqosyan Azatutyun-a deyib ki, Azərbaycan hərbçilərinin daha bir qrupu göl yaxınlığındakı əraziyə daxil olub. Onun sözlərinə görə, Ermənistan ərazisinə girən yeni əsgərlərin sayı 30-dur.

Xoznavar kəndinin, rəsmi rəqəmlərə görə, 400-dək sakini var. Bu kənd 44 günlük Dağlıq Qarabağ müharibəsindən sonra sərhədə çevrilib.

Sakinlərdən Mqer Qriqoryanın radioya deməsinə görə, hazırda vəziyyət nəzarətdədir, sakinlər arasında narahatlıq yoxdur. O, bəzi sakinlərin, o cümlədən uşaqların təhlükəsizlik məqsədilə köçürüləcəyini deyib.

“Deyiblər ki, məsələ sülh yoluyla həll olunmalıdır. Görək, nə olacaq”, – o vurğulayıb.

Sərhəddən yayılan son informasiyaya Azərbaycan tərəfdən rəsmi açıqlama almaq mümkün olmayıb.

2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycan Qarabağın bir hissəsini və ətraf rayonları Ermənistanın işğalından azad edə bildi. Ancaq təmas xəttinə 2 minədək Rusiya sülhməramlısı yerləşdirildi.

XS
SM
MD
LG