Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 22:22

Qarabağda ‘səksəkəli’ şayiələr dolaşır


Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan mayın 5-də Ağdərə rayonuna baş çəkib
Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan mayın 5-də Ağdərə rayonuna baş çəkib

Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, erməni və azərbaycanlı əsgərləri görüntüləyən videonun təhqiqatı nəticəsində sosial şəbəkələrin Azərbaycandakı istifadəçiləri tərəfindən tirajlanan videodakı insidentin mayın 17-də Ermənistan-Azərbaycan sərhədinin şərq sektorunda baş verdiyi məlum olub.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, nazirlikdə bu video ilə bağlı “xidməti təhqiqata” başlanıb.

Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, “insidentin bütün təfsilatının aşkar edilməsinə və müvafiq hüquqi nəticələrin tətbiqinə çalışılacaq”.

Bundan əvvəl Müdafiə Nazirliyi Geqarkunik vilayətində mayın 17-də Azərbaycan və Ermənistan hərbçiləri arasında “insidentin” baş verdiyini təsdiqləmişdi.

Nazirlik əlavə etmişdi ki, problem çevik bir şəkildə və ciddi nəticələri olmadan çözülüb.

İnsidentin konkret nədən ibarət olması açıqlanmır.

Yerli sakinlər xəbərləri təkzib edirlər

Azatutyun bu arada həm də Dağlıq Qarabağda yayılan bəzi şayiələrədən bəhs edib.

Məlumatda deyilir ki, Dağlıq Qarabağdakı erməni icma başçıları Azərbaycan hərbçilərinin guya Kəlbəcər və Ağdərə istiqamətindən irəliləməsinə dair mediada çıxan xəbərləri təkzib ediblər.

Azatutyin yazır ki, sözü gedən xəbərlər artıq şəbəkələrdən silinib.

Erməni icma başçıları deyiblər ki, bu bölgəyə erməni köçkünlərin qaytarılması “strateji əhəmiyyət” daşıyır və lüzumsuz panika bu işə mane ola bilər.

Azatutyunun yazdığına görə yayılmış videolardan biri “Qırmızı Bazar sakinləri əsas yola çıxaraq, düşmənin avtomobil karvanını dayandırıblar” adlanırdı.

Bu video da internetdən silinib. Azatutyunun yazdığına görə bu kimi xəbərlərdən əvvəl guya azərbaycanlıların Qırmızı Bazarın yaxınlığındakı Tağaverd istiqamətində atəş açdıqlarına dair şayiələr dolaşırdı.

AzadlıqRadiosuna müsahibəsində kəndin icra nümayəndəsi Oleq Arutyunyan bu xəbərlərin saxta olduğunu deyib.

“Bizim kəndin camaatı Yerevandadır...”

Müharibə nəticəsində ikiyə bölünmüş kəndin nümayəndəsi deyib ki, haqqında söhbət gedən atəşlər əslində başqa tərəfdə, həm də göyə atılır.

Arutyunyan deyib ki, azərbaycanlılar buradan keçərkən nalayiq ifadələr işlədiblər, video çəkiblər və ermənilər də hirsləniblər.

Nümayəndə bildirib ki, “bu mənada qeyri-adi heç nə baş verməyib”.

Azatutyun yazır ki, Qırmızı Bazar kəndinin nümayəndələri ilə danışmaq mümkün olmayıb, amma kütləvi informasiya vasitələrində yayılan başqa bir xəbər də təkzib edilib.

Bu xəbərdə deyilirdi ki, guya silahlı azərbaycanlılar ermənilərin nəzarətində olan Çərəkdar kəndinə yaxınlaşıblar və Həsənriz kəndi istiqamətində irəliləmək istəyiblər.

Kəndin icra başçısı Kamo Tsakanyan bu informasiyanın yalan olduğunu bildirib:

“Bizim kəndin camaatı Yerevandadır və bura qayıtmalıdır. Amma bu yalanı qəsdən yayırlar ki, onlar qayıtmasınlar”.

Rusiya Azərbaycanla Ermənistana vasitəçilik təklif edib
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

Babayan: “Məqsəd sakinlərin Qarabağa qayıtmasına maneçilik yaratmaqdır”

Dağlıq Qarabağ separatçılarının “xarici işlər naziri” kimi təqdim olunan David Babayan deyib ki, onlar hər bir hadisə barədə ayrıca informasiya verə bilmirlər, amma Dağlıq Qarabağda hazırda situasiya sabitdir və nəzarət altındadır:

“Düşünürəm ki, buna bənzər insidentlər hələ olacaq, amma bu ümumilkdə stabillik və sülhə təhlükə yaratmır. Adətən belə olur: hansısa insidentlər baş verir, erməni avtomobillərini, əsasən azərbaycanlıların tərəfindən daşa basırlar. Belə hallar olub, atəş açılması halları, azərbaycanlıların irəliləmək cəhdləri olub. Belə cəhdlərin qarşısı yerindəcə alınır. Biz sülhməramlılara müraciət edirik. Hələlik heç bir qorxulu hadisə olmayıb”.

Babayan iddia edib ki, Azərbaycanın “belə təxribatlarından” məqsəd erməni tərəfinə psixoloji təzyiq göstərmək və sakinlərin Qarabağa qayıtmasına maneçilik yaratmaqdır:

“Elə etmək istəyirlər ki, artsaxlılar (qarabağlılar – red) burda situasiyanın qeyri-stabil olduğunu, həyat üçün təhlükəli olduğunu düşünsünlər. İkincisi isə, əlbəttə geosiyasi məqsədlər var – ermənilər və ruslar arasında qardaşlıq münasibətlərini sarsırtmaq istəyirlər...”

Azatutyun yazır ki, 44 günlük müharibə dövründə Qarabağı 90 min erməni tərk edib, onlardan yalnız 53 mini qayıdıb.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar.

Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

XS
SM
MD
LG