Azərbaycan hökuməti iddia edir ki, Ermənistan Qarabağda minalanmış ərazilərin xəritəsini vermir. Amma hələlik Ermənistan hökumətinin bununla bağlı hər hansı rəsmi açıqlaması olmayıb.
Gürcüstan ordusunda baş qərargahın keçmiş zabiti İrakli Aladaşvili deyir ki, ərazilərin minalardan təmizlənməsi olduqca çətin, təhlükəli, uzunmüddətli və bahalı bir prosesdir. Xəritə olmadan ərazilərin təmizlənməsi isə bu prosesi daha da çətinləşdirir:
“Əfqanstanda, Qarabağda, Abxaziyada, Çeçenstanda olan köhnə mina sahələrində minalar on illərlə qala bilər. Allah göstərməsin adi bir adam onun üstdən bassa, partlaya bilər. Ümumiyyətlə, piyada əleyhinə minalar qeyri-insani silah sayılır. Məsələn, MM2 tipli minaları onun üstə 100 qramdan çox ağırlıq düşərsə, yəni bir balaca uşaq çıxsa da partlaya bilər. Bundan başqa FM1 tipli minalar var, bunu mina axtaranların aşkarlaması çox çətindir. Bunlar FM1S-dirsə, özü avtomatik partlaya bilir. Amma S olmayan köhnə tiplər illərlə qala və istənilən an partlaya bilər”.
Helikopterlərlə minalama
İrakli Aladaşvili İraq, Abxaziya və digər bölgələrin minalardan təmizlənməsi əməliyyatlarında iştirak edib.
Onun sözlərinə görə, minalı ərazilərin xəritəsi, o minaların hansı məqsədlə qoyulmasından asılı olaraq fərqli olur. Bəzi hallarda o da mümkündür ki, ümumiyyətlə, ərazilər minalanarkən hər hansı xəritə tərtib olunmasın:
“Bir ərazi minalanır sonra başqa hərbi hissənin rəhbəri gəlir minalanmış ərazini yenidən minalayır. Heç bir xəritə də yoxdur. Bundan başqa, Əfqanıstanda, eləcə də Çeçenistanda müharibə zamanı Gürcüstan ərazilərində helikopterlə ərazilərin minalanması kimi hallara rast gəlmişik. Hündürdən vertalyotla minaları hardan gəldi atırlar. Bunun da nəticəsində nə qədər mülki vətəndaşlar həyatlarını itirdilər. Kəndlinin mal qarası minaya düşdü. Döyüş getməyən vaxt ərazilər minalanarkən, xəritələr təyin oluna bilər. Amma döyüşlər vaxtı bəzən ərazilər heç bir xəritə olmadan, kiçik qruplar və ya qeyri-peşəkarlar tərəfindən tez-tələsik minalanır. Belə hallar Abxaziyada da, Qarabağda da olub. Ola da bilər ki, ümumiyyətlə xəritə var, amma sonradan itiriblər”.
Hətta Ermənistan xəritələri versə də…
İrakli Aladashvili deyir ki, Qarabağda minalanmış ərazilər miqyasına görə çox böyükdür. O düşünür ki, hətta Azərbaycan tərəfi minalanmış ərazilərin xəritəsini alsa belə, yenə də onun təmizlənməsi prosesi uzun çəkəcək:
“Təəssülər olsun ki, minalanmış ərazilərlə bağlı problem hələ uzun müddət davam edəcək. Hətta Ermənistan tərəfi bu xəritələri versə də, həmin əraziləri tamamilə təmizləmək mümkün olmayacaq. Ona görə yox ki, Azərbaycan bütün minalanmış ərazilərin xəritəsini ala bilməyəcək. Ona görə ki, mülki istifadə üçün ərazilərin minalardan təmizlənməsi hər kvadrat metrə uyğun aparılmalıdır. Bu başdan-ayağa hərtərəfli təmizləmə adlanır. Bu isə uzun vaxt və olduqca böyük vəsait tələb edir”.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin – ANAMA-nın apardığı tədqiqata görə 350 milyon kvadrat metrdən 830 milyon kvadrat metrədək ərazidə 50 mindən 100 minədək mina yerləşdirildiyi güman edilir.
Məlumata görə bu ərazilərin hamısı atəşkəs xətti boyunca yerləşən müharibə təsirinə məruz qalan və Ermənistanla sərhəd rayonlarda yerləşir. Amma işğal dövründə də ərazilərin minalanmasını nəzərə alaraq, bu rəqəmin daha böyük olduğu ehtimal edilir.