Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:44

Avropadan xəbərdarlıq: Rusiya Donbası özünə qatmaq istəyir


Ukrayna-Rusiya sərhədində xəbərdarlıq lövhəsi
Ukrayna-Rusiya sərhədində xəbərdarlıq lövhəsi

Avropa İttifaqının rəsmiləri mayın 13-də Rusiyanın Ukrayanaya təcavüzünə daha güclü reaksiya verilməsinə çağırıblar.

Blok bildirir ki, Moskvanın şərqi Ukraynadakı separatçıları dəstəkləməsindən son məqsəd bu əraziləri Rusiyaya qatmaqdır.

Bu barədə xəbərdarlıq Avropa İttifaqının xarici siyasət ofisinin hazırladığı və İttifaqa daxil ölkələrin diplomatları arasında yaydığı hesabatda ifadə olunub.

Ukraynanın separatçı şərqində döyüşlər 2014-cü ildə Rusiya Krım yarımadasını ilhaq etdikdən sonra Moskvanın dəstəyi ilə başlanıb.

İndiyədək 13 min insanın həlak olduğu münaqişə zaman-zaman gah səngiyib, gah da şiddətlənib. Lakin Rusiya ötən ay Ukrayna ilə həmsərhəd bölgəyə 100 mindən artıq qoşun toplayandan sonra bölgədə misli görünməmiş gərginlik yaranıb.

Münaqişəyə son qoymaq şüarı ilə seçilmiş Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın təcavüzkar hərəkətlərinə qarşı Qərbin güclü dəstəyini qazanıb.

Avropanın ən böyük sualı: “Nə etməli?”

ABŞ, NATO və Qərb Rusiyadan qoşunlarını Ukrayna ilə sərhəddən çəkməyi tələb ediblər. Bundan sonra Rusiya qoşunların əksər hissəsinin daimi xidmət yerlərinə qaytarıldığını bildirib.

Ötən ay Kiyevdə olarkən ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın qoşun cəmləşdirməsini pisləyib.

Avropa İttifaqı isə özünün ən böyük ticarət partnyoru olan Rusiyaya münasibətdə müvafiq mövqe formalaşdırmağa çalışır. Brüsselin belə astagəlliyi ötən həftə Avropa İttifaqının tənqid olunmasına yol açıb.

Əslində Ukrayna ilə Rusiya arasında gərginlik 2013-2014-cü illərdə Kiyevin Avropa İttifaqı ilə saziş imzalamaq cəhdinə görə başlanıb.

Rəsmi Kiyev Avropa İttifaqına və NATO-ya üzv olmaq istəyini gizlətmir.

Avropa İttifaqının AzadlıqRadiosunun da tanış olduğu hesabatı “Variantlar kağız üstündədir: Ukraynanın Artan Eskalasiyaya Qarşı Cavab və Müqavimətinin Gücləndirilməsi Üçün Avropa İttifaqı Nə Etməlidir?” adlanır.

Hesabatda yer alan tövsiyələrdən biri də Ukraynanın Rusiyadan enerji asılılığının azaldıması və Rusiyanın Kiyevə qarşı kibermüharibəsinin önlənməsidir.

Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin hazırladığı sənəd İttifaqın 27 üzvünün səfirləri arasında dövriyyə edilib.

Peskov: “Moskva heç kəsi özünə qatmaq istəmir”

Sənəddə xəbərdarlıq edilir ki, Moskvanın son məqsədi Ukraynanın tarixi Donbas bölgəsinin Rusiyaya qatılmasıdır.

Bu da vurğulanır ki, Moskva bu məqsədinə tədricən nail olmaq üçün burada qanunsuz seçkilər keçirir, Ukrayna vətəndaşları olan sakinlərə Rusiya pasportlartı verir və separatçıların nəzarətində olan bu bölgənin “de facto” Rusiyaya inteqrasiya edilməsini həyata keçirir.

Avropa İttifaqının sənədində məhz buna görə də Donbas, habelə Krım sakinlərinə paylanan Rusiya pasportlarının tanınmamasına çağırış edilir.

Minsk Razılaşmaları kimi tanınan 2015-ci il sülh sazişinə görə Moskva və Kiyev Donbas regionlarına əhəmiyyətli dərəcədə muxtariyyət verməyə razılaşıblar.

Lakin bu bölgəyə daha böyük müstəqillyin verilməsi ona veto hüququnun tanınması demək olar. Bu isə Ukraynanın NATO və Avropa İttifaqı kimi blokalara qoşulmaq niyyətini əngəlləyə bilər.

Xartici Fəaliyyət Xidmətinin bu sənədi yaxın həftələrdə rəsmiləşdirəcəyi gözlənilir.

Bu sənədə münasibəti barədə suala Kremlin sözçüsü Dmitri Peskov belə cavab verib:

“Rusiya heç kəsi özünə qatmaq istəmir və keçmişdə də bunu heç vaxt etməyib”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG