Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:15

Ukrayna böhranının Qarabağdan fərqi – Qərb mediası


Ukrayna Milli Qvardiyasının üzvləri təlim zamanı, 19 aprel, 2021-ci il
Ukrayna Milli Qvardiyasının üzvləri təlim zamanı, 19 aprel, 2021-ci il

“Avropa bir şeyi daim yadında saxlamalıdır ki, Kreml həqiqətən suveren, demokratik Ukrayna ilə yanaşı yaşamağı öyrənməyənəcən region sülh nə olduğunu bilməyəcək”

Rusiyanın Ukrayna ilə sərhədə və ilhaq etdiyi Krıma qoşun yığması nəinki iki ölkə arasında gərginliyi qızışdırıb, eyni zamanda regionun təhlükəsizliyi sarıdan əndişələri artırıb. Qərb mediası Birləşmiş Ştatların, digər ölkələrin regionda gərginliyi azaltmaq üçün görməli olduğu işlərdən yazır, təkliflərini verir.

“Al Jazeera” televiziyasının portalında təhlilçi Dimitar Beçev Türkiyənin böhranda mümkün rolundan söz açır.

Aprelin 10-da Ukrayna Prezidenti Volodimir Zelenskinin İstanbula səfərinin məqsədi türkiyəli həmkarı Recep Tayyip Erdoğanın Rusiyaya qarşı dəstəyini əldə etmək idi. Ankara Krımın ilhaqını tanımayıb, Ukraynaya ritorik dəstək verib. İki lider birgə bəyanatında “Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin işğaldan azad olunmasından ötrü addımların koordinasiyasını davam etdirməyə” boyun oldular.

Türkiyənin oyunu

Müəllif yazır ki, Türkiyənin niyyəti yarımadayla həmsərhəd regionlardakı Krım tatarlarına iqtisadi yardıma nail olmaqdır. Bundan başqa Kiyev 2019-cu ildə Türkiyədən 12 ədəd Bayraktar dronu da alıb. Məhz bu silah sisteminin Suriya, Liviya, Dağlıq Qarabağda müharibələrdə böyük rolu olub.

“Türkiyə hökuməti Ukrayna ilə əlaqələrindən ABŞ-la işləmək üçün də istifadə edir. Erdoğanın Qərblə münasibətlərə təkan vermək cəhdləri AB ilə münasibətdə fayda verməkdədir. Amma Bayden administrasiyası Ankaranın jestlərini gözardı edir. Erdoğanın Putinlə komik dueti Atlantik okeanının o tayında mənfi təəssürat yaradıb”, – yazan müəllif heç Türkiyənin də Ukrayna məsələsində Rusiyayla toqquşma riskinə getməyəcəyini yazır.

“Hap-gopuna baxmayaraq, Ankara Moskva ilə rəqabətinin nəzarətdən çıxmamasına çalışır. Erdoğan Türkiyənin xarici siyasətinin öncəki himayəçilərindən daha az ehtiyatlı ola bilər, amma yaxşı bilir ki, Donbas, yaxud Krımda rusiyalılarla açıq münaqişənin qazancı az, bədəli böyükdür”, – məqalədə deyilir.

Müəllifin fikrincə, Türkiyə üçün ən yaxşı seçim postsovet məkanında Rusiya ilə əməkdaşlıq, eyni zamanda NATO-nun çətiri altında gizlənmək, Azərbaycan, Gürcüstan və Ukrayna ilə təhlükəsizlik əlaqələri qurmaqdır.

Ukraynada hərb, ya sülh?

“Project-Syndicate” dərgisində Karl Bildt isə yazır ki, Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığması yaxın perspektivdə mütləq müharibə anlamına gəlmir. “Amma Avropa bir şeyi daim yadında saxlamalıdır ki, Kreml həqiqətən suveren, demokratik Ukrayna ilə yanaşı yaşamağı öyrənməyənəcən region sülh nə olduğunu bilməyəcək”, – İsveçin keçmiş xarici işlər və baş naziri qeyd edir.

Müəllif yazır ki, Sovet İttifaqı dağılandan sonra Rusiya əsasən öz mənsubiyyətini formalaşdırmağa çalışdı. Ancaq Vladimir Putin 2012-ci ildə üçüncü müddətə prezidentliyə qayıdandan sonra bu yanaşma dəyişdi, o, Avrasiya İttifaqı adlanan birlik formalaşdırmağa fokuslandı.

Rusiya ambisiyalarından əl çəkməyincə...

Ukrayna isə Mərkəzi Avropadakı qonşuları ilə əməkdaşlığı gücləndirdi. Bu ölkələrin Avropa Birliyinə üzv olmasına baxmayaraq, onlarla yaxınlığın Rusiya ilə tarixi və mədəni əlaqələri zəiflədəcəyinə hansısa səbəb yox idi.

Kreml Ukraynanın Avropa Birliyi ilə ticarət sazişini, digər razılaşmaları həzm edə bilmədi. Axı, Rusiya Ukraynanı davamlı təzyiq altında qalacaq zəif və parçalanmış ölkə kimi görürdü.

Son həftələr yaranmış gərginliyin açıq münaqişəyə çevrilməsindən asılı olmayaraq, müəllifin fikrincə, Rusiya revanşist ambisiyalarından əl çəkməyincə vəziyyət təhlükəli qalacaq. “Sonucda məsələ hərb, yaxud sülhdür”, – yazan müəllif nəticənin Rusiya və Ukrayna hüdudlarını aşdığını vurğulayır.

Rusiyanın bu siyasəti uğurlu olarsa, Avropanın soyuq müharibədən sonrakı təhlükəsizlik düzəni pozula bilər, məqalədə deyilir. “Bu hər kəs üçün, Rusiyanın özü üçün də təhlükəli olacaq. Kreml Avropanın qalan hissəsi ilə qarşıdurma vəziyyətində qaldıqca Rusiya xalqının layiq olduğu demokratik və firavan gələcəyin qurulmasına diqqət ayırmayacaq. İndi regionun taleyi daha geniş anlamda Ukraynaya bağlıdır”, – Bildt yazır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG