Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:34

İrqçilik, polis zorakılığı haqda kitablar qadağa siyahısında


Kitab qadağası
Kitab qadağası

Amerika Kitabxanalar Assosiasiyası 2020-ci ilin ən çox qadağan olunan 10 kitabının siyahısını dərc edəndə Enci Tomas özünün "The Hate U Give" romanını bu siyahıda gördüyünə təəccüblənməmişdi. Əslində, bu, romanın bu siyahıya üçüncü düşüşüdür.

"Kitab elə çıxandan bəri o siyahıdadır. Mən həmişə zarafatla deyirəm ki, "The Hate U Give” kitabını iki siyahıda tapa bilərsiniz: "The New York Times" və ən çox qadağan olunan kitablar siyahısı" , – Tomas ötən ay verdiyi müsahibədə deyib.

Səbəblər

Romanın baş qəhrəmanı olan 16-yaşlı qaradərili qız uşaqlıq dostunun polis əməkdaşı tərəfindən güllələnərək öldürülməsinin şahidi olur. ABŞ-da polis zorakılığı və irqlərarası münasibətlərin geniş müzakirə olunduğu günlərdə romanın mövzusu çox aktualdır. O zaman onun qadağan edilmiş kitablar siyahısına düşməsinin səbəbi nədir? "The New York Times" qəzeti yazır ki, Kitabxanalar Assosiasiyası kitabda narkotiklərdən söhbət getməsini, söyüş və antipolis mesajlarının olmasını əsas gətirib.

2020-ci ilin ən çox yasaqlanan kitabları siyahısına düşmüş daha üç kitaba qarşı da oxşar iddialar səsləndirilib. Söhbət "Stamped: Racism, Antiracism, and You", "All American Boys" və "Something Happened in Our Town: A Child's Story About Racial Injustice" kitablarından gedir.

"Stamped" və "All American Boys" kitabları siyahıda, uyğun olaraq, ikinci və üçüncü yerləri tutur. Onların hər ikisi qaradərili vətəndaşların polis tərəfindən qətlə yetirilməsi və irqi ədalətsizliyə qarşı etirazlar dalğasının baş qaldırması fonunda yazılıb.

İnsanları əndişələndirən eybəcərlik

Arizona Dövlət Universitetinin ingilis dili professoru Sibil Düran hesab edir ki, həm bu kitablar, həm də müxtəlif qurumların onlara qadağa qoymaq cəhdləri hazırkı ictimai hərəkatları əks etdirir. Düran eyni zamanda yeniyetmələr üçün nəzərdə tutulan ədəbiyyat sahəsində mütəxəssisdir. Onun sözlərinə görə, kitablar bəzi müəllimlərin sinifdə müzakirəyə çıxarmağa çətinlik çəkdiyi irqi mövzularda müzakirələrə təkan verə bilər.

"Yaxşı ədəbiyyat dünyada və cəmiyyətdə nə baş verdiyini əks etdirir. O bizə eybəcər tərəfləri göstərir. Məncə, insanları narahat edən də budur", – Düran deyir.

Amerika Kitabxanalar Assosiasiyasının intellektual azadlıq bürosunun rəhbəri Debora Kolduell Stoun deyir ki, 2020-ci ilin siyahısı əvvəlki illərdən fərqlənir. 2019-cu ildə assosiasiyanın siyahısındakı 10 kitabdan 8-i LGBT mövzularını əhatə edirmiş. 2020-ci ilin siyahısı isə müxtəlif mövzularda yazılmış kitablardan ibarətdir. Ancaq irqi ədalətsizlik, qaradərili vətəndaşlara qarşı zorakılıq və fərqli irqi kimliyə malik müəlliflərin kitablarının bunların arasında seçildiyini görürük.

Riyakarlıq, ya kontentdən xəbərsizlik?

Enci Tomas qaradərili uşaqların irqçiliklə bağlı təcrübələrini əks etdirən kitabların bu qədər tez-tez hədəfə alınmasından məyusluğunu ifadə edib. Halbuki ötən yay ictimaiyyət irqçiliklə mübarizə mövzusunda daha çox kitabların yazılmasını tələb edir, şirkət və korporasiyalar irqçiliklə mübarizə aparacaqlarına söz verirdilər. O hesab edir ki, bu siyahı həmin bəyanatların riyakarlığını ortaya qoyur.

Arizona Dövlət Universitetinin ingilis dili professoru Ceyms Blezinqeymin sözlərinə görə, əksər ştatlarda kitabları qadağan etmək, yaxud senzuraya məruz qoymaq cəhdləri təhsil idarələrindən başlayır. Üstəlik, Kitabxana Assosiasiyasının siyahısındakı 270 kitabın çoxu valideynlər, kitabxana istifadəçiləri və idarə heyəti üzvlərinin şikayətləri əsasında qadağan edilibmiş.

Blezinqeym deyir ki, o, hər hansı kitaba etiraz edən valideynlərin, əslində, o kitabı oxumadığını və kitabda nədən söhbət getdiyindən xəbərsiz olduğunu çox görüb. Onun sözlərinə görə, belə adamlar, adətən, kitabda bir cümlə, yaxud bir abzası görüb onu kontekstdən çıxarır, kitabın ümumilikdə nədən bəhs etdiyindən isə bixəbər olurlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG