Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

ABŞ kəşfiyyatından əfqan qadınlarla bağlı xəbərdarlıq


Heratda qadınlar
Heratda qadınlar

Hesabata görə, Talibanın xarici yardım və legitimlik əldə etmək arzusu “bir müddət onun davranışını məhdudlaşdıra bilər”, amma sonradan nəzarətini genişləndirməyə çalışacaq

ABŞ əsgərləri Əfqanıstandan çıxandan sonra bu ölkədə qadın hüquqları üzrə son 20 ildə əldə olunmuş uğurlara risk yarana bilər. Bu xəbərdarlıqla Birləşmiş Ştatların kəşfiyyat agentlikləri mayın 4-də açıqladığı hesabatda çıxış edir.

“Taliban qadın hüquqlarına məhdudlaşdırıcı yanaşmasına geniş miqyasda sadiqdir və bu qruplaşma ölkədə əsas qüvvə kimi qalarsa son 20 ildə əldə olunmuş proqresi geri atacaq”, – ölkənin kəşfiyyat icmasının əsas analitik qurumu olan Milli Kəşfiyyat Şurası bildirib.

“Həqiqətən dramatik, mümkün pis fəsadlar”

Bu, qoşunların çıxarılandan sonra baş verə biləcəklərlə bağlı sonuncu xəbərdarlıqdır. Prezident Co Bayden sentyabradək əsgərlərin tam çıxarılacağını bəyan edib.

Sentyabrın 11-də ABŞ-da 3 minədək insanın həyatına son qoymuş terror hücumlarının 20-ci ildönümüdür. Bundan sonra ABŞ Əfqanıstana girdi. Bayden ötən ay elan elədi ki, sentyabrın 11-dək 2 min 500 əsgəri bu ölkədən çıxaracaq. NATO müttəfiqləri alyansın komandanlığı altındakı xarici əsgərlərin də çıxarılmasına razılaşıb. Bu isə vətəndaş müharibəsi nəticəsində hökumətin devriləcəyi, Talibanın hakimiyyətə qayıda biləcəyi sarıdan əndişələrə yol açıb.

Silahlı Qüvvələrin Baş qərargah rəisi General Mark Milley mayın 2-də deyib ki, ABŞ və NATO əsgərləri çıxandan sonra Talibanla mübarizə aparmalı olacaq əfqan qüvvələri üçün “bəzən həqiqətən dramatik, mümkün pis fəsadlar” baş verə bilər. Ancaq onu da əlavə edib ki, “səmimi desəm, hələ bilmirik”.

Talibanın hakimiyyətdə olduğu 1996-2001-ci illərdə qadınlar təhsildən kənarda qalıb, əsasən evdən çıxmayıblar. Küçəyə çıxanda bütün bədənlərini, üzlərini bağlamalı idilər, həm də kişi qohum olmadan çıxa bilməzdilər. “Əxlaq pozuntuları”na görə daşlana bilərdilər.

Yüzmilyonlarla dollarlıq yardım

Talibanın üstünlük təşkil edəcəyi hökumət özəlliklə qadın hüquqları daxil olmaqla insan haqlarına sayqı göstərməsə, ABŞ Əfqanıstana yüzmilyonlarla dollar məbləğində yardımı kəsə bilər. Bunu isə Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Xəlilzad aprelin 27-də deyib.

Bəzi senatorlar da əfqan və qadın və qızların hüquqları qorunmasa yardıma qarşı çıxacaqlarını açıqlayıblar.

Taliban isə ötən aykı bəyanatında bildirib ki, qadınlar “düzgün islam hicabı geyinərək təhsildə, biznesdə, səhiyyədə və sosial sahələrdə cəmiyyətə xidmət edə biləcəklər”.

Ancaq mayın 4-də açıqlanmış hesabat bu vədlə bağlı şübhələri ortaya qoyur.

Hesabata görə, Talibanın xarici yardım və legitimlik əldə etmək arzusu “bir müddət onun davranışını məhdudlaşdıra bilər”, amma sonradan nəzarətini genişləndirməyə çalışacaq.

Sənəddə o da qeyd olunur ki, indi ölkədə mobil telefonların çoxluğu nəticəsində dünya “Talibanın aşırı davranışı”ndan daha tez xəbər tuta, onun fəaliyyətinə diqqətini artıra bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG