Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 23:00

Qarabağ müharibəsində yaralanan 405 hərbçiyə əlillik verilib


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev

“Vətən müharibəsində yaralanan 405 qaziyə əlillik verilib”.

Bunu aprelin 29-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Komitədə “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda dinləmə keçirilib.

Dinləmədə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, 6 komitənin sədrləri, müavinləri, deputatlar, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, əlaqədar qurumların təmsilçiləri iştirak ediblər.

Əlilliyə çıxma halları 50 faiz azalıb

Milli Məclisin mətbuat xidmətinin yaydığı məlumata görə, dinləmədə qeyd edilib ki, son 3 ildə saxta əlilliyin qarşısının alınması, ləğv edilməsi, ekspertiza işinin şəffaf və qanun çərçivəsində aparılması sahəsində ölkədə yaxşı nəticələr əldə edilib.

Habelə bildirildiyinə görə, aparılan məqsədyönlü fəaliyyət sayəsində ilkin əlilliyə çıxma halları 50 faiz azalaraq 26 min 326 nəfərdən 13 min 276 nəfərə enib.

Məlumata görə, dinləmədə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın və obyektivliyin təminatı vacibliyindən danışıb:

“Nazir deputatlara Vətən müharibəsində (İkinci Qarabağ müharibəsi) yaralanmış hərbçilərin əlilliklərinin qiymətləndirilməsi sahəsində görülən işlər barədə də ətraflı məlumat verib. Bildirib ki, artıq 405 qaziyə əlillik təyinatı aparılıb, proses davam edir. İndiyədək 17 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib, nazirliyin reabilitasiya müəssisələrində 105 qazi stasionar müalicə alır, 1200-dən çox qaziyə psixoloji xidmət göstərilib”.

Son vaxtlar İkinci Qarabağ müharibəsində yaralanan bəzi keçmiş hərbi quluqçular əlillik alınmasında sünü maneələrlə üzləşdiklərindən şikayətlənirdilər.

Xatırlatma

2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb.

Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Bü müharibədə Azərbaycanın 2900-ə yaxın hərbi quluqçusunun həlak olduğu bildirilib.Yaralıların dəqiq sayı açılanmayıb.

Müdafiə Nazirliyi 44 günlük müharibədən az sonra yalnız 1200 hərbi quluqçunun xəstəxanada müalicə aldığını bildirib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Şərhlər

XS
SM
MD
LG