Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 23:43

'Hüseyn Abdullayev kateterlə hərəkət edir'


H.Abdullayev

Vəkil Elçin Sadıqov dünən, aprelin 28-də Penitensıar Xidmətin Müalicə Müəssisəsində keçmiş deputat Hüseyn Abdullayevlə görüşüb. Onun verdiyi məlumata görə, H.Abdullayev müalicəni yetərsiz sayır: "Hüseyn Abdullayevin daxili orqanlarında, ürəyində problemlər olduğundan ciddi müalicə edilməlidir, amma qapalı müəssisədə bu, mümkün deyil".

E.Sadıqov daha sonra da deyib: "Hüseyn Abdullayev kateterlə hərəkət etməli olur (Kateter - boşluqlu üzv və orqanlara diaqnostik müayinə, müalicə məqsədilə yeridilmək üçün plastik, rezin ya silikon, şüşədən hazırlanmış müxtəlif ölçülü boru). Prostat vəzidə, ürəkdə problemlər var. Yüksək səviyyəli tibbi xidmət almasa, vəziyyəti daha da pisləşə bilər. Onun keçirdiyi aclıq aksiyasının da məlum mənfi təsiri olmaqdadır. Penitensiar Xidmət Hüseyn Abdullayevin ailəsinin göndərdiyi həkimlə görüşməsi üçün şərait yaratmalıdır".

Bu fikirlərə, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Xidmət, bir qayda olaraq, açıqlamalarında qeyd edir ki, cəzaçəkmə müəssisələrində heç bir məhbus ayrıseçkiliklə üzləşmir.

Həbsdə olan keçmiş deputat H.Abdullayev bu il aprelin 23-də müalicə müəssisəsinə yerləşdirilib. Onda vəkillərdən Cavad Cavadov H.Abdullayevin səhhətinin kəskin ağırlaşması ilə bağlı məlumat yaymışdı. Vəkilin dediyinə görə, H.Abdullayev həbsinə etiraz olaraq aprelin 12-də aclıq aksiyasına başlayıb və aprelin 17-də onu dayandırıb.

Xatırlatma

H.Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanaraq Azərbaycana gətirilib. İttihamda yazılıb ki, onun barəsində müxtəlif adamların şikayətləri əsasında cinayət işi başlanıb. H.Abdullayevə qarşı dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb. O, ittihamları rədd edir və onların qondarma olduğunu deyir. Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona 6 il həbs cəzası kəsilib.

Hələ 2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı H.Abdullayev ilə Ana Vətən Partiyasının sədri F.Ağamalı arasında qarşıdurma baş vermiş, hər iki deputat əlbəyaxa olmuşdu. Bu olaydan sonra H.Abdullayevin deputat mandatı əlindən alınmış və ardınca o, həbs olunmuşdu. Ancaq elə həmin il məhkəmə qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı.

O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

Həm də musiqi bəstələyən H.Abdullayevin 2013-cü ildə "Susma" adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu iddia edilmişdi. Azərbaycan rəsmiləri isə insanlara düşüncə və tənqidlərinə görə basqıların olması ilə bağlı deyilənləri qəbul etmirlər.

XS
SM
MD
LG