Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 18:34

Eldar Həsənovun sağlamlığına görə hökumət Strasburqa cavab verməlidir


Eldar Həsənov
Eldar Həsənov

Həbsdə olan keçmiş səfir Eldar Həsənovun sağlıq durumunun pisləşməsi ilə əlaqədar Avropa Məhkəməsindən Azərbaycan hökumətinə sorğu göndərilib. Məhkəmə Həsənovun hazırkı vəziyyəti, ona ehtiyacı olan tibbi yardımın göstərilib-göstərilməməsi kimi məsələlərlə əlaqədar suallara cavab istəyir. Hökumət qısa müddətdə bu cavabları Strasburqa göndərməlidir.

"Şəxsən mən utanıram ki..."

Sabiq səfirin vəkili Cavad Cavadov AzadlıqRadiosuna bildirib ki, müvəkkilinin həyatı təhlükə qarşısındadır. Onun təcili müalicəsi üçün ölkə daxilində müxtəlif dövlət orqanlarına ünvanladıqları müraciətlər, o cümlədən dövlət başçısına açıq məktub nəticəsiz qalıb. Bu üzdən məcbur olub Avropa İnsan Hüquqları Məhkəməsinə təcili tədbir görülməsi üçün Məhkəmənin Prosedur Qaydalarının 39-cu maddəsi əsasında ərizə göndəriblər. Həmin ərizə əsasında da Strasburqdan sorğu göndərilib.

"Təəssüf ki, Eldar Həsənovun səhhətindəki problemlərə adekvat tibbi yardım göstərilməsi məsələsinə Baş Prokurorluğun İstintaq İdarəsi biganə münasibət göstərir. Şəxsən mən utanıram ki, sadə, humanitar məsələləri ölkə daxilində hüquqi vasitələrlə həll etmək mümkün olmur. Ona görə Avropa Məhkəməsinə müraciət etməyə məcbur oluruq", – vəkil Cavadov belə deyir.

Müdafiəçi Strasburqa ərizəsində Həsənovun təcili əməliyyata ehtiyacı olduğunu vurğulayıb, onun özəl tibb müəssisəsində özünün etibar etdiyi həkim tərəfindən müayinə və müalicəsinə şərait yaradılması üçün kömək istəyib. Vəkilin sözlərinə görə, hələ həbsindən öncə onun üzərində cərrahiyyə əməliyyatı keçirilməsi planlaşdırılırdı: "Son altı ildə yeddi dəfə ağır əməliyyat keçirib...".

Həbs müddətinin uzadılacağı gözlənilir

Həsənov haqqında seçilmiş həbs-qətimkan tədbirinin müddəti başa çatmaq üzrədir. Vəkili deyir ki, onun işi üzrə istintaq yekunlaşmadığına görə həbs müddətinin yaxın günlərdə daha üç ay artırılması planlaşdırılır.

Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Təcridxanasında saxlanılır. Lakin onun işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Sabiq səfirin səhhətindəki problemlər əsas gətirilərək həbs-qətimkan tədbirinin dəyişdirilməsi, onun girov müqabilində, yaxud ev dustaqlığına buraxılması üçün bir neçə dəfə məhkəməyə müraciət olunsa da, "yox" deyilib.

Xatırlatma

1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə 12 il Rumıniyada, 2013-cü ildən də Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri olan Eldar Həsənov avqustun 13-də saxlanılıb. O, DTX-da istintaqı aparılan Xarici İşlər Nazirliyi əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb. Ona qarşı CM-in 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 7 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Həsənov ittihamları qəbul etmir və özünü təqsirli bilmir. Vəkili deyir ki, o, qanunsuzluğa və ədalətsizliyə etiraz olaraq istintaqda ifadə verməkdən də imtina edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG