Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Ukraynada Pasxa atəşkəsini razılaşdıra bilmədilər


Ukraynalı hərbçi Mariupol şəhəri yaxınlığında, 26 aprel, 2021-ci il
Ukraynalı hərbçi Mariupol şəhəri yaxınlığında, 26 aprel, 2021-ci il

“Pasxa atəşkəsi” üzrə altı saatlıq danışıqlar “konstruktiv” keçib, amma yekun mətni razılaşdırmaq mümkün olmayıb

Ukraynanın şərqində bu həftəsonuna düşən Pravoslav Pasxası öncəsi atəşkəsi razılaşdırmaq alınmayıb.

Ötən iyuldan qüvvədə olan atəşkəs bu ilin əvvəlindən daha çox pozulmağa başlayıb, hökumət qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında ölümcül toqquşmalar artıb. 2014-cü ilin aprelindən münaqişədə 13 mindən çox öldürülən olub.

Altı saatlıq danışıqlar “konstruktiv” keçib

Son həftələr Rusiyanın Ukrayna ilə sərhədə və ilhaq etdiyi Krıma qoşun yığması münaqişənin qızışacağı sarıdan əndişələri artırıb. Moskva ötən həftə bəyan etdi ki, qoşunlarının azı bir hissəsini geri çəkməyə başlayıb.

Ukrayna, Rusiya və ATƏT-in təmsil olunduğu üçtərəfli kontakt qrupu atəşkəsə “sadiq qaldıqlarını vurğulayıblar”, ATƏT-in fəaliyyətdə olan sədrinin Ukraynadakı xüsusi təmsilçisi Heidi Qrau aprelin 29-da deyib.

“Ancaq təəssüf ki, qrupun atəşkəs pozuntularına və onların gələcəkdə aradan qaldırılmasına reaksiya verməklə bağlı bəyanatı üzrə razılaşma əldə olunmayıb”, – o bildirib.

“İnterfaks-Ukrayna” agentliyi Ukrayna nümayəndə heyətinin sözçüsü Oleksiy Arestoviçə istinadla xəbər verir ki, “Pasxa atəşkəsi” üzrə altı saatlıq danışıqlar “konstruktiv” keçib, amma yekun mətni razılaşdırmaq mümkün olmayıb.

Rusiya Ukraynanı ittiham edir

Rusiyanın təmsilçisi Boris Qrızlov Ukrayna tərəfini ittiham edib. Onun “İnterfaks”a deməsinə görə, Kiyev Rusiyanın atəşkəsin “pozulmasını önləyəcək spesifik mexanizmlərlə bağlı Rusiyanın təkliflərini bloklayıb”.

Pravoslav Pasxası mayın 1-nə düşür.

2021-ci ilin əvvəlindən 30-dan çox ukraynalı əsgər öldürülüb, ötən il bu rəqəm 50 olmuşdu. Separatçılar da azı 20 döyüşçünün öldürüldüyünü bildirirlər.

Qrau qeyd edib ki, ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyası “yüksək səviyyədə” atəşkəs pozuntularını qeydə almaqdadır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG